Elçibəyin Kələkiyə getməsinin sensasion səbəbi - "Uçitel nas obmanul!"

12-06-2017, 00:06           
Elçibəyin Kələkiyə getməsinin sensasion səbəbi - "Uçitel nas obmanul!"
"AXC-nin içində olanlar yaxşı bilirlər ki, Tofiq Qasımov heç də Elçi Bəyi sevən adam deyildi"


Siyasi şərhçi Aqil Səmədbəyli ADP sədri Sərdar Cəlaloğlunun 4 iyun qiyamı ilə bağlı səsləndirdiyi ilginc iddialara (Həmin iddiaları bu linkə tıklamaqla oxuya bilərsiniz--- moderator.az/news/140419.html) Moderator.az-da münasibət bildirib:

"Sərdar Cəlaloğlu Azərbaycan siyasətçiləri arasında ən çox mütaliə edənlərden biridir. Eyni zamanda ən cəsarətli siyasətçilərdən sayıram Sərdar bəyi. Ancaq çox təəssüf edirəm ki, Sərdar bəy açıq danışmır - onu qiyamda iştiraka dəvət edən partiya sədri kimdir, açıqlamır. Ancaq bu mütləq bilinməlidir - Xalqımız 4 iyun qiyamı nəticəsində bütün sərvətlərinin əlindən alınıb zəlil günə salınmasının iştirakçılarının hamısını tanımalıdır.

Onsuz da bunların hamısı zamanla ortaya çıxacaq. AXC-nin içində olanlar yaxşı bilirlər ki, Tofiq Qasımov heç də Elçi Bəyi sevən adam deyildi. Bunun səbəblərindən biri də Azərbaycandakı xəstə yerliçilik təfəkkürüdür. Nə yazıq ki, Sovet dövründə Azərbaycanda bu xəstəlik kifayət qədər inkişaf etdirilib. Bu xəstəlik yalnız Elçi Bəy dönəmində aradan qalxmışdı. Elçi Bəy kadrlara haradan olmağına görə qiymət və vəzifə vermirdi. Hətta Naxçıvanlıların və Qərbi Azərbaycanlıların Elçi Bəy dönəminde iqtidarda çox az sayda təmsil olunması da Onun devrilmə səbəblərinden biri kimi göstərilir. Tofiq Qasımov devrimdən və həbsdən xeyli sonra bir müddət Ankarada yaşadı. Orda da Elçi Bəy haqqında ağzına gələni danışırdı. Buna son vermək üçün dostum Raqiblə Ankaraya getdik - onu ''görməyə''. Doğal olaraq görüşdən qaçdı. Telefonda Raqib ona yaxşıca xəbərdarlıq etdi. Bundan sonra Tofiq Qasımov susdu.

Hakimiyyətin devrilmə səbəbi kimi hamı daxili problemleri qabardır. Bu tamam yanlış yanaşmadır. Əsas səbəb qətiyyən bunlar deyil. İnanın ki, Elçi Bəy komandası gerçəkdən monolit olsaydı da devriləcəkdi. Səbəbi də NEFT idi. 20-ci əsrdə ən azı 15 dəfə çevrilişə, milyonlarla insanın qanının axmasına səbəb olan NEFT. Məsələnin bütün mahiyyəti burda gizlidir. Bircə şeyə diqqətinizi çəkirəm: Elçi Bəy iqtidarda olanda Azərbaycanın payı 51% idi. ARDNŞ də əsas söz sahibiydi. Elçi Bəy devrildikdən sonra Azərbaycan NEFT üzərindəki söz haqqını itirdi. ABƏŞ quruldu və söz sahibi İngiltərə ile Amerika oldu. Rusiyaya da bizim payımızdan 10 faiz verildi. Devrimin bütün səbəbi budur. Əger Elçi Bəy iqtidarda qalmaq üçün dirənsəydi, Azərbaycan təkrar parçalanacaqdı. Bunun üçün ssenari hazırlanmışdı. Ruslar Elçi Bəyin iqtidardan rahat çəkiləcəyini hesab etməmişdilər - plan yaparkən. Onlar Sovet İmperiyasına qarşı savaş bayrağı açan birinin, rus ordusunu Azərbaycandan çıxaracaq qədər cəsarət göstərən birinin iqtidar üçün savaşacağını düşünürdülər. Hesabları da buydu ki, bu təqdirdə Gəncədəki ''Birlik'' Sürət Hüseynovun şəxsində rusları Azərbaycana dəvət edəcək və onlar da ''barışcıl'' məqsədlə təkrar ölkəmizi ''xoşbəxt'' edəcəklər. Bu planı Moskvadakı güvənilir qaynaqlar Elçi Bəyə çatdırmışdılar. Bəy Kələkiyə getdikdən sonra rus mətbuatı yazırdı: 'Uçitel nas obmanul!'' Onlar Elçi Bəyə "Uçitel" deyirdilər öz aralarında.

Bu gün Suriyaya, İraqa, Yəmənə, Liviyaya baxıb hər gün Elçi Bəyə minnətdar olmalıyıq. O hakimiyyətə gəlməsi ilə də, getməsi ilə də Azərbaycana xidmet etdi. Dövlətçilik şüurumuz inkişaf etdikcə Elçi Bəyi daha yaxşı anlayacağıq. Hələ devrimlə bağlı bilinməyən xeyli gerçəklər var. Yaxın zamanda onlar da məlum olacaq. Devrimin iştirakçısı və planlayıcısı olan daxili və xarici güclərin kimlər olduğu tam olaraq bəlli olacaq".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.