GÜCLÜ PUTİNİN ARXASINDAKI ZƏİF RUSİYA – O, Rusiyanı dirçəldə bilərmi?
17-06-2017, 09:10
6 mart 2017-ci il tarixində hökumət əleyhinə kütləvi etiraz dalğası bütün Rusiyanı bürümüşdü. On minlərlə insan korrupsiyaya etiraz əlaməti olaraq küçələrə çıxmışdı. Onlar baş nazir Dmitri Medvedyevin tutduğu vəzifədən uzaqlaşdırılmasını tələb edirdilər. Etirazlarda iştirak edənlərin sayı barəsində verilən rəsmi və qeyri-rəsmi məlumatların bir-birindən kəskin şəkildə fərqlənməsinə baxmayaraq, nümayişlər ümumdövlət xarakteri almışdı.
Belə demək olar ki, bu mitinqlər son illərin ən iri miqyaslı etiraz aksiyası idi. Hamıya yaxşı bəllidir ki, etirazların Medvedyevə qarşı olmasına baxmayaraq, Rusiyanın əsl lideri Putindir. İndiki baş nazir isə, yalnız onun kölgəsidir.
Artıq bəzi ölkələrdə Putinin şəxsiyyətinə pərəstiş yaranıb. Rusiya liderinin xarizması, möhkəm xarakteri var və o düşmənlərə qarşı amansız münasibət bəsləyir, dövlətin maraqlarını qorumaq və müdafiə etməyi bacarır. Hətta ABŞ prezidenti Donald Tramp açıq şəkildə ona heyran olduğunu söyləyib və o, Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasına ümid bəsləyır.
Putin Rusiyası ilk baxışdan siyasi sabit dövlət kimi görünür. Keçən il Dövlət Dumasına seçkilər zamanı hakim “Vahid Rusiya” partiyası 450 yerdən 343-ünü qazanıb, yerli səviyyələrdə isə aparıcı partiya demək olar ki, bütün yerləri götürüb. Başqa sözlə, Putin ölkədəki siyasi hakimiyyəti öz əlində möhkəm saxlayaraq, müxalifətin təsirini minimuma endirib.
Rusiya cəmiyyətinin demokratikləşmə yoluna çıxdığı ilk vaxtlardan Qərb ölkələrinin dövlətin daxili işlərinə qarışması onları narahat edirdi. Putin hakimiyyətə gəldikdən sonra müxalifəti sıxışdıraraq, Qərbin ölkənin daxili işlərinə qarışmasının qarşısını almaq üçün böyük səy göstərib. Putin, eyni zamanda bu illər ərzində əhali içərisində vətənpərvərlik səviyyəsinin yüksəldilməsi üçün bir sıra tədbirlər həyata keçirib. Bir tərəfdən ruslar arasında öz ölkələrinin böyük dövlət olması haqqında təsəvvür formalaşdırılır, digər tərəfdən bu tədbirlər Qərbin ittiham edilməsi fonunda baş verib. Bu gün Rusiya əhalisinin böyük əksəriyyəti hesab edir ki, ölkə öz inkişaf yoluyla getməli və düşüncəsiz şəkildə Qərb modelini köçürməməlidir.
Sovet İttifaqı dövründə hərbi-sənaye kompleksi çox inkişaf etmişdi. Hazırda Sovet İttifaqının mirası sayəsində Rusiya güclü hərbi potensiala yiyələnib. SSRİ-nin dağılmasından sonra dövlətin hərbi qüdrəti də zəifləməyə başladı. Çökmə, hərbi sferanın maliyyələşdirilməsinin azaldılmasında da özünü büruzə verdi, lakin buna baxmayaraq, Rusiyadakı texniki təchizat yüksək səviyyədə qalmaqdadır. Putin sayəsində Rusiya ordusu dirçəldi, ordunun yenidən təşkili və maliyyələşdirilməsi bərpa olundu. Son illər Rusiya ordusu Ukrayna və Suriyada öz döyüş qabiliyyətini uğurlu şəkildə nümayiş etdirir.
O ki qaldı zəif iqtisadiyyata, bir çox Qərb ekspertləri hesab edirlər ki, Rusiya iqtisadiyyatı dağılma ərəfəsindədir, amma bununla razılaşmamaq olar. Vladimir Putinin birinci prezidentlik müddətində daxili iqtisadiyyat aktiv inkşaf edərək, kifayət qədər iqtisadi böyümə göstərdi. Doğrudur, son bir neçə ildə Rusiya iqtisadiyyatı çox böyük çətinliklərələ üzləşib, amma o dağılmayıb. Həm də rus xalqı çətinliyə uyğunlaşıb və tamamilə anlayır ki, indiki vəziyyət bir neçə faktordan asılıdır. Bu faktorlar içərisində beynəlxalq vəziyyətin dəyişilməsi, neftin qiymətinin aşağı düşməsi və həmçinin Qərbin tətbiq etdiyi sanksiyalar var.
Lakin səthi nailiyyətlərə söykənməklə, Rusiyanın dirçəldilməsi üçün lazım olan bazanın əsasını qoymaq müşkül məsələdir.
Hesab edilir ki, Putin Rusiyanın ən ağır dövründə hakimiyyətə gəlib. İndi elə gəlir ki, çətinliklər arxada qalıb və Rusiyanın dirçəldilməsi şansları var. Lakin əldə olunmuş səthi nəticələr, ölkənin dirçəldilməsi üçün əsas ola bilməz.
Ən mühüm məsələ səmərəli dövlət aparatının formalaşdırılmasıdır. Güclü rəhbərin hakimiyyətə gəlməsi, adətən güclü dövlətin meydana gəlməsinə yol açır. Çünki yeni səmərəli sistem öz başına peyda ola bilməz. Onun formalaşdırılması həmişə güclü rəhbər tələb edir. Amma iş ondadır ki, hakimiyyətdə güclü liderin peyda olması, heç də həmişə səmərəli dövlət aparatının formalaşdırılmasına gətirib çıxarmır. Məsələn, nə vaxt ki, lider hakimiyyəti öz şəxsi ambisyalarını həyata keçirmək üçün istifadə edir, onda tədrici çöküş başlayır.
Bu gün Rusiya məhz bu problemlə qarşılaşıb. Putinin avtoritetinin dünyada bərabəri yoxdur. Amma eyni zamanda da Rusiya çox zəif dövlətdir. İnsanlar dəyişilib, lakin rus mədəniyyəti dəyişilməz qalıb. Dövlət quruluşu dəyişilsə də, onun mahiyyəti dəyişməyib. Rusiya əhəmiyyətli dərəcədə Sovet İttifaqı kimi qalmaqdadır. Putin SSRİ-nin müqəddəratından qaça biləcəkmi? Bunu zaman göstərəcək.
Yeltsin dövründə Rusiyada tipik oliqarxiya quruluşu yaranmışdı. Oliqarxlar hakimiyyəti zəbt etdilər və onlar nəinki ölkənin iqtisadi resurslarına yiyələndilər, eyni zamanda Rusiyanın daxili siyasi həyatında da iştirak etməyə başladılar. Ən mühümü odur ki, həmin oliqarxlar dövlətin maraqları naminə deyil, Qərbin maraqları naminə fəaliyyət göstərirdilər.
- Oliqarxiyanı oliqopoliya ilə əvəzlədilər!
2000-ci ildə Putin hakimiyyətə gəldiyi zaman ilk növbədə elitada təmizlik apardı. Onlar siyasətdən getməli oldular. Çox güclü siyasi təzyiq altında olanların əksəriyyəti xaricə qaçdılar, bəzilərini isə həbsə saldılar. Amma Putinin planında oliqarxiyanı məhv etmək yoxdu, əksinə, o, əvvəlki oliqarxiyanı oliqopoliya (iqtisadiyyatın az sayda şirkətlərin əlində cəmləşməsi) ilə əvəzlədi. Beləliklə, Putin dövründə hakimiyyətə loyal münasibət göstərən varlı adamlar yeni oliqopoliya yaratdılar.
Bütün bu müddət ərzində Putin iqtisadi sistemi dəyişmədi. Əvvəlki kimi Rusiya iqtisadiyyatında oliqarxiya elementləri qamaqdadır. Hətta indiki anda da Rusiya iqtisadiyyatı inhisarçı xarakter daşıyır və burada xammal sektorunun payı çoxdur. Digər tərəfdən isə orta və kiçik biznesin inkişafı üçün tələb olunan əlverişli mühit çatışmır.
Avropa ölkələrində orta və kiçik biznesin Ümumi Daxili Məhsuldakı payı, təxminən 40% təşkil etdiyi halda, bu göstərici Rusiyada 15% -ə yaxındır. Bu cür zəngin təbii resurslara malik Rusiyanın öz iqtisadi vəziyyətini yaxşılaşdıra bilməməsi Çin vətəndaşları üçün ağlasığmaz gəlir. Deyirlər ki, Çin əyalətlərinin başçıları öz problemlərini həll edə bilir, amma nəyə görə Putin bunu bacarmır?
Rusiyada orta və kiçik biznes inkişaf etməyib. Nəyə görə? İqtisadiyyatın oliqarxik quruluşu ilə yanaşı, ölkədə siyasi və ideoloji xüsusiyyətlər də hökm sürür. Nisbətən kiçik siyasi partiyalar orta və kiçik biznesin ikişafına çağırırlar, lakin hakim partiya onların hakimiyyət iddiasından şübhələndiyi üçün bu cür təşəbbüsləri boğur.
Putinin prezidentliyinin ilk dövründə iqtisadiyyat sürətlə inkişaf etdi. Xalq, nəhayət ki, irəliləyiş hiss edirdi. Bu ona görə baş verirdi ki, Rusiya iqtisadiyyatı Yeltsin zamanı çox pis vəziyyətdə idi. Hal-hazırda Rusiyadakı iqtisadi vəziyyət elə də pis deyil, ancaq gənc nəsil öz valideyinlərinin nə vaxtsa hiss etdikləri iqtisadi böyüməni görmürlər. Şübhəsiz ki, müxalifət mitinqlərinin başlıca səbəbi ölkədəki iqtisadi vəziyyətlə bağlıdır.
- Putin güclü dövlət yarada bilməz, lakin onu sındıra bilər!
Aydın olur ki, xarici siyasətdəki uğurlar, ölkənin daxili inkişafına yardımçı ola bilməz. O, yalnız neqativ nəticələr törədəcək. Putin seçim qarşısında dayanıb: Fəal xarici siyasəti davam etdirmək və özünə xalq dəstəyi təmin etmək. Belə olan halda Qərb Rusiyanın xarici siyasətinə qarşı cıxaraq, sanksiyaları davam etdirəcək. Deməli dairə qapanır.
Putin nə qədər fəal xarici siyasət yürüdərsə, onda onun xalq dəstəyi almaq ehtimalı da bir o qədər artar. Eyni zamanda da bu ona daxili problemlərdən yayınmağa imkan verər. Başqa sözlə desək, neçə ki, Putin sərt xarici siyasət hesabına kifayət qədər dəstək və hörmət qazanır onda ona xalq dəstəyi almaq üçün iqtisadiyyatın inkişaf etdirilməsi lazım deyil.
Ölkənin daxili inkişafı məsələsində sərt xarici siyasət aparılması heç də ən səmərəli metod sayılmır. Hazırda Rusiya ABŞ və Avropanın düşmənidir, izolyasiya şəraitində isə, ölkə iqtisadiyyatının inkişaf etdirilməsi daha da mürəkkəbləşir. Rusiya ilə münasibətləri yoluna qoymaq istiqamətində Tramp xeyli səy göstərsə də, amma heç nə əldə edə bilməyib. Əsas problem ondadır ki, Putin hakimiyyəti öz əlində saxlamaqdan ötrü hər şeyə hazırdır. Məsələn, Dmitri Medvedyevin prezidentliyi dövründə Putin baş nazir səlahiyyətlərini yerinə yetirdi və sonradan yenidən prezident oldu.
Putinin başlıca məqsədi dövlət sisteminin təkmilləşdirilməsi yox, öz hakimiyyətini qoruyub saxlamaqdır. Bunun nəticəsində də dövlət zəifləyir, Putinin avtoriteti isə qalxır. Qorbaçov və Yeltsin dövründə Rusiya islahat aparılması imkanını əldən verib, Putin də həmçinin, bu şansı buraxıb. Ümumi yekunda isə Vladimir Putinin arxasında zəif Rusiya dayanır. Əgər Putin irəlidə də ölkənin inkişafına deyil, öz hakimiyyətinin saxlanılmasına can atacaqsa, onda bunun axırı necə olacaq?
Putin Rusiyasında hələ də sovet keçmişinin qalıqları öz yerində qalır. Hakimiyyətin yüksək reytinqi Putinin siyasi fəaliyyətinin nəticəsi ilə deyil, onun şəxsiyyəti və xarizması ilə bağlıdır. Sovet dövründə hakimiyyətin reytinqi demək olar ki, 100% idi və heç kim ümumi yekunda Sovet İttifaqının dağılacağını təsəvvür edə bilməzdi.
Bəziləri düşünür ki, Rusiyanın bütün tarixi bu sözlərlə daha yaxşı ifadə olunur: “Ağır zamanlar güclü insanlar yetişdirir. Güclü insanlar isə yaxşı dövr yaradırlar. Yaxşı zamanlar zəif insanlar meydana gətirir. Zəif insanlar isə ağır zamanlar yaradırlar”.
Tarixin təkrarlanmaq xüsusiyyəti var və o, əvvəlkilərə nisbətən daha böyük bədbəxtliklər gətirir. Hələlik Putin hakimiyyətdədir və rus xalqı səbrli olmalı və Rusiya tarixinin bu dövrünün necə bitəcəyini müşahidə etməlidir.
(“Serious View” – Çin)