Kərəm Məmmədov: “İslam törəsində üç, yeddi, qırx mərasimi olmayıb, amma bu, türk törəsində var”
17-06-2017, 09:27
“Yəhudilik və xristianlıq Azərbaycana gəldikdən sonra qollara ayrıldı, çünki millət öz inancını dinə uyğunlaşdırandan sonra onu qəbul edib”
“Tarix elmində konsepsiyalar müxtəlifdir, bu da Azərbaycan tarixinə müxtəlif çalarlar verir. Mən deməzdim ki, bu, Azərbaycan tarixinə yeni baxışdır. Əslində, tarixə obyektiv və subyektiv baxış ola bilər. Təəssüf ki, bizim akademik dediyimiz elm vaxtilə SSRİ-nin, ondan əvvəl Çar Rusiyasının siyasətinə alət olub”. Bu fikirləri APA TV-də yayımlanan “Manşet” proqramının qonağı, tarix üzrə fəlsəfə doktoru Kərəm Məmmədov deyib.
O, müstəmləkə işğallarından sonra bütün humanitar elmlərdə Avropa mərkəzçilik meyllərinin olduğunu bildirib: “Yəni, istək Hind-Avropa dilli xalqları daha qədim elan etməkdir. Digər tərəfdən, Rusiya özünün müstəmləkələri içərisində qızıl üzüyün almaz qaşı olan Qafqazı kimdən aldı? Əlbəttə, türk dövlətlərindən. Bunun biri Qacarlar, o biri Osmanlı dövləti idi. Təbii ki, Rusiyanın tarix doktrinası da türkün burada siyasi yöndən, maddi cəhətdən sıxışdırılmasına, elmi cəhətdən isə gəlmə olmasını sübut etməyə xidmət etməli idi. Ona görə də bu cür konsepsiyalar yarandı. Lakin bu, o demək deyil ki, bütün tarix elmində hamı belə fikirləşir. Hətta Stalin rejimi illərində belə buna qarşı səsini çıxaranlar var idi və çox təəccüblü idi ki, o səsi çıxaranlar azərbaycanlı, etnik baxımdan türk deyildilər. Məsələn, Yampolskinin yaradıcılığının pik nöqtəsi Stalin dövrünə düşür, onun türklərin Azərbaycanda etnogenetik davamlılığı, kaspilərin türk olması haqqında məqalələri var”.
Tarixçi bildirib ki, bu elmin müxtəlif qolları var: “O müxtəlif qolların ortaq məxrəcə gəldiyi nöqtəni tapmalıyıq. Məsələn, bəşəriyyət yazı ilə 7 min ildi tanışdır, ancaq axı yazısız dövr də var. Əgər yazısız etnik mənşəni demək olmursa, antropoloji mənşəni demək olar. Antropologiya ilə Altay nəzəriyyəsi tamamilə bir-birinə zidd olan şeylərdir. Əgər Altay nəzəriyyəsinə inansaq, onda necə olur ki, türkcə danışan bugünkü azərbaycanlının antropologiyası ilə 6-8 min, 12 min bundan əvvəl bu torpaqda yaşamış azərbaycanlının antropologiyası ilə eynidir? O zaman belə versiya irəli sürülür ki, guya yerli əhali dilini dəyişib. Marks qeyd edir ki, "mədəni cəhətdən aşağı olan millət, həmişə mədəniyyəti yüksək olan mədəniyyət qarşısında, hətta onun ərazisini işğal etsə belə əriyib gedir". İndi bir tərəfdən deyirlər ki, türk mədəniyyətsizdir, barbardır. Onda necə olur ki, “min illərdən bəri mədəniyyət yaratmış xalqları”, bu “vəhşi, köçəri” türk gəldi, öz içində əritdi? Əksinə, əgər onlarda yüksək mədəniyyət var idisə, türklər əriməli idi. Əgər türkdə belə assimilyasiya qüdrəti var idisə, bu gün azsaylı xalqlar var - xınalıqlar, qırızlar - bunları da əridərdi. Əksinə, türklər getdiyi yerdə yerli xalqların dilini, mədəniyyətini qoruyub saxlayıb. Problem odur ki, biz bəzən bugünkü sərhədləri götürüb, bu sərhədləri toxunulmaz və dayanıqlı hesab edirik, lakin belə deyil”.
Kərəm Məmmədovun sözlərinə görə, bu gün gedən mübahisələrdən biri də etnosun tarixinin, yoxsa coğrafiyanın tarixinin öyrənilməsi ilə bağlıdır: “Bəzən biz tarixçilərdən birinci hansını öyrənməliyik deyə soruşurlar. Çox vaxt etnosla coğrafi məkan üst-üstə düşmür. Və yaxud bəzi coğrafi arealların keçmişdəki dövrü ilə indiki dövrü üst-üstə düşmür. Məsələn, Firdovsinin "Şahnaməsi"ni oxuyub, dərindən tədqiq etsək, məlum olur ki, müəllif İran deyəndə Xorasandan şərqdəki torpaqları nəzərdə tuturdu, yəni bugünkü İranın şərq hissəsini. Turan deyəndə isə o, Xorasandan qərbdəki torpaqları nəzərdə tutur. Yaxşı, bu torpaqlar haradır? Bu gün dünya linqvistikasında qəbul edilmiş Azərbaycan türkcəsinin iki böyük dialekti var: Xorasan və Qərb dialekti. Qərb dialektində biz danışırıq, Şərq dialektində isə Xorasanda, Özbəkistanda, Türkmənistanın cənub hissəsində yaşayan oğuzlar danışır. Diqqət edəndə görürük ki, coğrafiya nə qədər dəyişib, bu gün İran gəlib Arazın qırağına çıxıb, halbuki o vaxt elə deyildi. Alp Ər Tonqa Turanda basdırılmışdı, təbii ki, o, İran torpağında basdırıla bilməzdi”.
Tarixçi bildirib ki, bütün dünya tarix elmini çaşdıran və bizim üçün bəlalı olan məsələlərdən biri də Arminya məsələsidir: “Arminiya və Hayastan tamamilə fərqli məfhumlardır. Məsələn, bugünkü Bolqarıstanda yaşayan bolqarlar kimdir? Onlar ölkələrinə Bulqariya deyirlər, bulqarlar da qədim türk tayfasıdır. Böyük Bulqarıstan dağılandan sonra onların bir qismi xəzərlərin təzyiqi ilə şimala doğru, digər qismi isə Balkan yarımadasına endi və Bulqariya dövləti quruldu. Onların və indiki Bolqarıstanın gerbi eynidir. Çünki mənşə də eynidir. Amma bu gün biz Bolqarıstana türk dövləti deyə bilmərik. Soruşursunuz ki, bəs dil niyə dəyişilib? Din bəzən dilin dəyişməsinə təsir göstərir. Çünki ibadət dili məsələsi var. Bizim də dilimizə istər-istəməz ərəb dilindən sözlər keçib. Bolqarıstan türk tayfasının adıdır, amma etnos olaraq slavyandırlar. Məhz Arminiya da bunun kimidir. Bəli, Arminya adı qədimdən çəkilir, Dara dövründə də işlənib, amma Əhriməniyyə formasında. Əhrimən isə atəşpərəstlikdə şər qüvvə deməkdir”.
Kərəm Məmmədov Azərbaycan sözünün də izahı ilə bağlı çoxlu konsepsiyalar olduğunu vurğulayıb: “Bir versiya var, bu, fars-rus-erməni versiyasıdır. Guya, Atropatena, Adərbayqan, sonra döndü oldu Azərbaycan. Bir versiya türk versiyasıdır, bu, Oğuznamədə təsvir edilir. Bir də Tövrat versiyası var ki, Həzrəti İbrahimin atası Azər Midiyadan idi, onun şərəfinə sonradan bura Azərbaycan adlandı. İstənilən türk xalqının adlarının sonluğuna baxsaq, hamısında bir “ər” sözü var. As deyilən tayfa olub. Hətta versiya var ki, Asiya sözünün özü bu xalqın adından götürülüb. Bu yaxınlara qədər alanı-ası yəni, as alanlar deyilən xalq olub, hansı ki, sonradan onları İspaniyaya qədər sıxışdırıblar. Kim nə fikirləşirsə, fikirləşsin, Azərbaycan deyilən ərazidə türklər tarixən üstünlük təşkil etmiş etnosdur. Azərbaycan iki gəliş-gediş istiqamətinin üzərindədir. Yuxarıdan Xəzər dənizinin şimalı vasitəsilə, aşağıdan Gilan-Mazandaran istiqaməti ilə. Türklər də daima burada belə dövr ediblər. Adicə Azərbaycanın tərkib hissəsi olan Borçalının özündə türk xalqlarının filtrasiyası gedib. Burada qatlar var: ən qədim qat buntürkdür, sonra barsil, bulqar, suvar, xəzər, qıpçaq qatı və nəhayət oğuzlar. Bu o demək deyil ki, biz gəlməyik”.
Tarixçi elmi araşdırmalarda qədim mənbələrlə işləmək problemi olduğunu deyib: “Urmiyada bir yazı tapılmışdı, çox təəssüf ki, o yazı oxunmadı. Bugünkü İran İslam Respublikasının doktrinası buna imkan vermir. Bundan başqa Şimali Qafqazda nə qədər yazılar tapılıb, o cümlədən bizdə tapılan yazılar da var. Məsələn, Göyçədən bir ağsaqqal danışırdı ki, Zər kəndinə gələn erməni ekspedisiyası oradakı xaçlı daşların üstünü oxudu və dedi ki, bu da türkcədir. O, həbəş əlifbası ilə yazılıbmış, dili isə türk dili imiş, yəni erməni əlifbası deyilən əlifba uydurmadır, mifdir. Bu əlifba faktiki olaraq yüzdə 80 faiz həbəş əlifbasının surətidir. Xristian türklər o əlifbadan istifadə edib və həmin yazılar da türkcə idi. Çox təəssüf ki, tarixi yaratsaq da, onu yazmağı bacarmırıq, yaradanla da yazan bir-birinə sadiq qalmayanda həmişə problemlə üzləşir. Antropoloji, arxeoloji tədqiqatlar var, sadəcə bunu uzlaşdırmaq lazımdır”.
Tarixçi bildirib ki, hətta bəzən eyni söz müxtəlif xalqların dillərində eyni formada işlənər, amma tamamilə ayrı məna verə bilər: “Bu, o demək deyil ki, bu sözü kimsə kimdənsə götürüb. İnsanı təqdim edən birinci onun görünüşüdür, hər bir millətin etnik kimliyi onun antropologiyası, ikincisi isə məşğuliyyətidir. Kartvellərlə hayları götürək. "Türk mədəniyyətsizdir, gəlmədir, türk dünya mədəniyyətinin döşündən süd əmən parazitdir" kimi hər cür sözlər deyirlər. Amma gəlin maddi mədəniyyət nümunələrini müqayisə edək. Kartvellərin dilində əkinçi alətlərinin hamısı türk dilindədir, eyni şey haylara da aiddir”.
Kərəm Məmmədov bəzi tarixçilərin “Dədə Qorqud" dastanında xeyli saxtalaşdırmalar olduğu barədə iddiaları da cavablandırıb: “Dədə Qorqud ümumilikdə bütün türk törəsini özündə birləşdirmir. Orada saxtalaşdırma ondan ibarət ola bilər ki, "Dədə Qorqud" dastanının bəzi bölümləri 12-ci əsrə gətirib çıxarır. Amma dastanın əvvəlində yazılan sözlər onun pasportudur və bu sözlər göstərir ki, dastan 7-ci əsrə aiddir. Türklər islamı ona görə belə tez qəbul etdilər ki, öz inanclarını saxladılar. İslam törəsində 3, 7, 40 mərasimi yoxdur, amma qədim türk törəsində var. İstənilən millət istənilən dini qəbul edirsə, öz mentalitetini ona yükləyir, ondan sonra qəbul edir. Ona görə də müxtəlif dinlər Azərbaycana müxtəlif zamanlarda gəlib. Yəhudilik Azərbaycana gələnə qədər bir doktrinası var idi, sonra qollara ayrıldı. Xristianlıq da Azərbaycana gələndə qollara ayrıldı. Çünki bu millətin ruhunda özünün inanc sistemi var, yeni inancı da ona uyğunlaşdırır, özü ona uyğunlaşmır. Qızılbaşlıq da durduğu yerdən yaranmadı, xürrəmilikdən süzülüb gəldi. Xürrəmiliyin özü də türk inanclarına söykənir”.
Qonaq bildirib ki, tarixçilərin qarşı qədim, orta əsrlər tarixini müxtəlif terminlərlə, müxtəlif dövlətlərlə çox yükləndiyi barədə iddiaları da cavablandırıb: “Bəli, hətta Sovet dövründə belə etiraf eləməli oldular ki, Atropatenanın, Albaniyanın sərhədini Əbdül Şirazi çəkməyib. Belə təsəvvür yaranmışdı ki, əgər Azərbaycanın şimal hissəsi Rusiya tərəfindən işğal olunmuşdusa, bu, tarixən belə olub. Kiməsə haqq qazandırmaq xətrinə tarixi saxtalaşdırmaq olmaz. Elə şey var ki, saxlananda üzünə kif yığılır, elə şey də var ki, qaymaq çıxır. Tarix elmi isə belədir ki, qaymaq həmişə istər-istəməz üzə çıxır, biz üzə çıxanı öyrənməliyik. Yunan-latın mənbələrinin orijinalını oxuyanda mən elə faktlara rast gəlirəm ki, olduqca lazımlı faktlardır. Məsələn, deyir ki, suvarlar indiki Borçalı ərazisində yerləşəndə Makedoniyalı İsgəndər tərəfindən gətirilmiş iberlərlə yüz illik müharibələr aparıb. Bunları sadəcə araşdırıb üzə çıxartmaq lazımdır. Strabon yazmır ki, burda 26 dildə danışan tayfa var, yazır ki, 26 dialektdə danışan tayfa yaşayır”.
Kərəm Məmmədov sonda bildirib ki, tarixi şəxsiyyətlərin təsviri də siyasi məqsədlər baxımından saxtalaşdırılıb və həqiqətə uyğun gəlmir: “Mənim bir antropoloq kimi etirazım bir də onadır ki, Türkiyədə Attilanı yekə sifət, yekə baş, qıyıq gözlə təsvir edirlər. Attila xarici görünüş baxımından monqoloid olmayıb. Əmir Teymurun da boyu iki metr olub, sifəti ensiz olub, amma başqa cür təsvir edirlər. Axı, qıpcaqlar sarısaç, göygöz, ucaboylu, enli sifətdir, ancaq monqoloid deyillər”.
[media=https://www.youtube.com/watch?v=d13pHrx-pII]