ARİF RƏHİMZADƏ TƏNQİD HƏDƏFİNDƏDİR

20-06-2017, 08:33           
ARİF RƏHİMZADƏ TƏNQİD HƏDƏFİNDƏDİR
Dilavər Əzimli: “Sizin arzuladığınız köhnə SSRİ heç vaxt qurula bilməz. Biz Turana gedirik!”
Nizami Cəfərov: “Rus dilinin qarşısına sədd qoyulmasında heç kəs maraqlı deyil”

Sabir Rüstəmxanlı: "Kənar xalqların qoltuğuna sığınmaq kimi köhnə düşüncələrdən əl çəkmək lazımdır”

Milli Məclisin regional məsələlər komitəsinin sədri, YAP-ın Siyasi Şurasının və İdarə Heyətinin üzvü Arif Rəhimzadənin fikirləri növbəti dəfə ictimaiyyətdə ikrah doğurub. Deputat Azərbaycan xalqının dünyaya çıxışı üçün rus dilini ingilis dilindən daha vacib hesab etdiyini deyib. Onun məhz bu fikirləri də ictimaiyyət üzvləri tərəfindən birmənalı qarşılanmayıb. Əksəriyyət onun fikirlərinin əleyhinə çıxış edir.

İndiyə qədər rus dili ilə Avropa və dünyaya çıxdığımızı deyən A.Rəhimzadə bu dili kənara atıb, ingilis və digər xarici dillərə üstünlük verilməsinin əleyhinə olduğunu bildirib. YAP funksioneri fikirlərini bununla əsaslandırıb ki, Azərbaycan xalqı rus dilini ingilis və digər xarici dillərə nisbətən daha yaxşı bilir. Bundan sonra ingilis dilini öyrənmək üçün uzun zaman tələb olunduğunu vurğulayan Rəhimzadə bu müddət ərzində rus dili ilə çıxışın vacibliyini dolayısı ilə qeyd edib: "Biz indiyədək rus dili vasitəsilə Avropa və dünyaya çıxmışıq. Bəlkə də gələcəkdə hamımız rus dilini ingilis dili qədər bilərsək, o zaman bu dilə ehtiyac olmaz. Ancaq indi rus dilini atıb ingilis və ya digər xarici dillərə üstünlük vermək doğru deyil. Mən rus dilini ingilis dilindən o mənada üstün bilirəm ki, bu dili artıq Azərbaycan xalqı bilir. Ona görə də mən deyirəm ki, biz dünyaya daha çox rus dili vasitəsi ilə çıxmalıyıq. Təsəvvür edin ki, sabah rus dilini atıb, yerinə ingilis dilinə üstünlük verirsən. Bəs ingilis dilini öyrənmək və bununla dünyaya çıxmaq üçün nə qədər vaxt lazımdır? Bəs o zamana qədər nə edəcəksən? Hansı dillə dünyaya çıxacaqsan?”.

Onun söylədikləri birmənalı qarşılanmayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı,tarixçi Dilavər Əzimli özünün feysbuk vasitəsilə məsələyə bu cür münasibət bildirib:

"Bu Arif Rəhimzadəyə demək lazımdır ki, ya müsahibə verməsin, ya da ki, gedib evində otursun. Bu adam müsahibəsində özünün son dövr tarixindən xəbəri olmadığını ortaya qoyur: "Bu cür müsahibə ilə Azərbaycan dövlət maraqlarına da qarşı çıxır. Bu bəyəm bilmir ki, neçə yüz ildir ki, biz bu Rusiyanın zülmünü çəkmişik. Tarixi torpaqlarımızda qondarma erməni dövlətini məhz bu Rusiya yaradıb. Azərbaycan ərazilərinə erməniləri Rusiya köçürüb. O zaman bütün Qafqazda hakim dil türk dili olub. Rusiya buna qarşı bütün gücünü işə salıb ki, rus dilini inkişaf etdirsin. Bu adam tarix oxusaydı, bilərdi ki, çar Rusiyası dövründə bütün türklərə tatar kəlməsini işlədiblər. Elmi ədəbiyyatda isə türk sözünü yazıblar. Tatar da türk ifadəsini əvəzləyib. Bu adam bəyəm bilmir ki, məhz Rusiyanın, onun prezidenti Boris Yeltsinin birbaşa əmri ilə Xocalı soyqırımı baş verdi. Bu adam bilmir ki, altı rayonumuzu məhz Rusiyanın hesabına ermənilər işğal edib. Bu adam bilmir ki, Ermənistan Rusiyanın forpostudur. Bu adam bilmir ki, Rusiya olmasa, Azərbaycan ordusu üç günə İrəvan sərhədlərinə çıxa bilər. Bu gün Dağlıq Qarabağ məhz Rusiyanın hesabına erməni daşnaklarının əlindədir. Bu adam bilmir ki, artıq rus dili beynəlxalq statusunu itirib. Arif Rəhimzadə bu dildə yalnız Moskvada danışa bilər. Bəlkə biz bilmirik, Londonda, Vaşinqtonda, Parisdə və Berlində də bu dildə danışırlar? Bu adam iliyinə qədər beşinci kolonun üzvüdür və həsrətlə Rusiyanın XII ordusunun yolunu gözləyir. Hesab edirik ki, hər şeyi bilir. Həm də çox gözəl bilir. Bu adamın az yaşı yoxdur. Xəyalında Moskvanı görür. Elə buna görə də SSRİ-nin saxlanmasına səs verənlərdən biri olub. Amma onun kimilər bilməlidir ki, arzuları gerçəkləşə bilməz. Onun xoşlamadığı türkçülük sürətlə inkişaf edir. Tezliklə türk dili beynəlxalq status alacaq. Sizin arzuladığınız köhnə SSRİ heç vaxt qurula bilməz. Biz Turana gedirik! Eşidirsinizmi, Arif Rəhimzadə, TURANA, yalnız TURANA gedirik!”.

Millət vəkili isə Dilavər Əzimlinin fikirlərinə və sosial şəbəkələrdə onun Rusiyanın "beşinci kolon”unun üzvü olması haqqında səsləndirilən ittihamlara cavab verib və onun haqqında cəfəng ittihamlar səsləndirən digər şəxslərə də səhvə yol verdikləri mesajını çatdırıb:

"Bəs mən nə deməliyəm? Azərbaycan dünya tarixinə və ədəbiyyatına daxil olmaq üçün hansı yolla getməlidir? İngilis dilini öyrənməliyik? Ona demək lazımdır ki, ay bədbəxt, heç sən ingilis dilində yarım söz bilirsən? Bilmirsən! Yaxud da sənin uşaqların bilirmi? Ancaq Azərbaycan əhalisinin ən azı 30 faizi rus dilini bilir. İngilis dilini öyrənmək üçün bizə neçə illər lazımdır? Yoxsa özünü o qədər ağıllı hesab edirsən ki, daha sənə heç nə lazım deyil?”.

Millət vəkili, akademik Nizami Cəfərov isə "Şərq”ə açıqlamasında dillə bağlı aparılan müzakirələrin sadəcə subyektiv yanaşmalar olduğunu deyib. Onun sözlərinə görə, dil proseslərini şəxsi adamların iradəsi müəyyənləşdirmir. Dil dünyada gedən iqtisadi, ictimai-siyasi, ədəbi, qlobal proseslərlə idarə olunur:

"Hamı bilir ki, bu gün dünyanın ən aparıcı dili ingilis dilidir. Özünü az-çox dünyagörmüş ziyalı hesab edən insanların hər biri ingilis dilini öyrənir, övladlarına da öyrənməsini tövsiyə edir. Amma bu o demək deyil ki, biz hansısa dilin paralel olaraq işlədilməsinin əleyhinə çıxmalıyıq. Düzdür, rus dili uzun müddət bizim üçün əsas ünsiyyət vasitələrindən biri olub. Hətta bu dil türk xalqları arasında ümumi ünsiyyət vasitəsi hesab olunur. Biz qazaxlar, qırğızlar, tatarlar, altaylarla daha çox rus dilində danışırıq. Hər nə qədər Türkiyə türkcəsində danışmaqla öz dilimizi biri-birimizə təqdim etmək istəsək də, rus dilinə daha çox yer verilir. Ona görə də rus dilinin qarşısına sədd qoyulmasında heç kəs maraqlı deyil. Biz dünyanın ən böyük yazıçılarından olan Çingiz Aytmatovu, ən böyük şairlərindən olan Oljas Süleymenovu rus dilində oxuyuruq. O cümlədən də ingilis dilinin genişlənməsinin qarşısını almaq imkansızdır. Kimsə ingilis dilinin geniş yayılmasında maraqlı olmaya bilər, lakin bu, subyektiv yanaşmadır. Reallıq isə odur ki, dil proseslərini dünya özü tənzimləyir. Bu gün almanlar da, fransızlar da, ispanlar da beynəlxalq dil hesab olunan ingilis dilini öyrənmək məcburiyyətindədir. Rus dilini öyrənmək isə şəxslərin maraqlarından irəli gəlir”.

Xalq şairi Sabir Rüstəmxanlının yanaşması tam fərqlidir. Onun sözlərinə görə, dünyaya çıxmaq üçün rus və ingilis dillərindən kömək ummaqdansa, dünyaya öz dilimizlə çıxmağın yollarını düşünməliyik. Yəni hər bir xalq çalışmalıdır ki, dünyaya öz dili ilə çıxsın. O cümlədən də biz dilimizin imkanlarını genişləndirməliyik:

"Türk dilində danışanların, bu dili anlayanların sayı əslində rus dilini bilən, başa düşənlərdən az deyil. Təbii ki, dünyada hazırda formalaşan əsas ünsiyyət dili ingilis dilidir. Amma rus dilinin əhatə dairəsi getdikcə daralır. Xalqların oyanma prosesi arealı daha da məhdudlaşdıracaq. Amma Rusiyada vətəndaşlarımız yaşayırlar. Kim istəyirsə, rus və ingilis dillərini öyrənə bilər. Ancaq bununla yanaşı, dilləri qarşı-qarşıya qoymaq, Rusiyanın taleyimizdə daha ciddi rol oynadığını düşünmək, Kremlə daha çox bel bağlamaq doğru deyil. Bir faktı unudurlar ki, 1918-20-ci illərdə ruslar bolşevik düşüncəsi ilə ölkəmizə gəlmişdilər. XI Qızıl Ordunun gəlişi faciə olmamalı idi, amma oldu. Əgər indi Azərbaycan Rusiyaya meyillənsə, Kreml ölkəmizə yenə də bolşevik düşüncəsi, 1990-cı ilin yanvarındakı düşüncə ilə gələcək. Rus şovinizmi hazırda Rusiyada cövlan edir. Ona görə rus həvəskarlığı, rus sevdası ilə milləti ikinci sıraya atmaq kimi düşüncədən azad olmaq lazımdır. Dünyaya çıxışın hazırda çoxsaylı müxtəlif yolları var. Təkcə internet məsələsini önə çəkmək kifayət edir. Biz Azərbaycan türkləri 50 milyon olaraq, türk dünyasının böyük xalqlarındanıq. İngilis və fransız xalqları da təxminən bu qədərdir. Bu xalqın mədəniyyətini, dilini düşünmək lazımdır. Kənar xalqların qoltuğuna sığınmaq kimi köhnə düşüncələrdən əl çəkmək lazımdır”.
sherg.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.