Prezidentin hədəfinə gələn üç nazir - Qara siyahıda olanlar

14-07-2015, 11:03           

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çox sərt danışıb.

Prezident iclasda bir çox məsələlərlə bağlı problemləri sadalayıb və onların həll edilməsi üçün aidiyyəti üzrə tapşırıqlarını verib.

Ölkə başçısı xüsusi olaraq qeyd edib ki, Azərbaycanda sahibkarlığın inkişafı ilə bağlı problemlər hələ də aktualdır.

İlham Əliyev son günlər daha çox müzakirə mövzusuna çevrilən AZAL-da biletlərin qiymətlərinin bahalığı məsələsinə də toxunub. Bildirib ki, biletlər həddən artıq bahadır və bu məsələ tez bir zamanda nizama salınmalıdır.

Prezident eyni zamanda ölkədə fəaliyyət göstərən otellərdəki qiymətlərin xidmət səviyyəsinə uyğun gəlməməsini və bunun da turizmin inkişafına mənfi təsirini göstərdiyini də vurğulayıb.

İ.Əliyev Azərbaycanın Xarici İşlər Nazirliyinin fəaliyyətini də tənqid edib. Prezident bildirib ki, bundan sonra Azərbaycanın xarici siyasəti ölkələrin bizə qarşı münasibətinə adekvat qurulmalıdır.

İstiqlal.az xatırladır ki, xarici işlər naziri Elmar Məmmədyarovun prezidentin qara siyahısında yer alması barədə məlumatlar xeyli vaxtdır dolaşır. Bu baxımdan prezidentin XİN-in fəaliyyətin tənqid etməsi təbiidir. AzAL prezidentinin hədəfə gəlməsi isə gözlənilməzdir.


Bundan başqa, İlham Əliyev bəzi nazirliklərə sərt xəbərdarlıq edib.

Sahibkarlığın inkişafı barədə danışan prezident bir sıra hallarda sahibkarlara qarşı qanunsuz tələblərin irəli sürüldüyünü bildirib: "Tam qaydada, şəffaf şəkildə bizdə vergi vermək mədəniyyəti, əfsuslar olsun ki, formalaşmayıb. Dövlət qurumları vergiləri vaxtında verir, amma özəl qurumlar vermir. Mənə məlumatlar gəlir ki,Vergilər Nazirliyi özünü sərt aparır. Burada iki məsələni ayırmalıyıq. Nazirlik çalışmalıdır ki, vergilər qanuni şəkildə toplansın. Amma əsassız ödəmələr tələbi irəli sürülməməlidir. Sahibkar yalnız dövlətin pulunu verməlidir. Vəssalam. Bundan başqa heç kimə bir manat da verməməlidirlər.

Dövlət qurumlarına da göstəriş verirəm ki, əsassız tələb irəli sürməməlidirlər. Belə hallar var. Vergilər Nazirliyi, hüquq-mühafizə orqanları, icra hakimiyyətləri "haqq" qoyurlar, pay istəyirlər, "krışalıq” edirlər... Buna son qoyulmalıdır, yığışdırılmalıdır!”.

İstiqlal.az xatırladır ki, son dövlər Vergilər Nazirliyinin iş adamlarından əsassız ödəmələr tələb etməsi ilə bağlı xəbərlər intensivləşib. Hakimiyyət elitasında mövqeyini möhkəmləndirən vergilər naziri Fazil Məmmədovun işçiləri özəl sektorda növbədənkənar yoxlamalar keçirməsi, sahihbarlıq subyektlərinin işinə müdaxilə etməsi barədə məlumatlar var. Prezident çox güman ki, bu halları nəzərə alıb, vergilər naziri Fazil Məmmədova xəbərdarlıq edib.

Prezident müşavirədə onu da qeyd edib ki, otellərin baha olması ilə bağlı məlumatlar alır: "İndi Bakıda tanınmış brendlər fəaliyyət göstərir. Əlbəttə ki, onlar bütün dünyada fəaliyyət göstərir. İndi Bakıda otelləri şəbəkəsi ən mötəbər şəbəkədir. Onların öz qiymət siyasəti var. Biz buna o qədər də qarışa bilmərik. Ancaq beşulduzlu olmayan otellərin qiyməti niyə bahadır? Bölgələrdə, rayon yerlərində elə qiymət qoyurlar ki, heç adam oraya getmək istəmir. Yenə də deyirəm, burada bəlkə də buna çox sadə yanaşırlar ki, qiymətləri bazar tənzimləyir, əgər tələbat varsa, təklif də var, amma hər kəs gedə bilmir. Bizdə beşulduzlu otellərin sayı kifayət qədər çoxdur. Mən buna çox sevinirəm. Bu, ölkəmizin gücünü göstərir, bu, prestijdir. Yəni, ölkədə gedən proseslərin təzahürüdür. Əgər dünyanın aparıcı beşulduzlu brendləri Bakıdadırsa, demək Bakı buna layiqdir və onlar layiqdirlər ki, Bakıda olsunlar. Ancaq üçulduzlu otellər azdır, ikiulduzlu otellər yoxdur. O qədər də böyük maddi imkanlara malik olmayan ailələr istirahət edə bilmirlər. Budur reallıq. Azərbaycanda o qədər gözəl yerlər var ki, heç xaricə getmək lazım deyil. Dağlar, meşələr, dəniz, çaylar, göllər, xizək kurortu. Ona görə, bu üç məsələyə mütləq baxmaq lazımdır - vizalar, biletlərin, otellərin qiymətləri və üçulduzlu, ikiulduzlu otellərin tikintisi. Mədəniyyət və Turizm Nazirliyi də tövsiyələr versin və eyni zamanda, sahibkarlar da bunu eşitsinlər".

Bununla da prezident ötel biznesinə cavabdeh olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin işində razı qalmadığını dilə gətirib.

Beləliklə, prezidentin müşavirədə 3 nazir (xarici işlər naziri Elmar Məmmədyarov, vergilər naziri Fazil Məmmədov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev) və AzAL prezidenti Cahangir Hacıyevin fəaliyyətini kəskin tənqid edib. Görünən budur ki, bu məmurlar prezidentin qara siyahısına daxil edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.