Azərbaycanın SSSR-dən ayrıldığını elan edən Elmira Qafarovanın qızının acınacaqlı həyatı
14-07-2015, 15:39
Məni zorla ərə verdilər.
İllər ancaq gətirmir. Həm də aparır. Gəncliyi, mal-mülkü, şan-şöhrəti…
Heç nə əbədi deyil…
Femida.az parçalanmış həyatları, insan talelərindəki gözlənilməyən problemləri, sığortalanmamış ömürləri sizə təqdim edir.
Müsahibimiz bir zamanlar ölkənin idarəetməsində mühüm vəzifə daşıyan qadınlardan biri, Ali Sovetin sədri olmuş mərhum Elmira Qafarovanın qızıdır.
- Mən Qafarova İnayət Fuad qızı 1971- ci ildə Bakı şəhərində anadan olmuşam. Anam Qafarova Elmira Mikayıl qızıdır. Yəqin ki, onu tanıyırsınız. Azərbaycan Respublikasının Ali Sovetinin I sədri və 4 il Xarici İşlər naziri olub.Uşaqlıq illərim indiki sahil metrosunun yanında keçib. Evimiz orada, Polad Bülbüloğlunun evi ilə üzbəüz idi. Atam Qafarov Fuad tarixdən dərs deyirdi. Ailədə iki bacı, bir qardaş idik. Uşaqlığım çox şən keçib. Bu gün başıma gələnləri görəndə barışa bilmirəm həyatımla. Mən Mehdi Hüseyn adına 60 nömrəli məktəbdə oxumuşam. Sonra 8- ci sinifdən tibb texnikumuna getdim. Özüm ixtisasca tibb bacısıyam və bir müddət Qarayev xəstəxanasında, Semaşkoda işləmişəm. Başıma gələnlərdən sonra həyatım darmadağın oldu.
Nə baş verdi həyatınızda?
-Anam bildiyiniz kimi Ali Sovetinin I sədri olub. O, 1990- cı illərdə baş verən hadisələrin videoyazısını rəhbərliyə çatdırmaq üçün Moskvaya getmişdi. Həmin vaxt məni maşın vurmuşdu. Başımdan zədə almışdım. Ona görə də xəstəxanada yatırdım. Anamla bir yerdə Rəşid Behbudov da Moskvaya getmişdi. Həmin vaxt eşitdim ki, anamı və Rəşid Behbudovu Moskvada zəhərləyib öldürüblər. Bunu mənə qardaşım dedi. Bundan sonra həyatımda ağır illər başladı. Anamın vəfatından sonra xalam mənim başıma oyunlar gətirdi. Bizim “Sahil” metrosu tərəfdə evimiz var idi. Xalam evi əlinə keçirmək üçün məni Maştağada yerləşən psixi dispanserə saldırdı. Onda mənim 22 yaşım var idi. Mənim heç bir xəstəliyim yox idi. Orada mənə iynə vururdular. Bütün günü halsız vəziyyətdə qalırdım. Həyatımın ən pis illərini yaşamağa başladım. Sonra xalam Mərdəkanda olan bağ evimizi də satdı.Məni çox vaxt adamlardan gizlədirdilər.
- Bəs bu gün sizin qohumunuz, kömək edəcək yaxınınız yoxdur?
- Qardaşımın adı Qafarov Oqtay Fuad oğludur. O, da müstəntiq işləyirdi. Onun da həyatı faciəvi şəkildə sona çatdı. Anamı öldürdükdən sonra qardaşımı da qatarın altına atıb öldürdülər. Bundan sonra həyatda tək olduğumu anladım. Dəfələrlə istədim ki, özümü öldürüm. Ancaq, Allahdan qorxdum. Xalam keçən il dünyasını dəyişdi. Onun bir qızı var. Hazırda Həzi Aslanov tərəfdə yaşayır. Adı da Natalyadır. Amma əlaqəmiz yoxdur. Doğma bacım Gülnarə Parisdə yaşayır. İmkanı da yaxşıdır.Amma heç bir əlaqəm yoxdur. Atamı da qocalar evinə qoymuşdular. Mənə demişdilər ki, atam rəhmətə gedib. Ancaq keçən ay eşitdim ki, atam təzə rəhmətə gedib. Amma heç yeri tanımadığım üçün gedə bilmədim. Heç bilmirəm, atam harada dəfn olunub. Bu gün tam köməksizəm. Bundan istifadə edib başıma oyun gətirirlər. Elə günün bu günündə də.
Nədir, kimdir sizi bu gün narahat edən?
-Əsas problemim evimin olmamasıdır. Xalam evlərimizi satandan sonra küçələrdə qaldım. Bu gün Bayılda gördüyünüz bu evdə kirayə qalıram. Aylıq 130 manat ödəməliyəm. Ancaq ödəməyə imkanım çatmır. Özüm kafedə qabyuyan işləyirdim. İki aydır, işdən çıxmışam. İstirahət vermədikləri üçün işdən çıxdım. Bu gün də iş tapa bilmirəm. Firmalara demişəm, onlar da maaşın ilk 50 %-ni götürürlər. Ona görə evin pulunu verə bilmirəm, yeməyə də heç nəyim yoxdur. Elə qonşular, tanışlar gündə bir qab yemək verir. Amma iş olsa işləyərəm.
- Eşitdiyimizə görə sizin təqaüd kartınız oğurlanıb. İstərdim, buna aydınlıq gətirərdiz.
- Başqa gəlirim olmadığına görə, mənim ümidim aldığım o pula idi. Üç aydır ki, kartımda pul olmadığını gördüm. Hər dəfə gedirdim, pulu almağa görürüdüm ki, kartda pul yoxdur. Sonra qonşulardan kömək istədim, problemi aydınlaşdırmaq üçün Beynəlxalq Banka getdik. Mənimlə bir yerdə polis də getdi.Orada məlum oldu ki, kartımdan pulu internet vasitəsilə çıxarıblar. Kim edə bilər bunu? Bunu mənim tanışım edib. Amma polisə deməyə qorxdum. O, həmişə gəlib məndən pul alırdı. Deyirdi ki, vəziyyətim pisdi, kreditim var. Kartın da kodunu təkcə o bilirdi. Amma mən polisə deməyə qorxuram bunu. Adı da Camaldır.
-Bəs sizi ruhi xəstəxanadan kim çıxardı?
- Xalamın qızı var. O, evi adına sənədləşdirmək üçün məni xəstəxanadan çıxardı. Orada olanda xəbərim olmadan məni ərə vermişdilər. Bunu saxta yolla etmişdilər. Sonra iş prokurorluğa verildi. Onların məqsədi evi mənim əlimdən almaq olub. Ancaq mən həmin vaxt Məştağada xəstəxanada yatmışam.
-Mediada nə zamansa kimin qızı olduğunuz haqda danışmısınız?
-Yox, deməmişəm. Çünki, xalam deyirdi ki, bu haqda kiməsə desən səni öldürərlər. Ona görə də qorxurdum. İlk dəfədir ki, sizə dedim.
- Ananızı necə xatırlayırsız?
- Anam çox yaxşı insan idi. Bir az səsi dolu idi. Atam zarafatca deyərdi ki, sən danışanda elə bilirlər, evdə kişi sənsən. Xatirələrim çoxdur anam haqqında. Elə bilirəm, anam hələ də sağdır. Kaş, həyat belə olmazdı. Bir dəfə mən balaca olanda atam mənə it almışdı. İt çox böyük idi. Anam icazə vermirdi mən onunla oynamağa. Bütün günü ağladım. Axırda anam itlə oynamağıma razılıq verdi. Tez tez anam yuxuma girir. Məndən çox narahatdır. Anamın qəbri Fəxri Xiyabandadır. Darıxanda gedirəm qəbrinin üstünə. Orada anamla danışıram. Bilirəm ki, məndən çox narahatdır. Anam həyatdan nakam getdi.
- Ananız sağ olanda hansı tanınmış insanlar sizə gəlirdi?
- Mən o vaxt balaca idim.Yadıma gəlir ki, evimizə tanınmış adamlar gəlirdi. Bir dəfə Heydər Əliyev öz uşaqları ilə bizə gəlmişdi. O vaxt hamımız şən uşaq idik. Sonra Zeynəb Xanlarova bizə tez-tez gəlirdi. Anamla çox yaxın idi. Bəlkə, bu gün Zeynəb xanım mənə baxar və mənim səsimi eşidər. İndi onların köməyinə ehtiyacım böyükdür. Bircə evim olsa özüm işləyib dolana bilərəm. O vaxtı Bakıda hadisələr baş verəndə studiyanı partlatmışdılar. Ona görə çəkiliş Zeynəb xanımın evində olurdu. Bu yadıma gəlir.
- Bu gün kimlə, harada yaşayırsız?
- Mən ruhi xəstəxanada yatanda bir qızla tanış oldum. Adı İlonadır. O, da mənim kimi məcburi şəkildə ora salınmışdı. Biz orada tanış olduq. Xəstəxanadan çıxanda bir yerdə ev tutub yaşadıq. İndi də ikimiz kirayədə yaşayırıq. Belə çətindi bizə. Heç qaz, işıq, su pulunu ödəyə bilmirik. Ona görə qazımız gəlmir.
Sizin bu gün istəyiniz nədir?
İndi Ramazan ayıdır. İş yerləri bağlanıb. İnsanlardan kömək istəyirəm mənə işləməyə iş tapsınlar. Əsas problemim evdir. Bilirəm, dövlət başçımız insanlara kömək edir. Amma ona necə müraciət edəcəyimi bilmirəm. Burdan xahiş edirəm, anamın dostları və Prezidentimiz mənə köməklik etsin. İnanıram ki, mənə kömək edəcəklər.
[media=https://www.youtube.com/watch?v=9cPB-cvN3yg]