Böyük hökmdar Şah İsmayıl Xətainin doğum tarixidir
17-07-2017, 11:54
Azərbaycan hökmdarı, Səfəvilər dövlətinin banisi və ilk şahı, klassik Azərbaycan şairi Şah İsmayıl Xətainin anım tarixidir.
SalamNews-un məlumatına görə, Şah İsmayıl 1487-ci il iyul ayının 17-də (digər versiya ilə iyulun 23-də) Ərdəbil şəhərində anadan olub. Şeyx Səfiəddin nəslindəndir, atası Şeyx Heydər, anası Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı Aləmşah Həlimə bəyimdir.
1488-ci il iyulun 9-da atası Şeyx Heydər Tabasaranda Şahdağın ətəyində Şirvanşahın birləşmiş qüvvələri ilə qızılbaşlar arasında baş verən döyüşdə öldürüldükdən sonra Sultan Yaqub tərəfindən İsmayıl anası və qardaşları - Sultanəli və İbrahimlə birlikdə Şiraz yaxınlığındakı İstəxr qalasında beş il həbsdə saxlanılır.
Səfəvi dövləti kimi güclü bir dövlətin yaranması Osmanlı sultanlarını narahat edirdi. Şah İsmayıl da geniş əraziləri əhatə edən şiə dövləti qurmaq istəyirdi. Anadoludakı türklər İsmayıla rəğbət bəsləməklə kifayətlənmir, bölgəni geniş xalq üsyanları bürüyür. Osmanlı ərazisindəki narazı əhali kütləvi surətdə Səvəfi dövlətinə köçməyə başlayır.
Bütün bunlar Səvəfi ideologiyasının təkcə Şərqi Anadoluda deyil, Mərkəzi Anadoluda da böyük təsirə malik olduğunu göstərir.
Şah İsmayıl Xətai 36 yaşında həyatının, yaradıcılığının, arzularının ən qaynar çağında dünyadan köçür, lakin qısa ömrü ərzində gördüyü işlər ona ölməzlik qazandırır, onu Azərbaycan xalqının siyasi və mədəni tarixinin ən parlaq səhifələrindən birinin yaradıcısı kimi tanıtdırır.
Şah İsmayılın yüksək hərbi istedadı barədə Karl Marks yazır: "Səfəvilər xanədanının banisi Şah İsmayıl fateh idi. O, 14 illik hakimiyyəti dövründə 14 əyalət fəth etmişdi."
Şah ismayıl Xətai 1524-cü ildə vəfat edib. Nəşi Ərdəbilə gətirilərək, Şeyx Səfi məqbərəsində dəfn olunub.