Azərbaycanda ilk Masson təşkilatının yaranması — Rusların Bakıya hücumu və məğlubiyyəti

17-07-2017, 12:31           

XIX əsrdə İran dövlətinin Avropa ölkələri ilə diplomatik münasibətlərinin yaranmasında və inkişafında azərbaycanlı ictimai-siyasi xadimlərin mühüm rolu olmuşdur.
“Ölkə.Az” bu gün oxucularına Səfəvi və Qacarlar dövlətində yaşayan diplomatlar və Avropa ilə əlaqələrdən bəhs edəcək.

Xarici dövlətlərlə əlaqələrin əsaslı şəkildə qurulması ənənələri hələ XVI əsrin sonlarında, I Şah Abbas Səfəvi hakimiyyəti dövründə (1587-1629) yaranmağa başlamışdır. I Şah Abbas itirilmiş torpaqların taleyini Osmanlı İmperiyasının hücumlarını gözləyən xarici dövlətlərlə yaxınlaşmaq, onlarla diplomatik əlaqələri yaratmaq siyasətini həyata keçirməklə həll etmək qərarına gəlmişdi. Bu məqsədlə 1599-cu ildə I Şah Abbasın göstərişi ilə Avropanın səkkiz dövləti ilə: Almaniya, Roma, İspaniya, Fransa, Polşa, Venesiya, İngiltərə və Şotlandiya kimi dövlətlərlə əlaqələr yaratmaq üçün qızılbaşların Bayat elindən olan azərbaycanlı Oruc bəy (Don Juan adı ilə tanınmışdır) dədaxil olmaqla 20 nəfərdən ibarət səfir heyəti təşkil olunur. Bu missiyanın vəzifəsi Səfəvilər dövlətinin xarici siyasətinin məqsəd və vəzifələrini həyata keçirmək üçün həmin dövlətlərlə əlaqələr qurmaq idi.

Fətəli Şah Qacar hakimiyyəti dövründə də İran dövlətinin Avropa ilə qurulmağa başlayan diplomatik əlaqələri özünün yeni təzahürlərini göstərməyə başlayır. Bu əlaqələrdən istifadə etməklə Avropa eyni zamanda Şərqə daxil olmaq səyini artırırdı. Öz maraqlarına görə Fransa dövlətinin Fətəli Şah sarayına diqqəti daha artıq idi. I Napoleon Bonapart (1769-1821) Misiri işğal etdikdən və Avropanın bir sıra dövlətləri üzərində qələbə qazandıqdan sonra İngiltərə və Hindistanı zəbt eləmək üçün İran dövləti ilə yaxınlaşmaq və müqavilə bağlamaq qərarına gəldi. Fransız sərkərdə həmçinin İran dövlətini silahlandırmaqla, onu Hindistan üzərinə hücum etməyə hazırlamaq fikrində idi. Napoleon əvvəlcə özünün Jan Gevr adlı nümayəndəsini danışıq aparmaq və müqavilə bağlamaq üçün Fətəli Şah sarayına göndərdi.

Fransa dövləti bu zaman Rusiya dövləti ilə düşmən münasibətdə idi və İran da Rusiya ilə yaxşı münasibətdə olmadığından Fransa elçisini şadlıqla qarşıladı. İran alimi marağalı Məhəmmədhəsən xan Etimadüssəltənə “Miratül-buldani-Nasiri ” əsərində müxtəlif dövrlərdə Təbrizdə olmuş səyyah və diplomatlardan Jan Battisti Toverniye, Şardən, Coze Vayt, Kiner, Tankuva Flandin və Liklama Nijheltin, o cümlədən 1805-ci ildə I Napoleon tərəfindən İran sarayına göndərilmiş cənab Jan Gevrin səfərnaməsini fars dilinə tərcüməsini dərc edir. Uzun illər Şərqdə yaşamış və fars, ərəb, türk dillərini yaxşı bilən Jan Gevr Napoleonun tərcüməçisi kimi onunla Misirə getmiş, Şərq, o cümlədən İran tarixinə aid bir neçə tarixi, bədii əsər yazmışdır. 1806-cı ildə Fətəli Şah Mirzə Rza Qəzvini adlı diplomatı JanGevrlə birlikdə Fransaya, I Napoleon sarayına göndərir. Əvvəllər şahzadə Məhəmmədəli mirzənin məsləhətçisi olan Mirzə Rza təcrübəli, xarici ölkələrin adət-ənənələri ilə yaxından tanış olan bir şəxs idi və o, Fransa sarayında İran səfirliyinə təyin edildi. Mirzə Rza Qəzvininin Avstriyada İmperator Napoleonla görüşü baş tutduqdan sonra danışıqların nəticəsi olaraq fransız generalı Qardan 1807-ci ildə 70 nəfər zabit və mühəndis-müəllimlə və Mirzə Rza Qəzvini ilə birlikdə İrana gəldilər. İran dövləti həmin il Rizaiyyədən (Urmiya) olan Əsgərxan Əfşar Ürməvini Mirzə Rza Qəzvininin əvəzinə Fransa sarayına, diplomatik missiyasını icra etmək üçün göndərdi.

Fransadan gələn hərbçi və müəllimlər İranda və Azərbaycanda nizami ordunu təşkil etməyə başladılar. Əsgərxan 1224-cü ildə (1809) Parisdən qayıtdıqdan sonra Urmiyaya göndərildi. Beləliklə, Fətəli Şah 1807-ci ildə İran və Fransa dövlətləri arasında bağlanmış müqavilədən sonra Əsgərxan Əfşarı diplomatik missiyanı yerinə yetirmək üçün Napoleon sarayına göndərdi. Məlum olduğu kimi o, 1809-cu ilədək fəaliyyətini davam etdirdi. Əsgərxan Yrumi və yaxud Urməvi Urmiyada yaşayan əfşar tayfasının böyüklərindən idi. O, Fətəli şah Qacar dövrünün ordu komandirlərindən, görkəmli sərkərdələrindən biri kimi Bakının rus qoşunlarından müdafiəsində iştirak edib.

Rus generalı Sisianov 1805-ci ildə Qafqazın müxtəlif ərazilərinə daxil olaraq, İran dövləti ilə müharibə edən zaman İran ordusunu bu və ya digər cəbhədə məğlub etmək məqsədilə, bir neçə hərb gəmisini və əsgərini Gilana göndərmişdi və Pəhləvi limanı zəbt olunmuşdu. Lakin Gilan əhalisi rəşadət və mərdlik göstərərək ruslara xeyli itgi verdi və onlardan sağ qalanı öz gəmilərinə oturaraq, Bakı istiqamətinə yola düşdülər. Bakı hakimi Hüseynquluxan Gilandan qayıdan rusların Bakıyagirib, dağıntı, qırğın törədəcəklərindən ehtiyat edərək və bunu onlardan gözlədiyi üçün İran dövlətindən kömək istədi. Fətəli Şah da Əsgərxanı ordu ilə onun köməyinə göndərdi. Hüseynqulu xan uzaqgörənlik etmişdi. Ruslar Bakıya girmək istədikdə Hüseynquluxan və Əsgərxan ruslarla ağır döyüşə girdilər. Qafqazın digər hakimləri və xanları da Hüseynquluxana köməyə gəldikdə rus sərkərdələri qaçmağa məcbur oldular. Şeyx Əlixan, Surxay xanın oğlu Nuh bəy və başqaları kömək edən müttəfiqlər idilər.

Əsgər xan Parisdən 1809-cu ildə qayıtdıqda Abbas mirzə Naibüssəltənə tərəfindən Urmiya hakimi təyin olunmuşdu. Deyilənlərə görə Fətəli Şah Qacar hakimiyyətinin əvvəllərində İranda “Framason” təşkilatı yaranan vaxt Əsgər xan təşkilatın rəhbərlərindən biri olmuşdur. İranşünas alim, t.e.d. T.A. İbrahimov (Şahin) yazır ki, “Framason” XVIII əsrin əvvəllərində “Azad bənnalar” təşkilatı formasında İngiltərədə əmələ gəlmiş, sonralar başqa ölkələrə də yayılmışdır. (30, s. 13). Tarixi mənbələr göstərirki, Əsgər xan hələ 1807-1809-cu illərdə Fransada İran dövlətini təmsil edən vaxt “Framason” təşkilatının üzvü olmuşdur. Deməli, Əsgər xan iranlı olan ilk şəxsdir ki, bu təşkilata üzv olmuşdur. Bəziləri də Mirzə Saleh Şirazini hesab edirdilər. İranda ilk“Framasyon”cəmiyyətinin FətəliŞah dövründə 1800-cü ildə yarandığı barədə məlumat da vardır. Bəzi tarixçilər isə onun 1818-ci ildə Mirzə SalehŞ irazinin Londondan İrana qayıtdıqdan sonra yaratdığını yazırlar.

Yazıda Tahirə Həsənzadənin "XVIII-XIX əsrlərdə İranda yaşamış Azərbaycanlı ictimai-siyasi xadimlər" əsərindən istifadə edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.