Tikinti materialları bazarında qiymətlər “sökülür” - REPORTAJ, FOTOLAR

18-07-2017, 11:26           
Tikinti materialları bazarında qiymətlər “sökülür” - REPORTAJ, FOTOLAR
Sementin, qumun, dəmirin, divar kağızının və digər tikinti materiallarının qiyməti dəyişməz qalıb


Son aylar Bakıda inşaat sektorunda aktivlik müşahidə olunur. Ekspertlər bildirirlər ki, bu, həm mövsümü xarakter daşıyır, həm də iqtisadi faktorla əlaqəlidir. Belə ki, milli valyutanın məzənnəsində sabitlik davam etdikcə, bütün növ məhsulların qiymətində bir zamanlar start götürən bahalaşma dayanıb. Əksinə, bəzi sahələrdə son aylar ucuzlaşma müşahidə olunur. Nəzərə alsaq ki, tikinti sektoru iqtisadiyyat üçün önəmli sahədir, o zaman inşaatın canlanması dövlət üçün də faydalıdır.


Elə ölkə başçısı İlham Əliyev də Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında inşaat sektoru ilə bağlı fikirlərini bildirib. Prezident də vurğulayıb ki, inşaat sektorunun canlanması müşahidə olunur: "İndi Bakıda 100-dən çox hündürmərtəbəli bina tikilir. Qəzalı binaların yerində yeni binalar tikilir. Onların sayı 80-ə yaxındır. Bu, şəhərimizi daha da gözəlləşdirir, abadlaşdırır. Yararsız, qəzalı binalardan vətəndaşlar köçürülür. Müvəqqəti olaraq onlara kirayə pulu verilir".


Dövlət başçısı qeyd edib ki, Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə 29 bina tikilir. ““Ağ şəhər”də onlarla bina inşa olunub. Yəni bax, bu üç istiqamətdə artıq 100-dən çox binanın inşaat işləri aparılır. Əlbəttə ki, Bakının digər yerlərində, digər şəhərlərimizdə mənzil tikintisi geniş vüsət alıb, inşaat sektoru artıq bərpa edilir, canlanma var. Əlbəttə ki, bunun tikinti materialları sektoruna da müsbət təsiri var və olacaq. Mən iş adamlarına məsləhət görərdim ki, bu sahəyə daha da böyük diqqət yetirsinlər, sərmayə qoysunlar. Çünki bundan sonra inşaat işləri Azərbaycanda daha sürətlə aparılacaq, tikinti materiallarına böyük ehtiyac olacaq".


Tikinti bumunun başladığı ərəfədə tikinti materialları bazarında qiymətlər necədir?


“Yeni Müsavat”ın əməkdaşı olaraq tikinti materialları bazarında ümumi vəziyyəti öyrənməyə çalışdıq. Öyrəndik ki, Tarif Şurasının qərarı ilə “Aİ-92" markalı benzinin qiymətindəki artım bazara öz təsirini göstərməyib. Söhbət etdiyimiz satıcılar bildirdilər ki, qiymətlərdə artım yoxdur. Ancaq bunun belə davam edəcəyini də söyləməyə çətinlik çəkdilər. Satıcılar bildirdilər ki, hələ ki yeni mal gətirməyiblər. Yeni mal gətirən zaman nəqliyyat xərcləri artarsa, o zaman qiymətlərə yenidən baxacaqlar.


Hazırda bazarda taxtanın bir kubu 270 manata satılır. Daşlara gəlincə, tamet daşlarının qiymətində də heç bir bahalaşma yoxdur. Hazırda tamet daşlarının qiyməti 6-8 manat arasında dəyişir.


Mərmərlərdə də benzinin bahalaşmasından sonra qiymət artımı müşahidə olunmur. Hazırda ən ucuz mərmərin kvadratı 40 AZN-ə satılır.


Eləcə də sementin, qumun, dəmirin, divar kağızının və digər tikinti materiallarının qiyməti dəyişməz olaraq qalıb. Satıcılar bildirdilər ki, qiymətlərə əsasən manatın məzənnəsi təsir göstərir. Lakin ümumilikdə xırdavat mallarında son 5-6 ay ərzində 20 faiz artım olduğunu da öyrəndik.


Tikinti materialları bazarındakı vəziyyətlə bağlı “Yeni Müsavat”a danışan ekspert Nüsrət İbrahimov bir sıra faktlara toxundu. Ekspert bildirdi ki, qiymət artımı əsasən idxal olunan materiallara aiddir. Ölkədə istehsal olunan tikinti materiallarında isə qiymət bahalaşması çox cüzi müşahidə olunur:
“Əvvəla, onu qeyd edim ki, ötən ilin eyni dövrü ilə müqayisədə inşaat sahəsində aktivlik var. Həm hündürmərtəbəli yaşayış binaları, həm də qeyri-yaşayış binalarının inşasında artım nəzərə çarpır. Lakin ötən il bu sahədə geriləmə müşahidə edilirdi. Tikinti materialları bazarına gəlincə isə ötən 6 ay ərzində idxal edilən məhsulların qiymətlərində az da olsa artım var. Xüsusilə də artım ağac və dəmir məhsullarında müşahidə edilir. Yerli istehsalda isə qiymətlər dəyişməz olaraq qalıb. Bizim bu ayın əvvəli üçün apardığımız araşdırmaya görə, taxtanın bir kubunun qiyməti 270 manat olub. Həmçinin bizim bu ayın əvvəlinə olan statistikamıza görə, dəmirin 1 tonunun qiyməti 1140 manatdır”.


Ekspert bildirib ki, zaman keçdikdə yerli tikinti materialları tələbatı ödəyir: “Əvvəlki illərlə müqayisədə tikinti materiallarının böyük bir hissəsi artıq xaricdən alınmır. Onlar ölkə daxilində istehsal edilir. Təbii ki, elə materiallar da var ki, onlar bizdə yox səviyyəsindədir. Məsələn, polad, dəmir məhsullarının bir hissəsini özümüz istehsal etsək də, xüsusi təyinatlı dəmir məhsullarını daha çox Rusiya, Ukrayna kimi ölkələrdən idxal edirik. O cümlədən taxta məhsullarının da böyük əksəriyyətini Rusiyadan idxal edirik. Bunun da səbəbi odur ki, bizdə daxildə tələbatı ödəyəcək xammal bazası yoxdur. Lakin qeyd etdiyim kimi, inkişaf da az deyil. Məsələn, əvvəllər boya məhsullarını Türkiyədən, Macarıstandan, Çexiyadan idxal edirdik. İndi isə boyaların böyük bir hissəsi daxildə istehsal olunur və tələbat da daxili istehsalın hesabına ödənilir. Eyni zamanda daxili izolə materiallarını da qeyd edə bilərik”.


Əli RAİS,
Fotolar müəllifindir
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.