“General tanınmış oliqarxların həbsinə aydınlıq gətirdi” – AÇIQLAMA

15-07-2015, 16:34           
“General tanınmış oliqarxların həbsinə aydınlıq gətirdi” – AÇIQLAMA
“Daxili İşlər Nazirliyinin tabeliyində olan baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin rəisi polis generalı Seyfulla Əzimovla görüşdüm. Həmin müraciətləri şəxsən generala təqdim etdim”.

Bunu Hafta.az –a açıqlamasında İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin (İQAK) sədri Elçin Behbudov deyib. Hüquq müdafiəçisinin sözlərinə görə, monitorinqi keçirməkdə əsas məqsəd saxlanılan şəxslərin saxlanma şəraiti və onlara qarşı rəftar haqqında maraqlanmaq olub:

“Köməkçim Bəhman İmanovla birlikdə monitorinq keçirdik. Bu monitorinqdən sonra Daxili İşlər Nazirliyinin tabeliyində olan baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin rəisi polis generalı Seyfulla Əzimovla görüşdüm. Onu yaxın günlərdə general rütbəsi alması münasibəti ilə təbrik etdim. Bizə bir sıra müraciətlər daxil olmuşdu. Həmin müraciətləri generala təqdim etdim. O, da istintaq idarəsinin rəisini yanına dəvət etdi. Öz tapşırıqlarını verərək araşdırılması əmrini verdi. Həmçinin general tanınmış oliqarxların həbsinə də aydınlıq gətirdi. Bildirildi ki, həmin oliqarxların əksəriyyəti azad olunublar. Bəzilərinə isə cinayət işi açıldığını bildirdilər. Artıq onların Bakı İstintaq Təcridxanasına köçürüldüyünü də bizim diqqətimizə çatdırdılar”.

Elçin Behbudov digər idarələrdə keçirdiyi monitorinqlərdən də danışıb:

“Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində monitorinqi keçirməkdə əsas məqsədimiz saxlanılan şəxslərin saxlanma şəraiti və onlara qarşı rəftar haqqında maraqlanmaq idi. Orada doqquz nəfər şəxs saxlanılırdı. Aralarında tanınmışlar yox idi. Demək olar ki, hamısı 178 – ci, yəni dələduzluq maddəsi ilə həbs olunanlar idi. Həmin şəxslərində saxlanma şəraitlərindən elə bir şikayətləri olmadı”.

Hüquq müdafiəçisi on günlük monitorinqlərə ara verdiyini də bildirib:

“Sabahdan başlayaraq 10 gün monitorinqlərə ara verəcəyik. Çünki mən Nabrana istirahətə gedirəm. Qayıdandan sonra monitorinqləri davam etdirəcəyik. Müdafiə Nazirliyinin Xıdırlı qəsəbəsində yerləşən N saylı intizam batalyonuna baş çəkəcəyik. Şimal bölgəsinə, eləcə də Füzuliyə - Horadiz qəsəbəsinə gedəcəyik. Qarşıdakı səfər edəcəyimiz yerlər bu sadaladıqlarım müəssisələrdir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.