Nizami Cəfərova cavab:"Nizami Cəfərov yenə də milli kimliyimizi sual altında qoymuşdur"
20-08-2017, 20:10
Ilbər Ortaylının “Azəri” adının işlənməsinə qarşı verdiyi müsahibəyə münasibət bildirən Nizami Cəfərov yenə də milli kimliyimizi sual altında qoymuşdur. Hesab edirəm ki, onun bu münasibətini yazdığı kitablarda axtarmaq lazımdır. Bu adam bütün kitablarında milli kimliyimizi yalnız azərbaycanlı kimi təqdim etmiş və qondarma Azərbaycan milləti ifadəsini işlətmişdir. Başa düşürük ki, yazdıqlarından imtina etmək çox çətindir. Nizami Cəfərov Azərbaycan milləti adlı bir millətin formalaşmasını da gətirib müasir dövrə çıxarmışdır. Azəri ifadəsinə münasibət bildirən bu şəxs Bəkir Çobanzadəyə, Yusif Vəzir Çəmənzəminliyə istinad edir. Əslində, vəziyyətdən çıxmaq üçün yollar axtarır. Bundan başqa Azər ifadəsini işlədən mütəxəssislərin axtarışlarını da fərziyyə adlandırır. Qəribədir ki, Azəri ifadəsini qəbul edir, amma Azər ifadəsini fərziyyə adlandırır. Nizami Cəfərov tarixçi deyildir. Tarixçi olsaydı, bilərdi ki, bu gün tarix kitablarımıza düşən Azərbaycan sözünün etimologiyası düzgün izah edilmir. Hətta tələbələrimiz bu ifadənin düzgün olmadığı barədə iradlar bildirir və çıxarılmasını xahiş edirlər. Çünki bu ölkənin adı Atropatla bağlı ola bilməz. Azərbaycan Tanrıçılığın mərkəzi olmuşdur və Azər ifadəsi də Od, Günəş adını özündə əks etdirir. Bu daha doğru ola bilər. Əksinə, Azəri adı daha çox fərziyəyə bənzəyir. Bir də o zaman Bəkir Çobanzadə, Yusif Vəzir Çəmənzəminli bu ifadəni işlədə bilərdi. Buna etirazımız yoxdur. Amma bu ifadə o zaman milli kimliyi əks etdirə bilməzdi. Əks etdirsəydi, Azərbaycan Cümhuriyyəti dövründə milli kimlik Türk deyil, Azəri yazılardı. Azəri adı heç bir zaman milli kimliyimizi ifadə etməmişdir. Azəri sözü qondarma bir sözdür və bu gün fars şovinistlərinin xeyrinə işləyir. Ermənilər də bundan istifadə edib deyirlər ki, siz buranın yerli sakinləri deyilsiniz və Səlcuq türkləri sizləri türkləşdirmişdir. Yəni, biz ermənilər Qafqazın daimi sakinləri olmuşuq. Nizami müəllim buna nə deyirsiniz? İlbər Ortaylı Hocam düz demişdir, amma bir qədər ifadə tərzində səhvə yol vermişdir. Çünki Stalin azərbaycanlı ifadəsini tətbiq etdirmişdir. Bu da o zaman bizi Türkiyə türklüyündən ayırmağa xidmət edirdi. Bu mənada Stalin Türk dünyasına sarsıdıcı zərbə endirdi. İndi də Azərbaycanda öz milli kimliyini azərbaycanlı sayanlar Türk kimliyini qəbul etmirlər. Bu münasibət Orta Asiyada da bu cür davam edir. Azərbaycanlı milli kimliyi ifadə edə bilməz. Bu ifadə mənsubiyyət bildirir. Biz bəzən bunu işlədəndə bildirirlər ki, siz millətçilik edirsiniz, əsas olan vətəndaşlıqdır. Onlara izah edə bilmirik ki, dünyada alman kimliyi, ingilis kimliyi, fransız kimliyi və sairə vardır. Bəyəm onlar öz kimliklərindən imtina ediblər? Təbii ki, vətəndaş cəmiyyəti qurmağa nail olublar. Amma bir alman özünün alman kimliyi, ingilis ingilis kimliyi, fransız fransız kimliyi ilə fəxr edir. Bəz biz? Ağzımız aça bilmirik. Niyə? Nə üçün? Dünyada ədalət sisteminin ən böyük daşıyıcıları Türklər olmuşdur. Biz hansısa xalqın öz adından imtina etməsini istəmirik. Əkisinə, buna qarşıyıq. Bir talış, bir ləzgi, bir tat öz dilini bilmirsə, bu qəbuledilməzdir, daha doğrusu yaxşı hal deyildir. Bu dillərin inkişafında maraqlıyıq. Amma çoxluq Türklərdir, dövlət dili də Türk dilidir. Nizami müəllim, cavab verin, bu dil Türk dilidir, yoxsa Azərbaycan dili? Sizin kimi bir türkoloqun Azəri ifadəsini əsaslandırması başa düşülən deyildir. Sizə məsləhət görərdim ki, bununla bağlı vaxtilə Seyidağa Onullahinin fars şovinistlərinə yazdığı cavabı oxuyasınız. Onu da xatırladım ki, Seyidağa Onullahi Azərbaycanın Güneyindən idi və Azəri sözünün meydana gəlməsinin hansı məqsədlərdən ötəri ortaya atıldığını elmi ədəbiyyatlarla əsaslandırmışdır.
Dilavər Əzimli
teref.az