Heydər Əliyev Fondunun adından dələduzluq edən şəxslərin şikayəti əsasında məhkəmə başlayıb
9-12-2017, 10:51
Bakı Apellyasiya Məhkəməsində özünü Heydər Əliyev Fondunun əməkdaşı kimi təqdim edərək vətəndaşlara qarşı dələduzluqda təqsirləndirilən Elnur Fərzəliyev, Ceyhun Bədəlov, Rəşad Abbasov və Azad Fərzəliyevin barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
"Report"un xəbərinə görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası dekabrın 18-nə təyin edilib.
Qeyd edək ki, təqsirləndirilən Elnur Fərzəliyev digər şəxslərlə cinayət əlaqəsinə girərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə, 2016-cı ildə internet saytları vasitəsilə övladının müalicəsi ilə bağlı maddi yardım ayrılması üçün Heydər Əliyev Fonduna müraciət edən Fərhad Feyzullayevin mobil telefonuna zəng edərək özünü guya Heydər Əliyev Fondunun işçisi kimi təqdim edib. O, F.Feyzullayevin müalicəsi ilə bağlı dövlət tərəfindən ona 1500 manat ayrıldığını yalandan bildirib. Daha sonra E.Fərzəliyev həmin şəxsi aldadaraq əvvəlcədən rüsum ödənilməsi adı ilə 152 manat pulu poçt vasitəsilə tanışı İsmayıl Qurban oğlu İsmayılovun adına göndərməsinə inandırıb. F.Feyzullayev pulu həmin şəxsin hesabına göndərib.
Bundan başqa, E.Fərzəliyev və digərləri eyni əməllə I qrup əlil Rasim Şahməmmədovun 320 manat pulunu, Mahirə Mustafayevanın isə 160 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
Həmin şəxslər Cinayət Məcəlləsinin 178.2.1-ci (dələduzluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə), 29, 178.2.2-ci (dələduzluq etməyə cəhd, təkrar törədildikdə), maddələri ilə ittiham ediliblər. Həmçinin E.Fərzəliyevin barəsində bu maddələrdən əlavə 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, külli miqdarda törədildikdə) maddəsi də irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Fərzəliyev 8 il, C.Bədəlov 5 il, R.Abbasov 4 il müddətinə azadlıqdan məhrum edilib. A.Fərzəliyevin barəsində isə 2000 manat məbləğində cərimə cəzası kəsilib və o, məhkəmə iclası zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər.