S-400 müəmması: Türkiyə geri addım ata bilərmi?

15-12-2017, 10:38           
S-400 müəmması: Türkiyə geri addım ata bilərmi?
NATO-nun üzvü olan Türkiyənin ərazisində ikinci bir bazanın yerləşdirilməsi inandırıcı görünmür.

Bu sözləri Axar.az-a Türkiyə mətbuatında Rusiyanın S-400 razılaşması sayəsində Türkiyədən baza tələb edəcəyi ilə bağlı yer alan iddialara münasibət bildirən politoloq Arzu Nağıyev deyib. Ekspert S-400 razılaşması fonunda Rusiya ilə Türkiyə arasında ikinci bir baza müqaviləsinin mümkünlüyünü istisna edib:

“Rusiya ilə Türkiyə arasındakı S-400 razılaşması böyük bir müqavilədir. Hətta anlaşmada S-400-lərdən əlavə, birgə istehsal olunacaq S-400-lər məsələsi də yer almalı idi. Çünki birincisi, NATO üzvü olan Türkiyə tam şəkildə Rusiyanın silahlarını mənimsəməyə bilməz. Sözügedən silahlar NATO-nun standartlarına uyğun deyil. Yalnız bu yöndə razılıq əldə olunduqdan sonra bəzi məqamlara aydınlıq gətirmək mümkün olacaq. NATO-nun üzvü olan Türkiyənin ərazisində ikinci bir bazanın yerləşdirməsi inandırıcı görünmür. Sadəcə, S-400-lərin birgə buraxılışı ilə bağlı müəyyən mütəxəssislərdən istifadə edə bilər. İş orasındadır ki, rus hərbiçilərinin gəlib Türkiyədə S-400-lərin idarə edilməsi ilə məşğul olacağı da inandırıcı görünmür”.

Politoloq bildirib ki, razılaşma ilə bağlı əsas mübahisəli məqamlar ABŞ, NATO və digər dövlətlələ Türkiyə arasında danışıqlardan sonra baş tuta bilər:

“Hazırda Türkiyə və Rusiyanı bir-birinə daha sıx yaxınlaşdıran məhz hərbi layihələrdir. Bunlardan biri S-400 razılaşması, digəri isə nüvə reaktorları ilə bağlı Akkkuyu layihəsidir. Lakin danışıqlara baxmayaraq, müqavilələr hələ sona qədər yerinə yetirilməyib”.

Qeyd edək ki, Türkiyə mətbuatında Rusiyanın S-400-ləri göndərməzdən öncə Türkiyə ilə hərbi-texniki iş birliyi razılaşması imzalaya biləcəyi, müqavilə sayəsində Rusiyanın Türkiyədən baza tələb edəcəyini və bu bazanın 2019-cu ilə qədər yarana biləcəyi ilə bağlı məlumatlar gedib.

Bundan öncə Rusiya mətbuatı S-400-lərlə bağlı müqavilənin Putinin Türkiyəyə səfəri zamanı son anda imzalamaqdan imtina etdiyi haqqında informasiya yaymışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.