Nizaminin icra başçısı postu uğrunda amansız mübarizə gedir
20-08-2015, 01:00
Rayonun yeni rəhbəri kim olacaq: Arif Qasımov, Qərib Məmmədov, Arif Qaraşov, Əlixan Məlikov, Vasif İmanov, yoxsa başqası?
Bildiyiniz kimi, bir neçə gün əvvəl prezident İlham Əliyev Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqovun tutduğu vəzifədən azad edilməsi barədə sərəncam imzaladı. Ölkə başçısının digər sərəncamı ilə Tahir Budaqov Dövlət Statistika Komitəsinin sədri vəzifəsinə təyin olundu. Tahir Budaqovun işdən çıxarılmasından sonra Nizami Rayon İcra Hakimiyyətinin başçısı postu boş qalıb. Bu vəzifəyə kimin təyin ediləcəyi isə maraqla gözlənilir. Mötəbər mənbələrdən əldə etdiyimiz məlumatlara görə, rayonun yeni icra başçısı postu uğrunda həm hazırkı, həm də bəzi sabiq məmurlar arasında amansız mübarizə başlayıb. Qaynağımızın iddiasına görə, adıçəkilən rayonun yeni rəhbəri olmağa can atan şəxslərdən biri Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovdur: "Bu məmur icra başçısı təyin olunana qədər Nizami bələdiyyəsinin sədri işləyib. Yəni rayona yaxından bələd olan şəxsdir. Hələ bir neçə ay əvvəl onun Nizamiyə icra başçısı gətiriləcəyi haqda xəbərlər yayılmışdı. Tahir Budaqovun vəzifədən çıxarılması onun üçün əla fürsət yaradıb. Deyilənə görə, Arif Qasımov son bir neçə gündür ki, Bakıdadır. O, Nizaminin icra başçısı keçə bilmək üçün bütün əlaqələrini işə salıb və imkanlarını səfərbər edib. Hətta özünə yaxın olan şəxslərə bu posta təyinatla bağlı yüksək səviyyədə vəd verildiyini bildirib". Məlumatlı mənbənin sözlərinə görə, Nizaminin icra başçısı vəzifəsinə iddia edənlərdən biri də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin keçmiş sədri Qərib Məmmədovdur: "Uzun müddət komitə sədri işləmiş Qərib Məmmədov özünə yeni iş yeri axtarışındadır. Bundan əvvəl ona Goranboy və Beyləqan rayonlarının icra başçısı vəzifəsi təklif edilib. Amma onun özü isə paytaxtda işləmək arzusundadır. Çünki sabiq məmurun biznesinin demək olar ki, böyük hissəsi məhz Bakı ərazisində cəmləşib. O, Nizamiyə icra hakimi keçməklə həm biznesinə nəzarət etmək, həm də bu şəbəkəni daha da genişləndirmək niyyətindədir". Mənbəmiz vurğulayır ki, Nizaminin icra başçısı postu uğrunda mübarizəyə qoşulan şəxslərdən digəri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş sədri Arif Qaraşovdur. Bizə çatan informasiyaya əsasən, sabiq məmur çoxdandır belə bir fürsət axtarırmış: "O xidmət rəisi vəzifəsindən çıxarılandan sonra başqa vəzifəyə keçmək üçün çox çalışdı. Ancaq müəyyən səbəblərə görə onun yeni vəzifə istəyi baş tutmadı. Arif Qaraşov Tahir Budaqovun vəzifəsindən çıxarılmasından sonra həm çox fəallaşıb, həm də ümidlənib. Belə ki, bəzi nüfuzlu şəxslərə icra başçısı vəzifəsinə təyin olunmaq üçün hətta minnətçi düşüb. Belə deyirlər. Buna baxmayaraq, onun icra başçısı qoyulacağı o qədər də inandırıcı görünmür. Çünki onun adı həm indi, həm də vəzifədə işlədiyi vaxtlarda müxtəlif xoşagəlməz işlərdə çəkilib. Bu baxımdan digər namizədlərlə müqayisədə onun şansları az qiymətləndirilir".
Əldə etdiyimiz məlumatda həmçinin "Azəriqaz"ın keçmiş sədri Əlixan Məlikovun da icra başçısı vəzifəsinə iddia etməsi bildirilir: "Xeyli müddətdir işsiz qalan Əlixan Məlikov yenidən vəzifə eşqinə düşüb. Yadınıza düşürsə, Nizami rayonunun ərazisində baş vermiş ardıcıl qaz partlayışlarından sonra o işdən xaric edilmişdi. Yəni Nizami rayonu onun karyerasında müəyyən mənada iz qoyub. Yayılan söhbətlərə görə, sabiq məmur bəzi şəxslərlə məsləhətləşmə aparıb və bu rayonda icra başçısı işləmək istədiyini deyib. Hələ ki, ona dəqiq heç bir cavab verilməyib". Nizami rayonuna can atan şəxslərdən biri də Pirallahı İcra Hakimiyyətinin başçısı Vasif İmanovdur. Məlumat üçün deyək ki, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı bu təyinatadək uzun müddət neft sənayesi sahəsində çalışıb. O, Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin rəis müavini vəzifəsini tutub. Vasif İmanov 2001-ci ilin sentyabrında Azərbaycanın neft sənayesinin inkişafındakı xidmətlərinə görə ölkə başçısı tərəfindən "Tərəqqi" medalı ilə də təltif edilib. Qeyd edək ki, Pirallahı rayonu prezidentin 21 dekabr 2012-ci il tarixli fərmanı ilə yaradılıb. Həmin fərmanla Pirallahı, Çilov və Neft Daşları qəsəbələrinin əsasında Pirallahı rayonu təşkil edilib. 3 inzibati-ərazi vahidinə malik olan Pirallahı Bakının sayca 12-ci rayonu olub. Qeyd edək ki, adları çəkilən şəxslərin arasında Arif Qasımovun şansı daha çox qiymətləndirilir. Başqa bir məlumatda isə deyilir ki, rayonun yeni icra başçısı sürpriz bir isim ola bilər. Odur ki, gözləmək lazımdır.
DTV.az