Qərb mütəxəssisləri Rusiyanın Dağlıq Qarabağ münaqişəni istəyinə uyğun idarə etdiyini iddia edir - RƏY

20-08-2015, 21:02           
Qərb mütəxəssisləri Rusiyanın Dağlıq Qarabağ münaqişəni istəyinə uyğun idarə etdiyini iddia edir - RƏY
ABŞ-ın "Stratfor Global Intelligence" şirkəti Rusiya ilə Qərbin yeni münaqişə nöqtəsinin məhz Cənubi Qafqaz ölkələri olacağını bildirib.

ANS PRESS-in məlumatına görə, şirkət həmin ölkələrdən danışarkən xüsusilə Azərbaycan, Gürcüstan və Ermənistanın adını qeyd edib. Mütəxəssislərin fikrincə, avqustun sonunda Gürcüstanda NATO-nun hərbi təlim mərkəzinin açılışı buna sübutdur.

"Avqustun sonunda Gürcüstanda NATO-nun hərbi təlim mərkəzinin açılışından əvvəl - çərşənbə axşamı Gürcüstanın müdafiə naziri Tina Xidaşeli ABŞ-ın müdafiə naziri Aşton Karterlə görüşüb. Bu görüşdən bir gün əvvəl isə Rusiyanın 2017-ci ildə Azərbaycanda yeni radiolokasiya stansiyası açmağı planlaşdırdığı haqqında xəbərlər yayıldı. Bu xəbərlər təsdiqlənməsə də, Qafqazda tezliklə bəzi ciddi dəyişikliklərin olması realdır", - deyə həmin təhlildə bildirilib.

Mütəxəssislər Rusiyanın üstünlük iddiası haqqında danışarkən daha bir sübut kimi 20 illik fasilədən sonra qəfildən Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin yenidən kəskinləşməsini xatırladıblar. "Azərbaycanla Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsi 20 il ərzində nisbətən sabit qalsa da, Ukraynada böhran başlayandan sonra Qarabağ münaqişəsi də yenidən kəskinləşib", - deyən mütəxəssislər bunun təsadüf olmadığını da bildiriblər.

"Bu, çox güman ki, təsadüf deyil; Rusiyanın münaqişəni istəyinə uyğun idarə etmək bacarığı daha da güclənib", - deyən analitiklər Rusiyanın Ermənistanı gözlənilən səviyyədə dəstəkləmədiyini, əksinə, Azərbaycanla münasibətləri və əməkdaşlığı daha da inkişaf etdirdiyini qeyd ediblər.

"Əslində, biz Rusiyanın Azərbaycanı aqressiv fəaliyyətinə görə danlayacağını, Ermənistana isə Rusiya ilə sıx əməkdaşlığına görə dəstəyini artıracağını gözləyirdik. Amma bu, baş vermədi. Əksinə, hər iki tərəfi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlara dəvət edib. Həmçinin Rusiya rəsmiləri Moskvanın hər iki tərəfə silah dəstəyini davam etdirəcəyini bildirib. Bundan başqa, Rusiya Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlığını artırıb; Rusiyanın hərbi gəmiləri 13-16 avqust tarixlərində Bakı limanını ziyarət edib, Rusiya və Azərbaycan müdafiə nazirliyi rəsmiləri son aylar ərzində bir neçə dəfə ikitərəfli görüşlər keçiriblər", - deyə mütəxəssislər qeyd ediblər.

Sonda qeyd edilib ki, Rusiyanın Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlığı, Ermənistan, Abxaziya və Cənubi Osetiyada hərbi hissələrinin mövcudluğu bu ölkəyə regionda üstünlük qazanmasını təmin edir.

"Qafqazda vəziyyət qeyri-sabit və mürəkkəbdir. Qafqazda son zamanlar müşahidə edilən inkişaf cavabdan çox sual doğurur. Amma heç şübhəsiz ki, məhz bunlar Rusiya ilə Qərb arasındakı münasibətlərdə soyuqluğun daha da artmasında əsas amillərdir."












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.