Manatın devalivasiyası qaçılmazdır
21-08-2015, 12:19
Dünya bazarında brent markalı neftin qiyməti 0,94 faiz ucuzlaşaraq 1 barelə görə 46,18 dollar, “WTI” markalı neftin qiyməti isə 1,02 faiz ucuzlaşaraq 40,19 dollara düşüb. Azərbaycan manatının neftdən birbaşa asılı olduğunu, son günlər istehlak məhsuallarının da qiymətlərinin 15-35 faiz bahalaşmasını nəzərə alsaq, növbəti devalvasiyanın qaçılmaz olduğu şübhə doğurmur.
Məsələni Modern.az saytı üçün İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri Azər Mehtiyev şərh edib.
O, manatın devalvasiyasının taleyinin neftdən asılı olduğunu vurğulayıb:
“Azərbaycan manatının möhkəmliyi bilavasitə ölkənin valyuta ehtiyatlarının həcmindən asılıdır ki, bu da neft vasitəsilə daxil olur. Son vaxtlar dünya bazarında neftin qiyməti sürətlə aşağı düşməkdədir. Hansı həddə düşə biləcəyini də proqnozlaşdırmaq xeyli çətindir. Tendensiya ondan ibarətdir ki, neftin qiyməti orta müddətli dövrdə 50-60 dollar civarında formalaşa bilər.
Manat 21 fevralda kəskin devalvasiyaya uğrayaraq dollara nəzərən 33 faiz ucuzlaşıb. Bu addım bir tərəfdən valyuta ehtiyatlarının sürətlə tükənməsi, digər tərəfdən büdcədə yaranan kəsirlə bağlı idi. Həmin devalvasiyadan sonra təbii olaraq qiymət artımı gözlənilən idi.
Hökumət inzibati yollarla bunun qarşısını almağa cəhd göstərdi. Cüzi formada qiymət artımı baş versə də, genişlənərək həqiqi bazara uyğunlaşmadı. İndi də hökumət qiymət artımını süni hesab edir və inzibati yollarla qarşısını almağa çalışır. Buna nə dərəcədə nail olacaq zamanla görəcəyik”.
Azər Mehtiyevin fikrincə, hökumət parlament seçkilərinə qədər qiymət artımının və devalvasiyaya gedilməsinin qarşısını almağa çalışacaq:
“İndiki halda baş verən qiymət artımı qaçılmazdır. Çünki Azərbaycan iqtisadiyyatı son dərəcə inhisarlaşmış şəkildə inkişaf edir. Qiymətlər hətta dünya ölkələri ilə müqayisədə çox bahadır. Beləcə inhisarçıların özlərinə uyğun şəkildə qiymət artımının şahidi oluruq.
Ölkədə iqtisadi islahatlar həyata keçirilmədən, rəqabətli mühit yaradılmadan bunun qarşısını almaq mümkün olmayacaq. Bu islahatların aparılması isə müəyyən zaman tələb edir. Bu baxımdan neftin qiymətinin düşməsi manatın məzənnəsinin istər-istəməz tədricən aşağı düşməsini qaçılmaz edir. Söhbət kəskin devalvasiyadan getmir. Neftin qiymətinin ucuzlaşması fonunda tədricən yumşaq devalvasiyaya gedilməlidir. Hökumət bunun qarşısını alarsa, bir müddət sonra 21 fevraldakı kimi kəskin devalvasiya qaçılmaz olacaq”.
Ekspert vətəndaşların əmək haqlarının aşağı olmasına da münasibət bildirib: “Bu vəziyyətdə vətəndaşların əmək haqları artırılmalıdır. Amma məsələ burasındadır ki, indiki halda büdcəyə vəsait cəlb etmək problemdir, vergi toplanmasında inzibati amillər kəskinləşib, neft gəlirlərinin azalması ölkə iqtisadiyyatına əlavə vəsait cəlbini azaldıb. Büdcəyə əlavə vəsait daxil olmalıdır ki, hökumət də əmək haqlarını artırsın.
Bunun üçün ən yaxşı halda devalvasiyaya gedilməlidir. Manatı devalvasiyaya uğratmaqla ölkəyə daxil olan dollarlarla daha çox manat əldə etmək olar ki, bunun müqabilində maaşları artırmaq olar. İndiki vəziyyətdə devalvasiyaya gediləcəksə əmək haqlarının artırılması qaçılmaz ola bilər. Çünki, əksi mümkünsüzdür”.