Trump-ın hərəkətləri prezidentlikdən istefa vermiş Nixon-un hərəkətlərinə çox bənzəyir
13-02-2018, 00:23

"The Independent" yazır ki, 45 il əvvəl ovaxtkı prezident Richard Nixon-un ovaxtkı xüsusi prokurorla qarşıdurması indiki prezident Donald Trump-ın xüsusi prokuror Robert Mueller-lə qarşıdurmasına "dəhşətli şəkildə oxşayır".
Bunu 45 il əvvəl öz yazıları ilə Watergate qalmaqalına başlanğıc vermiş veteran Amerika jurnalistləri deyiblər.
Bob Woodward və Carl Bernstein-in az qala 50 il bundan əvvəl "Washington Post" qəzetində dərc etdikləri yazılar prezident Nixon-un istefa verməsi ilə nəticələnib.
Onlar bildiriblər ki, Nixon-un ovaxtkı xüsusi prokuroru işdən qovmaq qərarı onun özünə çox baha oturub. 1973-cü ildə xüsusi prokuror Archibald Cox-un vəzifəsindən kənarlaşdırılması Amerikanın ən yeni tarixində "Şənbə Gecəsi Qətliamnı" kimi tanınır.
Jurnalistlər deyiblər ki, indi Trump-ın xüsusi prokuror Robert Mueller-i işdən qovacağı ilıə hədələməsinə dair xəbərlər, eynilə yarım əsr əvvəl baş vermiş hadisələri yada salıb.
Sözü gedən iki jurnalist bu barədə belə yazıblar: "Yenə də həmin vəziyyətdir. Qüdrətli və qətiyyətli prezident Ədliyyə Nazirliyində işləyən müstəqil prokurora qarşı hücuma başlayıb".
Jurnalistlər deyiblər ki, onlar Nixon-un xüsusi prokuroru işdən qovması barədə reportajın müəllifləri olublar və indi sanki həmin vəziyyət təkrarlanır.
"Nixon o vaxt bilmirdi ki, Şənbə Günü Qətliyamı onun prezidentliyində həyati rol oynayacaq. Ona qarşı ədalətin qarşısını alma ittihamı məhz buna görə irəli sürülmüşdü. Nixon üçün onun atdığı addım buna görə də ölümcül olmuşdu" - yazır jurnalistlər "Son günlər" adlı kitabda.
Ötən yayda cənab Trump-ın, onun yaxın çevrəsinin Rusiya ilə əlaqələrini, habelə Moskvanın 2016-cı il ABŞ seçkisinə müdaxiləsini araşsdıran xüsusi prokuror Muelleri-i vəzifəsindən qovmağı planlaşdırdığı barədə geniş xəbərlər yayılırdı.
Trump bundan əvvəl, may ayında FTB-nin direktoru James Comey-ni vəzifəsindən uzaqlaşdırmışdı.
Ağ Ev bu xəbərləri dönə-dönə inkar edib. Lakin ötən ay "New York Times" qəzeti Trump-ın belə bir qərar vermək niyyətinin olduğunu təsdiq edib. Xəbər verilir ki, Trump öz fikrini yalnız Ağ Evin müşaviri Donald McGahn-nın ciddi təkidi ilə dəyişdirib. McGahn əks halda istefa verəcəyi ilə hədələmişdi.
O vaxt Nixon-nun cənab Cox-dan yaxa qurtarmaqda israr etməsi baş prokuror Elliot Richardson-un və onun müavini William Ruckelshaus-un istefasına səbəb olmuşdu. Onlar Nixon-un xüsusi prokuroru qovmaq əmrinin icrasından boyun qaçıraraq istefa vermişdilər.
Sonunda Ədliyyə Nazirliyində üçüncü vəzifəli şəxs olan baş müstəntiq Robert Bork Nixon-un əmrini icra etmişdi.
Oktyabrın 20-də saat 20.22-də Ağ Evin mətbuat katibi Ron Ziegler Watergate üzrə xüsusi prokuror qüvvəsinin buraxılmasını elan etmişdi.
Lakin bunun ardınca Nixon daha bir dəhşətli səhv buraxmışdı. O xüsusi prokuror Cox-un yerinə başqa bir adamı təyin etmiş və ixtiyarındakı audiomaterialların ilk dəstini ona təqdim etmişdi.
Bu materialların içərisində bir fayl Nixon-a qarşı ittiham irəli sürülməsi üçün kafi olmuşdu.
"Amma Trump-Mueller əhvalatının tarixçəsi hələ yazılacaq" - bildirirlər Bob Woodward və Carl Bernstein.
bbc