Ermənilərin "soyqırım sərvəti" türk düşmənlərinin əllərində...

17-04-2015, 00:52           
Ermənilərin "soyqırım sərvəti" türk düşmənlərinin əllərində...
Azərbaycanlı deputatdan təhlükə xəbərdarlığı
Zahid Oruc: “İndi də İrəvanın yerinə Qarabağı qurban etməyə çalışacaqlar”

“Katolik kilsəsinin rəhbəri “erməni kədəri”nə xüsusi dini liturgiya keçirməklə dini hücrələrin siyasətdən heç vaxt ayrı olmadığını sübuta yetirdi, xristian həmrəyliyinin Qərbdə güclü tarixi ənənələrə malik olduğunu unutqanlara yenidən göstərdi və bir milyard insanın liderinin müharibə meydanlarında qanlarını tökən müsəlmanlara meydan oxuduğunu ortaya qoydu”.
Milli Məclisin üzvü, deputat Zahid Oruc bu sözləri “Musavat.com”-a Papa Fransiskin qondarma “erməni soyqırımı”nı XX əsrin üç böyük faciəsindən biri kimi təqdim etməsinə münasibət bildirərkən söyləyib. Parlamentarın sözlərinə görə, əslində Türkiyəyə qarşı vurulan belə zərbələrin ardınca Avropa paytaxtlarından verilən müxtəlif qərar və qətnamələr vasitəsilə rəsmi Ankaranı siyasi mühasirəyə salmağa çalışacaqlar: “Allah erməniləri neft və qazdan məhrum etsə də, onlar əvəzində dünyanın işinə yarayan daha mühüm iqtisadi, siyasi və geopolitik silah olan “soyqırım sərvəti”nə malikdirlər. Ermənistanın daxili sarsıntıları fonunda ona qazandırılan belə diplomatik qələbələr onun zəifləməsinin türk düşmənləri üçün necə qorxulu olduğunu hamımıza əyan edir. Türkiyəni keçmişi ilə üzləşdirmək adı altında Vatikanın, yaxud, dünən “soyqırım”ı 3-cü dəfə tanıyan Avropa Parlamentinin niyyəti 1915-ci il hadisələrinə görə Ərdoğandan üzr istəməyi gözləmək kimi bir mənəvi jesti hədəfləmək deyil. Başlıca məqsəd, regional iddiaları güclü və imperiya keçmişinin girovu sayılan türkləri cəzalandırmaqdır. Qərb mediası bunun zəminini formlaşdırmaq üçün hər cür saxtalığa əl ataraq yüz il əvvəlki Osmanlı, yaxud gənc türkləri müasir dövrün İŞİD-i ilə bərabərləşdirməyə çalışır, başqa dinin daşıyıcılarına qarşı dözümsüz olan müsəlman dünyasının bir parçası kimi Türkiyəni diplomaik və siyasi əlaqələrdən qoparıb təkləməyə cəhd göstərir”.

Z.Orucun sözlərinə görə, ermənilərin “soyqırım biznesi”ndən qəflətən geri durmasını xəyal etsək, onun himayəçiləri Ermənistanı düşmənilik ideologiyasından əl çəkməyə qoymayacaqlar: “Çünki genosid məsələsi çoxlu dövlətlərə qazanc gətirir. Avropa qətnaməsinin mətni regional təhlükəsizliyə zərbə vurmaqla, Türkiyəni erməniləri gerçək soyqırıma uğratmağa təhrik edir.Yəhudilərdən fərqli olaraq ermənilər təzminat və torpaq alıb türklərlə birgə yaşaya bilməzlər. Azərbyacanı türk dünyasının bir hissəsi qəbul edənlərin qarşısında-bütün Qərb strukturlarının belə erməni həmrəyliyi fonunda Qarabağ mübarizəmiz daha da çətinləşəcək. Düz yüz il əvvəl, Amerikanın sabiq prezidenti Vudro Vilson ermənilərə türklərin bir neçə əyalətində dövlət qurub verərək, məlum qırğınlara görə onlara əvəz ödəməyi nəzərdə tutan plan hazırlamışdı. Əvəzini İrəvanı paytaxt etməklə, Azərbaycanı torpaq güzəştinə getməklə çıxdılar. İndi də İrəvanın yerinə Qarabağı qurban etməyə çalışacaqlar, “soyqırım”ın haqqı olaraq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.