Nişan üzüyünü Elçibəyə görə satmaq istəyən NİŞANLI qız

13-06-2018, 07:38           
Nişan üzüyünü Elçibəyə görə satmaq istəyən NİŞANLI qız
Əbülfəz Elçibəyin məhkəmə materiallarından bəlli olur ki, onun məhkəmə prosesində daha çox Bakı Dövlət Universitetinin qızları fəal olublar.

Doğrudan da qürurvericidir. Tarixən Azərbaycan qadını müqəddəs olubdur. Azərbaycanın qəhrəman oğul və qızlarını da qəhrəman qadınlarımız tərbiyə ediblər.

Onların yetişdirdikləri oğul və qızlar bu gün də qəhrəmanlıqlar göstərirlər. Təkcə Mübariz və Fərid nümunəsi buna canlı misaldır. Baxmayaraq ki, bu gün cəmiyyətimizi pozmaq üçün min cür eybəcər layihələr işə salırlar, amma bu millətin müqəddəs anaları yenə də az deyildir.

Dünyanın heç bir qadını bizimkilərlə müqayisə gələ bilməz. Bunu bir daha Əbülfəz Elçibəyin məhkəmə materiallarını oxuyarkən gördüm. Bu qızlardan birinin-Fatmanın qəhrəmanlığı haqqında yazmışdım. Onu axtarıram. Amma məhkəmə materiallarında bir qəhrəman qızın da adı çəkilir. Bu Kifayət adlı tələbədir. O zaman məhkəmənin ətrafı Əbülfəz Elçibəyin tələbələri ilə əhatə olunurdu. Çoxluq qızların tərəfində olubdur.

Universitet rəhbərliyi onları dərsə aparmaq üçün qovulmaq adı ilə hədələyirdilər. Amma onlara qulaq asan yox idi. Tarix fakültəsinin birinci kursundan beşinci kursuna kimi tələbələr sevimli müəllimlərinin müdafiəsinə qalxmışdlar. Bəs Kifayət nə etdi?

Kifayət və dostlarına məhkəmə zalında yer olmadığından yaxınlıqdakı bağda yığışıb dururlar. Bu zaman onlara iki nəfər yaxınlaşır və soruşurlar ki, bura niyə yığışmışınız? Qızlar cavab verirlər ki, müəllimimizin məhkəməsidir, ona görə gəlmişik. Onlardan biri deyib ki, müəllimimizi cəzadan qurtarmaq üçün pul lazımdır. Bu zaman Kifayət adlı tələbə barmağındakı nişan üzüyünü çıxarıb onlara uzadıb deyir: "Gümanım nişan üzüyünə çatır, buyurun götürün”. Bu sonsuz sevginin bariz nümunəsidir! Burada artıq söz bitir! Heç nə yazmaq olmur... Bu tələbə qızın hərəkətini qiymətləndirməyə söz yetmir... Sadəcə, bu qızı da tanıyan varsa, xahiş edirəm kömək etsin. Sonda məhkəmə materiallarına dərindən bələd olduğum üçün onu təfsilatı ilə yazan Surxay Əlibəyliyə dərindən minnətdarlıq edirəm...

Dilavər Əzimli
Tarixçi alim
Bütöv Azərbaycan Ocaqlarının başkanının ideologiya üzrə müavini

***

Məhkəmədə Elçibəyin üzünə duran tələbəyə: "Apar bu yaylığı başına bağla”

Tarixçi alim, Bütöv Azərbaycan Ocaqlarının başkanının ideologiya üzrə müavini Dilavər Əzimli feysbuk səhifəsində maraqlı statusla çıxış edib. Miq.Az statusun maraqlı olduğunu nəzərə alıb oxuculara təqdim edir:

Əbülfəz Elçibəyin 1975-ci ildə həbs olunması ilə bağlı məhkəmə materiallarına baxan zaman diqqətimi bir məqam cəlb etdi. Məhkəmənin gedişində Elçibəyin üzünə duran tələbələrindən biri Fərhad adlı oğlan bildirir ki, "mən Əbülfəz Əliyevə nifrət edirəm”.

Bu zaman zalda oturan Bəyin Quba rayonundan olan 3-cü kurs tələbəsi Fatma adlı qız həmin tələbəyə yerindən "şərəfsiz və alçaq” deyir. Hakim zala müraciət edir ki, "bunu kim dedi?”. Fatma cavab verir ki, "mən dedim”. Hakim onu zaldan çıxarır. Ən maraqlısı da bundan sonra baş verir.

Zaldan çıxan Fatma çiynindəki yaylığını Fərhadın üstünə atır və "Apar başına bağla” deyir. Dəyərli dostlar, bu xanım haqqında məlumatı olan varmı? Onu tapmaqda mənə yardım edə bilərsinizmi?

Miq.Az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.