“Səfər Əbiyev mənə az pul verdi, evimi satdım...” - Mehman Səlimov
18-09-2015, 16:01
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan müdafiə nazirinin keçmiş müavini Mehman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Zeynal Ağayev sədrlik edib.
Bugünkü prosesdə öncə Mehman Səlimov vəsatət verərək mətbuat nümayəndələrinin prosesdə iştirakına etiraz etdi. Bunu jurnalistlərin qeyri-dəqiq məlumatları ilə əsaslandırdı.
Hakim vəsatəti təmin etməyib bildirdi ki, açıq məhkəmə prosesində jurnalistlərin iştirak hüququ var. Əgər hansısa yanlış məlumat yazıılarsa, o halda məhkəməyə müraciət edə bilərlər.
Bundan sonra vəkil Ağaveyus Şahverdi işin obyektiv və hərtərəfli araşdırılması üçün Müdafiə Nazirliyinin bir necə hərbi hissəsində aparılan tikintilərlə bağlı müqavilələrin məhkəmədə araşdırılmasına dair vəsatət qaldırdı. Hakim vəsatəti hazırkı mərhələdə baxılmamış saxladı.
Bundan sonra dövlət ittihamçısı ittihamı elan etdi.
Mehman Səlimov ona elan olunan ittihamlarla özünü təqsirli bilmədi.
Sabiq nazir müavini ifadəsində bildirdi ki, 1999-cu ildə təqaüdə çıxandan sonra Sumqayıtda tikinti işləri ilə məşğul olub: “Ailəmi dolandırmaq üçün tikinti ilə məşğul olurdum. Səfər Əbiyev təklif etdi ki, onların da tikinti işlərini görüm. İlk olaraq vəsatətdə qeyd olunan müqavilələr üzrə tikinti işlərinə çox az vəsait ayrıldı. Yəni bu pulla o tikintini başa çatdırmaq mümkün deyildi.
Problemlər də elə buradan başladı. İstəyirəm ki, 2006-cı ildə olan müqavilələr burada araşdırılsın, cinayət işinə əlavə olunsun ki, əsl həqiqət ortaya çıxsın. Pul çatmadığına görə digər müqavilələrdən aldığım avansı da həmin tikintiyə sərf etdim. Və beləcə, yeni müqavilələrin pulunu köhnə tikintiyə sərf elədim.
Təzə nazir gələndən sonra yeni müqavilə verilmədi. Mən də tikintini başa çatdırmaq üçün evimi satdım. Öz adıma 150 min, kürəkənimin adına 170 min manat kredit götürdüm. Torpaq sahəm var idi, onu da satdım. Fikirləşdim ki, ilin sonunda 2 ilə təhvil verib pulumu alacam. Amma noyabrın 19-da məni tutdular. Tikintidə əsas iş görülmüşdü, qalan pulla da tam təhvil vermək olardı. Buna görə də sovet ordusundan aldığım evi satıb Müdafiə Nazirliyinin işinə sərf etdim. Mən Azərbaycan ordusundan heç nə almamışam. İndi uşaqlarım, ailəm kirayədə qalır. Halbuki mən də nazir müavini olmuşam, başqaları kimi 5 yerdə ev ala bilərdim, amma heç nəyim yoxdur”.
M.Səlimovdan sonra şahid qismində baş mühasib Şəfa Kərimova və tikintidə iş icraçısı olan İlqar Əfəndiyev şahid qismində dindirildi.
Məhkəmə sentyabrın 28-nə kimi təxirə salındı.
Qeyd edək ki, Mehman Səlimov ötən ilin noyabr ayında həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb və barəsində həbs-qətimkan tədbiri seçilib.
Mehman Səlimov 1995-1999-cu illərdə müdafiə nazirinin siyasi və ictimai işlər üzrə müavini vəzifəsində işləyib.
Qeyri-rəsmi məlumatlara görə, son illər bizneslə məşğul olub.
Mehman Səlimovun işdən çıxarılmasının səbəbi kimi onun Baş Qərargah rəisi Nəcməddin Sadıqova qarşı mətbuatda səsləndirdiyi ittihamlar göstərilir.
M.Səlimov 1999-cu ildə mətbuata verdiyi açıqlamalarda Nəcməddin Sadıqovun ünvanına kəskin ittihamlar səsləndirmişdi. O, baş qərargah rəisinin müdafiə naziri olmaq üçün səylər göstərdiyini, faktiki olaraq həmin vaxt müdafiə naziri olan Səfər Əbiyevə qarşı iş apardığını bildirmişdi. Bu açıqlamalardan sonra Mehman Səlimov tutduğu vəzifədən azad edilmişdi.