Fəaliyyəti dayandırılan vəkilin şikayətinə baxılacaq –Ali Məhkəmədə

11-09-2018, 08:04           
Fəaliyyəti dayandırılan vəkilin şikayətinə baxılacaq –Ali Məhkəmədə
Hüquqşünas Yalçın İmanovun Vəkillər Kollegiyasından şikayətinə Ali Məhkəmədə baxılacaq.

Strateq.az Azadlıq Radiosuna istinadla bildirir ki, bu haqda vəkillik fəaliyyəti dayandırılan Y.İmanovun özü məlumat verib.

O, iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin qərardadlarından Ali Məhkəməyə kassasiya şikayəti verib.

Y.İmanovun bildirməsinə görə, kassasiya şikayətində vəkillik fəaliyyətinə xitam verilməsi barədə işə Sumqayıtda baxılması və Vəkillər Kollegiyasının Rəyasət Heyətinə qarşılıqlı iddiasının icraata götürülməsini istəyib.

Şikayət icraata götürülüb, məhkəmə iclası əvvəlcə avqustun 29-na təyin edilib.

Y.İmanovun deməsinə görə, hakim Nigar Rəsulbəyovanın icraatına verilən şikayətə baxış sonradan sentyabrın 26-na keçirilib.

Xatırldaq ki, Vəkillər Kollegiyası Rəyasət Heyəti ötən il noyabrın 20-də Y.İmanovun bu qurumdan xaric olunmasından ötrü məhkəməyə müraciət haqda qərar qəbul edib. Məhkəmə yekun qərar verənə qədər Y.İmanovun vəkillik fəaliyyəti dayandırılıb. Həmin qərara səbəb kimi isə avqust ayında Penitensiar Xidmətin rəis əvəzi olmuş Oqtay Məmmədovun ondan şikayəti göstərilib.

Y.İmanov Nardaran hadisələrinə görə 20 il həbs cəzası almış Abbas Hüseynovun ona təqdim etdiyi yazılı izahatına əsaslanaraq, mətbuata açıqlamasında onun işgəncəyə məruz qalması haqda şikayətini çatdırmışdı. Penitensiar Xidmətin rəhbərliyi bunu «ölkədə ictimai-siyasi vəziyyətin gərginləşməsinə, bu dövlətin çiçəklənməsini gözü götürməyən qüvvələrə xidmət edən addım» kimi qiymətləndirib.

Vəkillər Kollegiyasının Rəyasət Heyəti də vəkilin müdafiə etdiyi şəxsə istinadən onun həbsxanada işgəncəyə məruz qalması haqda mətbuata söylədiklərini «vəkillik fəaliyyətinə yaraşmayan hərəkət» hesab edib.

Kollegiyanın qərarına Gəncə İnzibati-İqtisadi Məhkəməsində baxılır. Bu proses hərə bitməyib. Həmin məhkəmədə Y.İmanovun işin yaşadığı, işlədiyi Sumqayıt şəhərinə göndərilməsi barədə vəsatəti təmin edilməyib. Üstəlik, onun Rəyasət Heyətinin ötən il verdiyi qərarının ləğvi barədə qarşılıqlı iddiasının icraata götürülməməsi barədə qərardad qəbul edilib.

Y.İmanovun həmin məsələlərdən şikayətini Gəncə Apellyasiya Məhkəməsi də rədd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.