Sumqayıt Texnologiyalar Parkının ifrat yüksək gərginlikli kabelləri Moskvada nümayiş olundu

28-03-2019, 11:08           
Sumqayıt Texnologiyalar Parkının ifrat yüksək gərginlikli kabelləri   Moskvada nümayiş olundu
Sumqayıt Texnologiyalar Parkı 17-19 mart 2019-cu il tarixlərdə Moskva şəhərində keçirilən CabEx- Beynəlxalq Kabel, Naqil, Bərkitmə qurğuları və Quraşdırma texnologiyalarının 19-cu Beynəlxalq Sərgisində iştirak edib. STP bu sərgidə regionda yeganə istehsalçısı olduğu 500 kV-a qədər olan ifrat gərginlikli kabel məhsullarını dünyanın ən böyük energetika bazarlarından biri olan Rusiyanın şirkətlərinə və dövlət qurumlarına təqdim edib. Sərgidə STP ilə yanaşı 9 ölkədən 154 şirkət iştirak edib. Burada təqdim olunan məhsullarla tanış olmaq və iştirakçı şirkətlərlə danışıqlar aparmaq üçün 35 ölkədən və Rusiyanın 66 bölgəsindən ümumilikdə 4326 şirkət sərgini ziyarət edib.
Sumqayıt Texnologiyalar Parkı CabEx sərgisində ifrat gərginlikli kabel məhsulları ilə yanaşı “Made in Azerbaijan” brendi altında istehsal etdiyi partlayışa davamlı elektrik birləşdirici qutuları, elektrik yuvaları, elektrik panelləri və digər məhsullarını da nümayiş etdirib.
Sərgi zamanı STP-nin əməkdaşları ziyarətçiləri texnoparkın məhsulları, istehsal prosesi və üstünlükləri, şirkətin zavodları və istehsal istiqamətləri haqda məlumatlar əks olunan müxtəlif təşviqat materialları paylayıblar. Bundan başqa onlar sərgi müddətində 100-ə yaxın digər şirkətlərin nümayəndələri ilə fərdi görüşlər keçirərək biznes əlaqələrinin qurulması imkanlarını dəyərləndiriblər.
Sumqayıt Texnologiyalar Parkının Kabel Zavodu regionun ən iri, yüksək texnologiyaya malik kabel istehsalçılarından biridir. 2009-cu ildə fəaliyyətə başlayan müəssisədə istehsal prosesi yalnız Avropa texnologiyası əsasında həyata keçirilir. STP kabellərinin istehsalında yüksəl keyfiyyətli xammaldan istifadə olunur və yekun məhsul müasir dünya səviyyəli laboratoriyada sınaqlardan keçirilir. Burada quraşdırılmış laboratoriyalarda alçaq, yüksək və 500 kV-a qədər yüksək gərginlikli kabellər test edilərək keyfiyyəti yoxlanılır. Xüsusi olaraq vurğulanmalıdır ki, 500 kV-luq ifrat gərginlikli kabel dünyada cəmi 6 ölkədə istehsal olunur və bu ölkələrdən biri də Azərbaycandır.

Qeyd edək ki, Sumqayıt Texnologiyalar Parkı (STP) regionda texnoparkların yaradılmasında pioner olmaqla, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. Park 2009-cu il dekabr ayının 22-də dövlət başçısı İlham Əliyev tərəfindən istismara verilib. Hazırda STP-də mövcud olan 13 zavodda 30-dan çox istehsal sahəsi fəaliyyət göstərir. Zavodlar kompleksi neft və qaz, tikinti, energetika və kənd təsərrüfatı sənayesi üçün geniş çeşiddə məhsullar istehsal edir. Kabel, Polimer boru, elektrik avadanlıqları, metal konstruksiyalar, qəliblər, press formalar və ştamplar bu məhsullardandır.















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.