İsmayıllı gəncləri müstəqilliyin bərpası gününə həsr olunmuş möhtəşəm yürüş keçiriblər
16-10-2019, 16:59
Teref.az - Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 16 oktyabr 2019-cu il tarixdə rayon gənclərinin Azərbaycanın Dövlət müstəqilliyinin bərpası gününə həsr olunmuş möhtəşəm yürüşü keçirilib. Gənclər “Milli müstəqilliyə aparan şərəfli yol”, “Qarabağ Azərbaycandır və nida işarəsi!” devizləri ilə yürüşə qoşulublar. Yürüş başlanğıcını Mübariz Orucov küçəsi ilə Nizami Gəncəvi küçəsinin qovuşuğunda ucaldılmış “Ana harayı” soyqırımı abidəsindən götürüb. Tarixçi, əməkdar müəllim Ramiz Baloğlanov müstəqilliyin ilkin yaranma tarixindən danışıb. Rayonun bütün coğrafiyasını, idarə, müəssisə və təşkilatlarını, Qarabağ müharibəsi əlilləri və veteranlarını, ictimai birlikləri, könüllülər hərəkatını, qeyri hökumət təşkilatlarını, təhsil sahəsini, tələbələri təmsil edən iki min nəfərdən çox gənc yürüş iştirakçısı “Ana harayı”na səslərini qatıb, Heydər Əliyev prospekti ilə ümummilli lider Heydər Əliyevin abidəsi ucalan Mərkəzi meydana gəliblər. Xor kollektivi tərəfindən Dövlət Himni oxunub. Azərbaycan xəritəsi formasında fləşmob nümayiş etdirilib. Gənc tarix müəllimi Ülvi Şamilov Ulu öndər Heydər Əliyevin Dövlətimizin müstəqilliyinin əbədiliyi və dönməzliyi yolundakı fədakarlığından və Milli qəhrəmanlıq səviyyəsindəki fəaliyyətindən ətraflı danışıb.
Yürüş müstəqilliyimiz naminə canından keçən şəhid soydaşlarımızın uyuduqları Şəhidlər xiyabanını ziyarətlə, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İB-yi rayon filialının sədri Vidadi Zərbiyevin çıxışı ilə başa çatıb.
Yürüş bir daha göstərdi ki, Azərbaycan gəncliyi Vətənə sədaqətlə xidmət ruhundadır, torpaqlarımızı azad etmək üçün özlərini məsul bilirlər.