Qarabağ çoxşaxəli iqtisadi potensiala malikdir

3-03-2021, 18:19           
Qarabağ çoxşaxəli iqtisadi potensiala malikdir
Qırx dörd günlük Vətən müharibəsi Azərbaycanın haqq və ədalət savaşı idi. Azərbaycan dövləti və xalqı uzun illər idi ki, ədalətin bərpa edilməsi üçün çalışırdı. Azərbaycan dövlətinin qüdrəti, Müzəffər Ali Baş Komandanın iradəsi və Ordumuzun şücaəti sayəsində Qarabağ işğaldan azad olundu. Azərbaycan 30 ilə yaxın zamanda ədaləti bərpa edə bilməyən böyük dövlətlərin və beynəlxalq təşkilatların əvəzinə haqqı təmin etdi, ərazi bütövlüyünü bərpa elədi.
Fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında Prezident İlham Əliyev bir daha bildirdi ki, otuz il davam edən danışıqlar heç bir nəticə vermədi və Azərbaycan bu məsələni təkbaşına həll etdi. İkinci Qarabağ müharibəsində qalib gələn Azərbaycan bölgədə tamamilə yeni reallıqlar yaradıb. Bu savaşın nəticəsində respublikamızın ərazi bütövlüyü təmin olunub, Ermənistanın işğal siyasətinə son qoyulub. İlham Əliyevin uğurlu diplomatiyası dünya erməniliyinin beynəlxalq miqyasda ölkəmizə qarşı apardığı qarayaxma kampaniyasının da qarşısını qətiyyətlə alıb. Hazırda üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq regionda sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət edən layihələrin həyata keçirilməsi istiqamətində işlər davam edir.
İlk olaraq Prezident İlham Əliyev işğaldan azad olunan Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına son səfəri zamanı bir sıra infrastruktur layihələrinin açılış və təməlqoyma mərasimində iştirak etmişdir. Səfəri vaxtı ölkə başçısı Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoydu. Həmin nəqliyyat infrastrukturu vətəndaşlarımızın azad edilmiş ərazilərə səfərlərini asanlaşdırmaqla yanaşı, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa əlaqənin yaranması baxımından da önəmlidir. Bir mühüm cəhət isə odur ki, bu marşrut tezliklə region ölkələrinin qarşılıqlı əlaqələrinin genişlənməsınə öz töhfəsini verəcək. Bundan əlavə, həmin dəmir yolu xətti Asiya ilə Avropa arasında yüklərin daşınmasını sürətləndirməklə beynəlxalq əhəmiyyət qazanacaq.
Azad edilmiş torpaqlarda həyata keçirilməsinə start verilən layihələr ilk növbədə yol və elektrik enerjisi sahələrini əhatə edir. Bu sahələr üzrə infrastrukturun yaradılması bölgədə digər sosial-iqtisadi layihələrin icrası üçün mühüm faktordur. Əsas məqsəd azad olunmuş torpaqların tezliklə bərpa edilməsi, insanların doğma yurdlarına qayıtması və bu torpaqlarda həyatın canlanmasıdır. Odur ki, enerji və yol layihələrinə önəm verilir.
Bölgənin özünün də enerji istehsal etmək potensialı yüksəkdir. Belə ki, işğaldan azad edilən ərazilərdən çoxlu çaylar axır. Bu da həmin yerlərdə su elektrik stansiyalarının inşasına imkan verir. İşğal illərində Laçın rayonunda 5, Kəlbəcərdə isə 12 su elektrik stansiyası fəaliyyət göstərib. Düşmən bu əraziləri tərk edərkən xislətinə uyğun olaraq həmin stansiyaların bütün avadanlıqlarını aparıb, apara bilmədiyini isə dağıdıb.
Prezident İlham Əliyevin göstərişi ilə həmin stansiyaların bərpası sürətlə həyata keçirilir, özünün iştirakı ilə Laçın rayonundakı “Güləbird” Su Elektrik Stansiyası təmirdən sonra istismara verilmişdir. Bölgənin elektrik enerjisinə olan tələbatının ödənilməsində İran İslam Respublikası ilə birlikdə tikilən “Xudafərin” və “Qız qalası” su elektrik stansiyaları da mühüm rol oynayacaq. İnşası başa çatdıqdan sonra bu stansiyalardan Azərbaycan tərəfinə düşən generasiya gücü 120 meqavat olacaq. Eyni zamanda işğaldan azad olunan torpaqların suvarılmasında bu iki stansiya xüsusi rol oynayacaq.
İşğaldan azad edilmiş ərazilərdə artıq kənd təsərrüfatı fəaliyyətinə başlanıb, artıq 7 min hektardan çox ərazidə payızlıq buğda əkilib. Bunun üçün əvvəlcə ərazi minalardan təmizlənib. Bu sahədə də Azərbaycan geniş beynəlxalq əməkdaşlığa hazırdır və müxtəlif şirkətlərdən çoxlu təkliflər daxil olur. Müəyyən iş növləri barədə müxtəlif ölkələrdən sifarişlər alınır. Bunlar şəhərlərin planlaşdırılması, obyektlərin, o cümlədən infrastruktur obyektlərinin, yolların, körpülərin, elektrik stansiyalarının tikintisi ilə bağlıdır.
İşğaldan azad olunan ərazilərdə ekoloji cəhətdən təmiz, bərpaolunan enerji növlərinin yaradılması üçün də geniş imkanlar mövcuddur. Dövlət başçısı bəyan etdi ki, bu torpaqlar “yaşıl enerji” zonası olacaq. Belə ki, Kəlbəcər və Laçın rayonlarında külək, Zəngilan, Cəbrayılda isə günəş enerjisinin istehsalı üçün böyük imkanlar var.
Artıq Qarabağ bölgəsində infrastrukturun bərpasına başlanıb. Tezliklə həmin ərazilərdə digər quruculuq-abadlıq işləri və sosial-iqtisadi layihələr də icra ediləcək. Bunun üçün indidən zəruri infrastruktur qurulur ki, bərpa prosesində heç bir problem yaranmasın. İnfrastruktur layihələrinin sürətlə həyata keçirilməsi dövlət başçısının bu sahədə işlərin tezliklə başa çatdırılması üçün verdiyi tapşırıqların vaxtında yerinə yetiriləcəyindən xəbər verir.


Metin Hüseynov - politoloq












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.