Aşqabad Zirvə Toplantısınin uğuru

29-11-2021, 18:02           
Aşqabad Zirvə Toplantısınin uğuru
Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısı noyabrın 28-də öz işini yekunlaşdırdı. Bu toplantıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də iştirak edib.

XV Zirvə Toplantısı və onun nəticələri haqda danışmadan öncə qeyd etmək lazımdır ki, İƏT 1964-cü ildə Türkiyə, Pakistan və İran tərəfindən İnkişaf üçün Regional Əməkdaşlıq qurumu kimi yaradılıb. Təşkilat 1985-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatına çevrildi. Keçmiş SSRİ dağılandan sonra isə Əfqanıstan, Azərbaycan və 5 Mərkəzi Asiya ölkəsi təşkilata qoşulmaq barədə qərar qəbul etdi. Hazırda İƏT-in Azərbaycan, Türkiyə, Pakistan, Əfqanıstan, İran, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistan daxil olmaqla 10 üzvü vardır.

Zirvə toplantısında çıxış edən ölkə başçısı ölkə iqtisadiyyatının sürətli inkişafı, pandemiya ilə mübarizədə Azərbaycanın atdığı mühüm addımlar, qazanılmış qələbə və erməni vandalzmi, Zəngəzur dəhlizi kimi mühüm mövzulara toxunmuşdur.

Pandemiya dövründə görülən işlərdən və gələcəkdə atılacaq addımlardan danışan Prezident İlham Əliyev bildirmişdir: “Bu günə qədər ölkədə COVID-dən əziyyət çəkmiş insanlara və biznes subyektlərinə təqribən 3 milyard ABŞ dolları həcmində sosial-iqtisadi dəstək paketi təqdim edilmişdir. 2022-ci ildə həmin məqsədlərə dövlət büdcəsindən 1,6 milyard ABŞ dolları həcmində maliyyə dəstəyi paketi ayrılacaqdır”.

İƏT zirvəsində İlham Əliyevin Zəngəzur dəhlizi barədə bəyanatı İƏT- in qarşısında açılan böyük perspektivləri göstərmək baxımından müstəsna əhəmiyyət kəsb edir. Cənab Prezidentin bu məsələni yenidən dilə gətirməsi heç də təsadüfi deyil. Yeni reallıqlar və formalaşmaqda olan dünya nizamında Zəngəzur dəhlizinin əhəmiyyəti hər gün biraz da artır. Dövlət başçısının " Zəngəzur dəhlizi Şərq- Qərb və Şimal - Cənub nəqliyyat matşrutlarının mühüm elementi olacaq " " İƏT ölkələri dəhlizin imkanlarından faydalanacaq " kimi bəyanatları dəhlizin faktiki olaraq bir neçə regionu birləşdirən qovşaq rolunu oynadığını sübut edir.

Azərbaycan son illərdə Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Zəngəzur dəhlizinin reallaşması regionun nəqliyyat sektorunda yeni imkanlar yaradacaq. Bu imknalardan isə təkcə rəsmi Bakı deyil, regionun bütün ölkələri fayda götürə bilər. Prezidentin Zəngəzur dəhlizi məsələsinin İƏT-in XV Zirvə Toplantısı dilə gətirməsinin bir digər səbəbi də Təşkilat region ölkələrini özündə birləşdirən ən önəmli qurumlardan biri olmasıdır.

Aysel Mənsimova - politoloq












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.