Azərbaycanda xarici investisiyaların qorunması ən yüksək səviyyədədir

18-01-2022, 08:37           
Azərbaycanda xarici investisiyaların qorunması ən yüksək səviyyədədir
13 yanvar 2022-ci il tarixində ölkəmizin həyatında önəmli bir hadisə baş verdi. Bakıda Gülüstan sarayında Səudiyyə Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa ediləcək 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının (KES) təməlqoyma mərasimi keçirildi. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud iştirak ediblər. Təməlqoyma mərasimində çıxış edən Prezident İlham Əliyev bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edib.

Bu stansiya Azərbaycanda bərpaolunan enerji sektorunda ən böyük elektrik stansiyası olacaqdır. Gücü 240 meqavat olan bu stansiya həm ölkəmizin enerji təhlükəsizliyinin təmin olunmasına əlavə töhfə verəcək, həm də eyni zamanda yeni iş yerlərinin yaradılmasına səbəb olacaq. Qeyd olunan stansiyanın tikilməsi ilə bağlı Azərbaycana yatırılan 300 milyon dollara yaxın sərmayə “ACWA Power” şirkətinin Səudiyyə Ərəbistanı hüdudlarından kənarda qoyduğu ən böyük sərmayədir. Stansiyanın külək enerjisindən əldə etdiyi 240 meqavatlıq güc 300 min evin elektrik enerjisi ilə təmin olunmasına şərait yaradacaq. Eyni zamanda 220 milyon kubmetr qaza qənaət olunacaq ki, bu da ildə 400 min ton karbon qazının atmosferə atılmasını azaldacaqdır.

Prezident təməlqoyma mərasimində qeyd edib ki, Səudiyyə Ərəbistanı o nadir ölkələrdəndir ki, erməni işğalına görə Ermənistanla ümumiyyətlə diplomatik əlaqələr qurmamışdır, bu da Azərbaycan xalqına, Azərbaycan dövlətinə göstərilmiş böyük mənəvi dəstəkdir və qardaşlığın əlamətidir. Bildirilib ki, iqtisadi və siyasi maraqlar, onların təməlində dayanan iqtisadi rifah və dövlətin təhlükəsizliyi bir-biri ilə üzvü şəkildə bağlı olan məsələlərdir.

Azərbaycanın əhalisi artdıqca tələbat da artır. Ona görə də enerji növlərinin istehsalına ciddi fikir verilməlidir. Bu istiqamətdə bərpaolunan enerji növlərinin istehsalı enerji sahəsində gündəlikdə duran ən başlıca vəzifələrdən biridir. İşğaldan azad edilmiş ərazilərdə, Cəbrayıl rayonunda hazırda böyük günəş elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlar, müzakirələr aparılır. Aparılmış təhlil nəticəsində bəlli oldu ki, işğaldan azad edilmiş ərazilərdə bütövlükdə 10 min meqavata yaxın bərpaolunan külək və günəş elektrik enerjisinin istehsalı mümkündür. Artıq bu ərazilərdə bir neçə su elektrik stansiyası inşa edilib və fəaliyyətdədir. Günəş və külək elektrik stansiyalarının yaradılması ilə bağlı konkret planlar vardır.

Bu layihə eyni zamanda “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı” nın həyata keçirilməsində mühüm addımdır.

Tufan Məmmədov – iqtisadçı-ekspert












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.