Azərbaycanın rəşadətli Ordusu öz gücünı bir daha nümayiş etdirdi

16-09-2022, 08:49           
Azərbaycanın rəşadətli Ordusu öz gücünı bir daha nümayiş etdirdi
44 günlük Tarixi Zəfərimizdən ötən iki ilə yaxın dövrdə bölgədə baş verən hadisələrin gedişinə nəzər saldıqda Ermənistanın dəfələrlə atəşkəsi pozduğunu, bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində Brüssel görüşlərinin keçirildiyi ərəfələrdə, yaxud başa çatdıqdan sonra təxribatlara daha çox can atırlar. Bu il avqustun 3-də Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərinin intensiv atəşə tutulmasını və bu cinayətlər əsasında yaranan gərginliyi, Azərbaycan Ordusunun qanunsuz erməni dəstələrinə qarşı keçirdiyi “Qisas” əməliyyatı yaddaşımızdadır. Ölkəmizin ərazi bütövlüyünə, suverenliyə qarşı atılan hər bir addımın qarşısı qətiyyətlə alınır. Dövlət başçısı İlham Əliyev ən yüksək tribunalardan bəyan edir ki, «Dəmir yumruq» yerindədir. Ermənistanda revanşist qüvvələr baş qaldırarsa 44 günlük İkinci Qarabağ müharibəsində aldıqları dərsi unutmamalıdırlar.
«Qisas», daha sonra isə «Qətiyyətli cavab» əməliyyatları deyilənlərin təsdiqidir. Ermənistan və ona havadarlıq edən dövlətlər Azərbaycan Ordusunun gücünü, qüdrətini, hər zaman ərazi bütövlüyümüzün, suverenliyimizin qarantı kimi torpaqlarımızın müdafiəsinin keşiyində ayıq-sayıq dayandıqlarını nümayiş etdirdilər. Sentyabrın 12-dən 13-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin sərhəddə törətdikləri genişmiqyaslı təxribatlar bu gün dünya mətbuatında geniş yer alır. Ermənistan bir daha hansı məqsəd naminə çalışdığını nümayiş etdirdi. Həmin gecə və ondan sonrakı günlərdə törədilən təxribata Azərbaycanın cavabı Ermənistana növbəti mesaj və xəbərdarlıq xarakteri daşıyır. Ermənistan silahlı qüvvələrinin bölmələrinin D-30, D-20 topları və 82 millimetrlik minaatanlardan da istifadə etməklə Azərbaycan Ordusunun Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətlərində yerləşən mövqelərini atəşə tutmaqda davam etmələri işğalçı dövlətin müharibə planlarının təqdimatıdır.
Ordumuzun cavab tədbirləri nəticəsində Ermənistan Silahlı Qüvvələrinin Laçın, Kəlbəcər və Zəngilan istiqamətində atəş açdığı bütün hərbi təyinatlı obyektlər və dayaq məntəqələri darmadağın edildi. Bu zaman Ermənistanın xeyli sayda hərbi texnikası, milyarddan artıq dəyəri olan iki S-300 kompleksinia atıcı qurğusu, radiolokasiya stansiyası, 400 nəfərdən çox canlı qüvvəsi, çoxlu sayda hərbi obyekti və onlarla döyüş məntəqəsi məhv edildi.
Hər zaman özlərinə haqq qazandırmağa çalışan Ermənistan rəhbərliyi, Ermənistan mətbuatı tərəfindən Azərbaycan Ordusunun guya mülki əhalini və infrastrukturu hədəfə alması barədə yaydığı məlumatlar qarşı tərəfin böhtan xarakterli növbəti yalanıdır, dezinformasiyasıdır. Bununla Ermənistan tərəfi törətdiyi genişmiqyaslı təxribati ört-basdır etməyə və beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa çalışır. Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında bir daha qeyd olunur ki, baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı hər bir addımın qarşısı qətiyyətlə alınacaq.
Dünya gücləri Ermənistan silahlı qüvvələrinin sərhəddə törətdikləri təxribatlardan narahatlıqlarını Prezident İlham Əliyevə telefon zənglərində ifadə ediblər. ABŞ, Fransa, Rusiya və bir sıra başqa dövlətlərin rəhbərləri ilə telefon danışıqlarında dövlət başçısı bu genişmiqyaslı təxribatlara görə məsuliyyətin bilavasitə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü və Azərbaycan tərəfindən cavab tədbirlərinin görüldüyünü onların diqqətinə çatdırıb. Bildirilib ki, beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələn tələbləri pozan Ermənistandır. Son iki ilə yaxın dövr ərzində «Dəmir yumruğ»un verdiyi dərsləri unutmaq istəyən Ermənistan «Qisas» və «Qətiyyətli cavab» əməliyyatlarından növbəti mesajlarını aldı. Artıq işğalçı dövlət seçim qarşısındadır: ya ona verilən şansdan bəhrələnməli, ya da «Dəmir yumruğ»un davamlı dərslərini almalıdır.


Cavid Fərhadov – ehtiyatda olan polkovnik-leytenant,
Vətən müharibəsi qazisi












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.