Heydər Əliyev Azərbaycanın gənclər siyasətinin banisidir - MƏQALƏ

8-12-2022, 09:01           
Heydər Əliyev Azərbaycanın gənclər siyasətinin banisidir - MƏQALƏ
Heydər Əliyev Azərbaycanın gənclər siyasətinin banisidir
Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və
dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş,
bununla bağlı tarixi proseslərə təsir göstərmiş Ulu Öndər Heydər Əliyev hər
zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir.
Ulu Öndərin əbədiyyətə qovuşmasından 19 il ötsə də, onun nurlu xatirəsi
Azərbaycan xalqının qəlbində silinməz iz buraxmışdır. Bu gün hər bir
azərbaycanlı, o cümlədən hər bir gənc fəxr edir ki, məhz o, Heydər Əliyevin
qurduğu müstəqil Azərbaycanın vətəndaşıdır, onun bütün varlığı ilə sevdiyi
bir xalqın övladıdır. İllər bir-birini əvəzlədikcə yeni həyat gerçəklikləri
keçilmiş yolun hər bir mərhələsinə parlaq işıq salır. Bu günün uğurları yaxın
keçmişə dolğun və obyektiv qiymət vermək imkanı yaradır. Bu gün
Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri də gənclər
siyasətidir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-
gənclər siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla
davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün
sahələrdə özlərini doğruldurlar. Ölkəmizin qüdrətli dövlətə çevrilməsi
naminə gənclərə böyük inam bəslənilir və ölkəmizdə onlara yüksək şərait
yaradılması istiqamətində dövlət proqramları qəbul edilir.
Ulu Öndər Heydər Əliyev ölkədə gənclər siyasətinin düzgün
aparılmasını çox vacib və önəmli hesab edərək “Mənim üçün ən əziz nemət
Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan
Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında
düşünürəm". Hakimiyyətə gəldiyi ilk günlərdən başlayaraq gənclər siyasəti
ilə bağlı bir çox fərman və sərəncamlar imzalayan Ulu Öndər gənclərin milli
və vətənpərvər ruhda tərbiyəsinə xüsusi önəm vermişdir. Müdrik dövlət
xadimi gənclərə böyük ümidlərlə baxaraq cəmiyyətin aparıcı qüvvəsinə
inam bəsləyirdi. Ötən əsrin 70-ci illərində Azərbaycanda Cəmşid
Naxçıvanski adına Hərbi Liseyin açılması ilə gənc nəsildə vətənpərvərlik
hisslərinin oyanmasına, gənclərimizin hərbi peşələrə marağının
yüksəlməsinə zəmin yaranmışdı. Bu gün Silahlı Qüvvələrimizdə qulluq
edən neçə-neçə generalımız, yüksək rütbəli zabitlərimiz Hərbi liseyin
məzunlarıdır. Ötən əsrin 90-cı illərinin əvvəllərində dünyada, o cümlədən
Azərbaycanda baş verən ictimai-siyasi hadisələr dəyişdikcə, gənclər
qarşısında duran problemlər və onların həlli yolları da dəyişməyə başladı.
Uzaqgörən dövlət başçısı gənc nəslin mütəşəkkil formada yetişdirilməsi
üçün 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyini yaratdı. Bundan
sonra dövlət gənclər siyasəti sahəsində mühüm işlər həyata keçirilməyə
başladı, nazirliyin yerli strukturları formalaşdı, gənc nəslin mənəvi tərbiyəsi,
fiziki inkişafı, hüquqlarının müdafiəsi, onların beynəlxalq qurumlarda iştirakı
və gənclər təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi sahəsində lazımi
tədbirlər görüldü, bir sıra dövlət proqramları hazırlandı. Bu siyasətin davamı
olaraq 1996-cı il yanvarın 26-da Ulu Öndər Heydər Əliyev tərəfindən
imzalanan Sərəncama əsasən, 1996-cı il fevralın 2-də Azərbaycan
Respublikası gənclərinin ilk forumunun keçirilməsi qərara alındı. Bu
forumun keçirilməsi ilə dövlət siyasətində gənclərə diqqət və qayğı daha da
artırıldı. Forum müstəqil Azərbaycan Respublikasının gəncləri qarşısında
duran mühüm vəzifələrin həyata keçirilməsində ölkə gənclərinin hər bir
sahədə fəal iştirak etməyə hazır olduğunu nümayiş etdirdi və gənclərlə işin
nəzərəçarpacaq dərəcədə canlanmasına səbəb oldu.1997-ci il fevralın 1-də
gənclərin I Forumunun ildönümü münasibəti ilə bir qrup gənci qəbul edən
Heydər Əliyev fevralın 2-sinin Azərbaycanda gənclər günü elan edilməsi
barədə sərəncam imzaladı. Azərbaycan Respublikası gənclərinin forumu
mütəmadi olaraq keçirilir.
Gənclərin ikinci forumu 1999-cu ildə keçirildi. Gənclərə xüsusi diqqət
ayıran ölkə rəhbəri Heydər Əliyev forumda çıxış edərək gənclərə müraciət
etdi: "Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük
vəzifə düşür, bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır, siz müstəqil
Azərbaycanın XXI əsrdə yaradanlarısınız, quranlarısınız, inkişaf
etdirənlərisiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar
edəcəyik, sizə tapşıracağıq." Bu sözlərlə gəncliyə olan etimadının,
diqqətinin sonsuz olduğunu göstərən Ulu Öndər Azərbaycan gəncliyinin
üzərinə böyük vəzifələr qoydu.
Bu gün gənc nəslin düzgün formalaşması ölkə siyasətində önəmli yer
tutmaqla yanaşı, gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini
yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətini də uğurla
davam etdirir. Ölkə başçısının gənclərin potensialından ölkənin mənafeyi
naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun,
dövlət idarəçiliyi sistemində iştirakının təmin edilməsi məqsədilə 2005-ci il
avqustun 30-da imzaladığı "Azərbaycan Gəncliyi Dövlət Proqramının
(2005-2009-cu illər) təsdiq edilməsi haqqında" və "Azərbaycan gəncliyi
2011-2015-ci illərdə" Dövlət proqramları xüsusi qeyd edilməlidir. Həmçinin,
Prezident İlham Əliyevin 2007-ci ili "Gənclər ili" elan etməsi gənclərə ölkə
Prezidenti tərəfindən böyük önəm verilməsinin daha bir sübutudur.
Ulu Öndər çıxışlarında deyirdi ki, gənclərimizin ən mühüm
vəzifələrindən biri də ordu sıralarında qulluq etməkdir. Bu gün gənclərimizin
böyük bir qismi hazırda Silahlı Qüvvələrimizin sıralarında Vətən
qarşısındakı müqəddəs borcunu verməkdədir. Aprel döyüşlərində və İkinci
Vətən müharibəsində Ali Baş Komandanımızı, Prezident İlham Əliyevin
«Dəmir yumruq» iyasəti ilə güclü Azərbaycan Odusunun əsgər və zabitləri
işğal altında olan torpaqlarımızın azad olunması yolunda son damla qanına
kimi vuruşaraq şəhidliyə yüksəlməsi bir daha sübut etdi ki, gənclərimizin
vətənpərvərlik duyğuları yüksəkdir. Və bu gün bütün Azərbaycan xalqı, o
cümlədən biz gənclər Ali Baş Komandanımızın çağırışına hər zaman
hazırıq və istənilən vaxt torpaqlarımızı işğaldan azad etməyə qadirdirik.
Dövlət başçımızın: "Mənim gənclərə xüsusi münasibətim var, mənim
ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə
arxalanıram", - dediyi bu yüksək münasibətə cavab olaraq
Azərbaycanımızın parlaq gələcəyi yolunda biz gənclər bütöv və müstəqil
Azərbaycan naminə Vətənimizin inkişafı üçün səylə çalışmalı, öz
siyasətində onlara arxalanan ölkə başçısının etimadını həmişə doğrultmalı,
hər an Ali Baş Komandanımızın verəcəyi əmrə müntəzir hazırıq.
«Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil
Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir», - deyən
Ümummilli lider Heydər Əliyevin arzuları Azərbaycan Prezidenti İlham
Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, Ordumuzun böyük qismini
təşkil edən Azərbaycan gəncləri Ali Baş Komandan, Prezident İlham
Əliyevin rəhbərliyi və müzəffər Azərbaycan Ordusunun əsgərlərinin,
zabitlərinin, bir sözlə, bütün şəxsi heyətinin qəhrəmanlığı, şücaəti
nəticəsində 44 günlük Vətən müharibəsi bütün dünyaya xalqımızın,
dövlətimizin qüdrətini bir daha nümayiş etdirdi. Ordunun böyük bir qismini
təşkil edən gənclərimiz Ali Baş Komandanın rəhbərliyi altında sözün həqiqi
mənasında möhtəşəm bir tarix yazdı! Bir daha ərazi bütövlüyümüzün
bərpası uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət,
yaralılarımıza isə şəfa diləyirəm. Onlar bizim qürur mənbəyimizdir. Bir
sözlə, gənclərimizin bir nəfər kimi Vətən torpağının müdafiəsi uğrunda
mübarizəyə hazır olmasını əyani şəkildə nümayiş etdirməsi, gənclərə
münasibətdə Heydər Əliyev kursunun, İlham Əliyev siyasətinin təntənəsidir.
Göründüyü kimi, yürüdülən gənclər siyasətinin nəticəsidir ki, bu gün
Azərbaycan gəncləri cəmiyyətin inkişafında fəal sosial təbəqə kimi
demokratikləşmə prosesində fəal iştirak edir, mədəniyyət, incəsənət,
iqtisadiyyat və digər sahələrdə nailiyyətlər qazanır, dövlətçiliyin
möhkəmləndirilməsi prosesində yaxından iştirak edirlər. Və bu gün gənclər
olaraq fəxr edirik ki, məhz ulu öndər Heydər Əliyevin qurduğu müstəqil
Azərbaycanın vətəndaşıyıq və biz də bundan sonra da Azərbaycanın
müstəqilliyi möhkəmlənməsi, qüdrətinin artması yolunda əlimizdən gələni
edəcəyik.

Fuad Heydər
YAP Səbail rayon təşkilatının məsləhətçisi,
Gənc siyasi ekspert
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.