Avropaya yaşıl enerji ixracında Azərbaycanın rolu artır

4-02-2023, 20:16           
Avropaya yaşıl enerji ixracında Azərbaycanın rolu artır
Fevralın 3-də Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında iştirak edən dövlətimizin başçısı İlham Əliyev VIII iclasdan ötən dövr ərzində Azərbaycanın enerji sektorunda qazandığı uğurlardan, dünyanın enerji təhlükəsizliyinə töhfələrindən geniş bəhs etdi. Onu da qeyd edək ki, Avropa Komissiyasının, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksək səviyyəli nümayəndələri, iri enerji şirkətlərinin, maliyyə təsisatlarının rəhbərləri iştirak ediblər. Xarici dövlət və təsisatların nümayəndələri tədbir zamanı bildiriblər ki, Azərbaycan dünyanın enerji təhlükəsizliyinin təminatına davamlı töhfələri ilə dünyanın diqqət mərkəzindədir. Azərbaycan bütün Avropa üçün strateji tərəfdaşdır. Azərbaycanla həmçinin Avropa İttifaqına üzv olan doqquz ölkə arasında strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu mövcuddur. Bu da ölkəmizin xaricdəki nüfuzunu bir daha göstərir.
Toplantıdakı çıxışında ölkə başçısı bildirib ki, “Enerji təhlükəsizliyi, həmçinin milli təhlükəsizlik məsələsidir. Biz yeni marşrutların qurulması və yeni resursların cəlb olunması sahəsində işləyirik. İndi görürük ki, bu, heç vaxt olmadığı qədər vacibdir” Azərbaycanın hər bir hədəfə çatması düşünülmüş və məqsədyönlü siyasətin nəticəsidir. Ölkəmizin enerji diplomatiyasının uğurları beynəlxalq səviyyədə də təqdir edilir. Bu inam ifadə olunur ki, Azərbaycan gələcəkdə də Cənub Qaz Dəhlizi kimi layihələri irəli sürəcək və uğurlu sonluqla başa çatmasına nail olacaqdır.
Tədbirdə iştirak edən Rumıniya Prezidenti Klaus Yohannis dövlətimizin başçısı İlham Əliyev ilə fevralın 2-də mətbuata bəyanatında bildirib ki, Cənubi Qafqaz bölgəsi həm Rumıniya, həm Avropa İttifaqı üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Cənubi Qafqaz bölgəsində ilk ölkədir ki, Rumıniya onunla əməkdaşlığını strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb. Bununla yanaşı, Rumıniya Avropa İttifaqının ilk üzvüdür ki, Azərbaycanla strateji tərəfdaşlıq haqqında belə bir sənəd imzalayıb. Rumıniya Azərbaycanın səmimi və əsl dostudur. Azərbaycanın beynəlxalq mövqeyinə işıq salan bu kimi fikirlər bir daha təsdiqləyir ki, ölkəmizin siyasəti əməkdaşlığa hesablanıb. Yeni dostların, tərəfdaşların qazanılması əsasında gündəmə gətirilən layihələr dünyanın enerji xəritəsini yenidən tərtib edir.
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasları çərçivəsində dövlət başçısı İlham Əliyevin keçirdiyi görüşlər, günün aktual mövzusu olan enerji təhlükəsizliyinin təmin olunması istiqamətində aparılan müzakirələr, həmçinin imzalanan sənədlər ölkəmizin beynəlxalq nüfuzunun təqdimatıdır. Rumıniyanın neft şirkəti “Romqaz” və SOCAR arasında imzalanan sazişə əsasən, 2023-2024-cü illərdə Buxarestə əlavə qaz nəql ediləcək. İmzalanan sənədlər Avropa İttifaqında enerji təhlükəsizliyinin təmin edilməsinə nəzərəçarpan töhfə verəcək. Azərbaycan müasirliyə, inkişafa, enerji təhlükəsizliyinə doğru atılan addımların əsas təşəbbüscüsü və iştirakçısı olmaqla söz sahibliyini nümayiş etdirir.
İlqar Əliyev - Dövlət İdarəçilik Akademiyası
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.