Beynəlxalq birliyin Azərbaycana olan inamı və etimadı artmaqdadır - İsrafil Kərimovun yazısı
6-07-2023, 09:01
Beynəlxalq birliyin Azərbaycana olan inamı və etimadı artmaqdadır
Bu günlər Azərbaycan yenə də dünyanın diqqət mərkəzindədir. İyulun
5-6-da ölkəmiz növbəti beynəlxalq tədbirə ev sahibliyi edib. Bakı Konqres
Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun
“Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və
qətiyyətli” mövzusunda nazirlər görüşü keçirilib. Mühüm əhəmiyyət kəsb
edən bu tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış
edib.
BMT-dən sonra dünyada ikinci böyük beynəlxalq təşkilatı olan -
Qoşulmama hərəkatına Azərbaycanın sədrlik etməsi ölkəmizin dünya
birliyində qazandığı böyük nüfuzundan xəbər verir. Qoşulmama Hərəkatına
3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycanın Hərəkata sədrliyi bir il
uzadıldı. Azərbaycan 4 il sədrlik etməklə bir ilkə imza atdı. 2019-cü ildə
dünyada qazandığı siyasi nüfuza görə Azərbaycan bu təşkilatın sədri
seçilməsi və təşkilat tarixində ilk dəfə olaraq sədrlik müddətinin bir il
uzadılması Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin
növbəti təzahürüdür.
Azərbaycan Prezidenti İlham Əliyev bu mötəbər tədbirdəki çıxışında
qeyd edib ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə
“Bandunq prinsipləri” əsasında ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin
qanuni maraqlarını qətiyyətlə qorudu. Dövlət başçısı bildirib ki, beynəlxalq
ictimaiyyət COVID-19 pandemiyası ilə necə mübarizə aparacağı barədə
çaşqın vəziyyətdə olarkən, bu çağırışla mübarizədə qlobal səyləri
birləşdirən məhz Qoşulmama Hərəkatı olub.
Prezident İlham Əliyev, həmçinin onu da bildirib ki, Qoşulmama
Hərəkatının institusional inkişafı, xüsusən də müvafiq olaraq 2021-ci və
2022-ci illərdə Hərəkatın Parlament Şəbəkəsinin və Gənclər Təşkilatının
yaradılması Azərbaycanın sədrliyinin növbəti nailiyyətidir: "Biz hazırda
Qoşulmama Hərəkatının qadınlar platformasının yaradılması üzərində
işləyirik. İnstitusional davamlılığa doğru atılan bu addımlarla biz növbəti
sədrlərə mütləq uğurlu bir miras qoyacağıq".
Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə
Bürosunun Nazirlər görüşündə Hərəkata sədrliyi dövründə Azərbaycanın
prioritetlərindən danışıb. Ehtiyacı olan ölkələrə yardım göstərilməsinin
Azərbaycanın sədrliyinin prioritetlərindən biri olduğunu deyən dövlət başçısı
bildirib ki, Azərbaycan əksəriyyəti QH-yə üzv olan 80-dən çox ölkəyə ya
ikitərəfli qaydada, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə COVID-
19 ilə bağlı maliyyə və humanitar dəstək göstərib. Azərbaycan Ümumdünya
Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü töhfə verib.
Ölkəmiz həmçinin beş ölkəni peyvəndlə təmin edib. Afrika və inkişaf
etməkdə olan kiçik ada dövlətlərinə postpandemiya dövründə bərpanı
dəstəkləmək üçün iki qlobal çağırış elan etdiyini xatırladan Prezident İlham
Əliyev Azərbaycanın ilk donor kimi hər iki çağırış üçün 1 milyon ABŞ dolları
ayırdığını diqqətə çatdırıb.
Bu gün BMT Təhlükəsizlik Şurası keçmişin qalığıdır və hazırkı
reallıqları əks etdirmir. Ölkəmiz Təhlükəsizlik Şurasında daha çox ölkənin
təmsil olunması və coğrafi baxımdan daha ədalətli olması üçün onun
tərkibinin genişləndirilməsinin tərəfdarıdır. BMT TŞ-də Qoşulmama
Hərəkatına bir daimi yerin verilməli olduğunu xatırladan Prezident əlavə
edib: "Biz bu fikirdəyik ki, QH-yə, İƏT-ə və Afrika İttifaqına sədrlik edən
ölkələr BMT Təhlükəsizlik Şurasında veto hüququ ilə rotasiya əsasında yer
almalıdırlar".
Tədbirdə həm də Fransanın neokolonializmi hələ də davam etdirən
ölkələrdən biri olduğu bir daha bildirilib. Vurğulanıb ki, Fransa Qəmər
adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya
xalqının, o cümlədən özünün digər dənizaşırı icma və ərazilərində yaşayan
xalqların hüquqlarına hörmət etməlidir. Ölkəmiz neokolonializm meyillərinin
artmasından olduqca narahatdır və bunu dövlətimizin başçısı öz çıxışında
qeyd edib. Bildirilib ki, özünü yalandan insan haqlarının və beynəlxalq
hüququn müdafiəçisi kimi qələmə verən Fransa hələ də digər ölkələrin
daxili işlərinə qarışır. Dövlətimizin başçısı qeyd edib ki, "Təəssüf ki, Fransa
Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək,
geosiyasi rəqabət, xarici hərbi mövcudluq və “Orientalizm” müstəmləkəçilik
siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni mənfur təcrübəni tətbiq
etməyə çalışır". Prezident İlham Əliyev, eyni zamanda Fransanın öz
müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı
aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya
ölkələrindən və digər ölkələrdən üzr istəməli olduğunu da diqqətə çatdırıb.
Beynəlxalq tədbirdə həm də bu gün bir çox dövlətləri narahat edən
məsələyə - Danimarkada, Niderlandda, İsveçdə müqəddəs Quranın
yandırılması və təhqir olunması məsələsinə də yer ayrılıb. Geniş vüsət alan
islamofobiya və ksenofobiya hallarından, həmçinin İslamın zorakılıq və
terrorla eyniləşdirilməsi cəhdlərindən narahatlıq ifadə edilərək bu hallar
məsuliyyətsizlik və qəbulolunmaz hal kimi qiymətləndirilərək pislənmişdir.
Bir sözlə, bütün göstərilənlər onu deməyə əsas verir ki, dövlət
başçısının təşəbbüsləri qlobal miqyasında beynəlxalq həmrəyliyin və
əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm nümunədir. Bu da
onu göstərir ki, son 20 ildə Azərbaycanda həyata keçirilən mühüm tədbirlər
beynəlxalq birliyin Azərbaycana inamının, etimadının təzahürü, ölkəmizin
və dövlətimizin başçısının qlobal miqyasda nüfuzunun göstəricisidir.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü