Fransanın ikiüzlü siyəsəti ifşa edilməlidir
6-07-2023, 12:58
İyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə müzakirə edilən bir çox məsələlərdən biri Fransanın neokolonializmi hələ də davam etdirən ölkələrdən biri olması olub. Bu gün Fransanın öz daxilində bir sıra problemlərin olması, polisin 17 yaşlı günahsız bir gənci öldürməsi səbəbindən ölkəni etirazlar və yürüşlər bürüməsinə, şəhərlərin alovlanmasına baxmayaraq burada yenə də milli və etnik qruplara qarşı ikili siyasət yeridilir, onların hüquqları pozulur.
Azərbaycan Prezidenti cənab İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən Nazirlər görüşündəki çıxışınında Fransanın ikiüzlü siyasətini sərt tənqid etdi. Öz ölkəsində ixtişaşlar baş verərkən, Fransa prezidenti Azərbaycana da “dil uzadır”, haqsız yerə tənqid edir, Qarabağ ermənilərini dəstəkçisi kimi çıxış etməyə çalışır. Əlbəttə ki, biz haqsız tənqidə məruz qalırıqsa biz də Fransanın problemlərini açmalıyıq, Fransanın ikiüzlü siyasəti barədə açıqlamalar aktiv olmalıdır. Dövlət başçısının Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən Nazirlər görüşündəki çıxışı da Fransanın sərt tənqididir. Tədbirdə Azərbaycan Prezidentini Qoşulmama Hərəkatında yüzlərlə rəsmilər, xarici işlər nazirləri dinlədi. Fransanın bu siyəsəti həmişə Azərbaycan tərəfindən ortaya qoyulacaqdır. Prezident İlham Əliyev, eyni zamanda Fransanın öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməli olduğunu da diqqətə çatdırıb.
Son dövrlər islamofobiya və ksenofobiya halları genişlənib. Xüsusilə demokratik ölkələrdə belə addımlar ifadə azadlığı kimi təqdim olunur, amma bu, nifrət aktıdır. Beynəlxalq tədbirdə həm də bu gün bir çox dövlətləri narahat edən məsələyə - Danimarkada, Niderlandda, İsveçdə müqəddəs Quranın yandırılması və təhqir olunması məsələsinə də yer ayrılıb. Geniş vüsət alan islamofobiya və ksenofobiya hallarından, həmçinin İslamın zorakılıq və terrorla eyniləşdirilməsi cəhdlərindən narahatlıq ifadə edilərək bu hallar məsuliyyətsizlik və qəbulolunmaz hal kimi qiymətləndirilərək pislənmişdir.
Tədbirdə iştirak edən xarici nümayəndələr Qoşulmama Hərəkatının güclənməsində və beynəlxalq nüfuzunun artmasında Azərbaycanın mühüm rolunun olduğunu bir daha vurğulayaraq onu yüksək qiymətləndirdilər.
Qeyd edilib ki, hazırda qlobal ictimaiyyət böhranlarla üz-üzədir, ərzaq və enerji təhlükəsizliyinə təhdidlər regionlara mənfi təsir göstərir. Qoşulmama Hərəkatına üzv ölkələr də iqlim böhranı ilə qarşılaşıb və bəziləri artıq bundan əziyyət çəkir. Beynəlxalq aləmdə terrorla mübarizənin vacibliyinə də toxunulub.
Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru