Bu gün dünyada ekologiyanı korlayan şirkətlər müflisləşir

12-07-2023, 15:16           
Bu gün dünyada ekologiyanı korlayan şirkətlər müflisləşir
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sədrliyi ilə keçirilmiş 2023-cü ilin altı ayının yekunlarına həsr olunan müşavirədə hesabat dövründə əldə edilən iqtisadi uğurlara geniş yer verilib. Qeyd edilib ki, ölkəmiz uğurla inkişaf edir və bütün istiqamətlər üzrə qarşıya qoyduğumuz vəzifələr icra edilir. bütövlükdə altı ay ərzində ölkə iqtisadiyyatı inkişaf edib, qeyri-neft sektoru və qeyri-neft sektorunun sənaye sahəsi kifayət qədər artıb. Qeyri-neft sənayesi 6,5 faiz qeyri-neft sektoru, ümumiyyətlə, 3 faizdən çox artıbdır.
Ölkənin builki dövlət büdcəsi rekord həddə - 33 milyard manatdan çox səviyyəyə qalxıb. Bu da öz növbəsində həm ölkə qarşısında duran əsas investisiya layihələrini icra edilməsinə, ilk növbədə azad edilmiş torpaqlarda geniş quruculuq işlərinə növbəti təkan verməyə və Azərbaycanın hərbi gücünü daha da artırmağa imkan verir.
Müşavirədə ölkə başçısı ekoloji tarazlıqla bağlı məsələlərə toxunub. Bildirib ki, Qarabağ və Şərqi Zəngəzur ekoloji fəlakət zonasına çox yaxın idi. Çünki Ermənistan həm Ermənistandakı müəssisələrin fəaliyyəti nəticəsində, eyni zamanda, o vaxt işğal edilmiş torpaqlarda - Qarabağda və Şərqi Zəngəzurda təbii resurslarımızın vəhşicəsinə istismarı nəticəsində təbiətimizə böyük zərbə vurub. Təkcə onu demək kifayətdir ki, 60 min hektardan çox meşə fondu ermənilər tərəfindən dağıdılıb, talan edilib, çıxarılıb, satılıb, yaxud parket düzəldiblər və satıblar”.
Qeyd edilib ki, Ermənistan bu gün də bu siyasətdən əl çəkməyib, sərhədlərimizin lap yaxınlığında ekologiyaya ciddi ziyan verə bilən sənaye müəssisəsi tikir. Bu gün Azərbaycan ictimaiyyəti, qeyri-hökumət təşkilatları artıq bu məsələ ilə bağlı Ermənistanın rəsmi orqanlarına müraciət ünvanlayıblar və ekologiya sahəsində fəaliyyət göstərən beynəlxalq ekspertlər və qeyri-hökumət təşkilatlarının nümayəndələri də bu müraciətə qoşulublar. Cənab prezidentin bildirdiyi kimi, Azərbaycan Hökuməti də burada kənarda qalmamalıdır. Ölkəmiz bu məsələləri qanun, beynəlxalq konvensiyalar və diplomatiya çərçivəsində mütləq diqqətdə saxlamalıdır.
Prezident çıxışında bildirdi ki, ölkəmizin böyük hissəsi artıq rəsmən “yaşıl enerji” zonası elan edilib və bunun fonunda Gədəbəy rayonunda baş vermiş hadisə tamamilə qəbuledilməzdir. “Mən hesab edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən azı səhlənkarlığa yol verib, nəzarətsizlik nümayiş etdirib, passiv müşahidəçi kimi çıxış edib və bunun nəticəsində xarici investor bizim təbiətimizi zəhərləyib”. Bildirilib ki, prokurorluğa, digər aidiyyəti qurumlara bütün göstərişlər verilib. Araşdırmaların nəticələri barədə bir həftə ərzində həm ölkə başçısına, həm də ictimaiyyətə məlumat veriləcəkdir. Həmçinin cənab Prezident bildirib ki, “burada işləyən xarici şirkətlər və yerli şirkətlər Azərbaycan qanunlarına hörmət etməlidirlər. Hörmət etməyəcəklərsə, onların fəaliyyəti burada mümkünsüz olacaq”.
Müşavirədə xüsusilə vurğulanan məqamlardan biri Ermənistanla olan münasibətlər olub. Qeyd edilib ki, ölkəmizin sülh danışıqları ilə bağlı mövqeyi aydındır, məntiqlidir və beynəlxalq hüquqa əsaslanır. Aparılan danışıqlar və yüksək səviyyəli təmaslar hər iki dövləti sülh anlaşmasına daha da yaxınlaşdırır.
Möhtərəm cənab Prezidentin qeyd etdiyi kimi: “Ermənistan tərəfinin mövqeyində müsbətə doğru hərəkət var. Əgər keçən ilin oktyabrında Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərini qəbul etmişdirsə, bu ilin may ayında daha irəli gedərək artıq Azərbaycan ərazisinin parametrlərini də, o cümlədən Qarabağ və anklav kəndlərimiz daxil olmaq şərtilə rəsmən tanıyıb. Bu, müsbət hal kimi qiymətləndirilməlidir. İndi sıra gəlib çatıb ki, eyni sözlər kağız üzərində də öz təsdiqini tapsın, imzalar atılsın və münasibətlər yaradılsın. Hər halda biz bu istiqamətdə öz səylərimizi davam etdirəcəyik”.


Əlirza Abdullayev
Azərbaycan Əmək və Sosial Münasibətlər Akdemiyasının
2-kurs magistrantı












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.