Antiterror tədbirləri Qarabağdakı erməni separatçılarını məhv edəcək

20-09-2023, 15:53           
Antiterror tədbirləri Qarabağdakı erməni separatçılarını məhv edəcək
3 il bundan əvvəl - 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli Bəyanata əsasən, Ermənistan Azərbaycan ərazisindən öz qoşunlarını çıxarmalı və sülh müqaviləsinin imzalanması üçün danışıqlar prosesinə başlamalı idi. Ermənistan öz öhdəliyinin bir hissəsini yerinə yetirdi - Ağdam, Laçın və Kəlbəcərdən qoşunlarını çıxardı. Ancaq Bəyanatın əsas hissəsini - Azərbaycan ərazisindən qoşunlarının tamamilə çıxarılması öhdəliyini yerinə yetirmədi. Danışıqlarda imitasiya edən Ermənistan bir tərəfdən Azərbaycanla sülh müqaviləsi imzalamaqda maraqlı olduğunu bildirir, digər tərəfdən isə müxtəlif bəhanələr gətirirdi. Üç il ərzində sülh müqaviləsinin əsas baza prinsipləri müəyyənləşməyib. Digər tərəfdən isə ən pisi ondan ibarətdir ki, Ermənistan təkcə siyasi təxribatlar törətmir, eyni zamanda, Azərbaycana, vətəndaşlarımıza qarşı vaxtaşırı hərbi təxribatlar həyata keçirir. Ermənilər Azərbaycan ərazisində mina basdırılmasını davam etdirirdi. Hətta zərərsizləşdirilmiş minaların bir hissəsinin 2021-ci ildə istehsal edildiyi bəlli oldu. Bu isə onu deməyə əsas verir ki, Ermənistan müharibədən sonra da Azərbaycana qarşı mina müharibəsi aparırdı və bu gecə çox acı bir xəbər aldıq. Avtomobillərin minaya düşməsi nəticəsində xeyli sayda polis əməkdaşımız yaralandı.
Ermənistan Azərbaycanı hərbi təxribata çəkməklə onu milli maraqlara zidd qərarlar verməyə sövq edir. Azərbaycan tərəfi həmişə elan edirdi ki, öz ərazi bütövlüyünün toxunulmazlığını, suveren hüquqlarını həmişə qoruyacaq.
Polislərin mina terrorunun qurbanına çevrilməsi və mülki şəxslərimizin həlak olması əlbəttə ki, Azərbaycanın səbir kasasını daşdırmaya bilməzdi. Azərbaycan Silahlı Qüvvələri ona görə də həmin ərazidə lokal antiterror tədbirlərinə başladı. Məqsəd Ermənistan tərəfindən qurulmuş hərbi obyektlərin sıradan çıxarılması, bununla da İrəvanın Azərbaycanda olan və qeyri-qanuni yerləşdirilmiş hərbi qüvvələrini zərərsizləşdirməkdir. Şübhəsiz ki, bu tədbirlər Azərbaycanın suverenliyini daha da gücləndirmək məqsədi daşıyır. Azərbaycan tərəfi ilk andan bildirdi ki, onun hədəfi mülki obyektlər və mülki şəxslər deyil. Hətta Azərbaycan Silahlı Qüvvələrinin erməni sakinləri arasında yayılmış müraciətində bildirilir ki, bizim məqsədimiz sizi xilas etməkdir. Bizim məqsədimiz Azərbaycan ərazisində olan quldur, separatçı rejimin məhv edilməsidir. Azərbaycan üçün təhlükə yaradan silahlı dəstələrə dəstək olmayın, orada iştirak etməyin, silahı yerə qoyun, əyninizə hərbi forma geyinməyin, evinizdə olun. Azərbaycan heç zaman yaşayış məntəqələrini, mülki strukturu vurmayacaq.
Vətən müharibəsi dövründə Azərbaycan nə keçmiş Dağlıq Qarabağ ərazisində, nə də Ermənistanda heç bir mülki obyekti vurmadı. Lakin Ermənistan Gəncə şəhərində yaşayış məhəlləsinə iki dəfə raketlə zərbə endirdi, Bərdəyə raket hücumu oldu. Tərtər isə, ümumiyyətlə, ikinci Stalinqrada çevrilmişdi. Tərtərdə bir salamat bina qalmadı. Yəni, bunun özü göstərir ki, Azərbaycandan fərqli olaraq, Ermənistan hərbi oyunlar aparmaqda maraqlıdır. Azərbaycanın bu gün yaydığı videogörüntülərdə də görürük ki, ancaq hərbi obyektlər vurulur, hərbi texnikalar sıradan çıxarılır.
Ramil Qədimquliyev – hüquqşünas, BDU-nin doktorantı












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.