Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşıdır
11-01-2024, 18:18
Yanvar ayının 10-da Azərbaycanın yerli telekanallarına müsahibə verən Prezident İlham Əliyev Azərbaycanın qaz və elektrik enerjisi, həmçinin yaşıl enerji potensialı, bu potensialın reallaşdırılması üçün həyata keçirilməyə başlanan layihələr barədə danışıb. Prezident alternativ mənbələrdən elektrik enerjisi istehsalı və ixracının təşkili istiqamətində atılan addımları da qeyd edib.
Bildirilib ki, Azərbaycanın bərpaolunan enerji potensialı ildən-ilə artır. Xəzər regionu Avropanın enerji keçidinin əsas mərkəzlərindən birinə çevrilir. Hətta 2030-cu ilə qədər bu potensialın 30 faiz artırılması planlaşdırılır. Eyni zamanda, bu il ölkəmiz COP29 kimi böyük bir tədbirə ev sahibliyi edəcək. Bu və digər məsələlərə toxunan Prezident İlham Əliyev bildirib ki, biz bu gün dünyada, xüsusilə dünyanın enerji məkanında gedən proseslərdən geridə qalmamalıyıq. Çünki getdikcə yaşıl enerjiyə tələbat artacaqdır. Neft-qaz sahəsində fəaliyyət göstərən şirkətlərin investisiya portfelində əgər yaşıl enerji layihələri olmasa, onlar böyük çətinliklərlə üzləşəcəklər. Orada müxtəlif məhdudlaşdırıcı addımlar da istisna deyil.
Azərbaycanın bu sahədə misilsiz potensialı var. Dünya Bankının bir qolu olan Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən ölkəmizin Xəzərdəki potensialı 157 min meqavat həcmində təsdiqlənib. Ona görə də indi enerji sahəsində bu istiqamət prioritetdir. Artıq keçən ilin oktyabr ayında birinci böyük Günəş Elektrik Stansiyası istismara verilib və qrafik üzrə biz yaxın üç-dörd ilə bərpaedilən enerji növlərinin həcmi təqribən 3-4 min meqavat səviyyəsinə çatdırılacaqdır. Müqayisə üçün qeyd edilməlidir ki, Azərbaycanın ümumi elektrik stansiyalarının potensialı hazırda təqribən 7-8 min meqavatdır və 1200 meqavatlıq yeni stansiya da inşa edilir. Ölkəmizin elektrik stansiyalarımızda hazırda il ərzində təqribən 5 milyard kubmetr təbii qaz elektrik enerjisinin istehsalına sərf edilir. İndi bərpaolunan enerji növləri bizə, o cümlədən imkan verəcək ki, həmin o 5 milyard kubmetr qazı yox, bəlkə 1-2 milyard kubmetr qazı elektrik enerjisinin istehsalına xərcləyək, qalan qazı ixrac edək. Bu gün Avropada Azərbaycan qazına tələbat gündən-günə artır və biz bunu ancaq bərpaolunan enerji hesabına edə bilərik.
Azərbaycanın enerji sahəsində imzaladığı kontraktlar və memorandumlar dünyanın aparıcı yaşıl enerji şirkətləri ilədir. Bunlar 10 min meqavat istehsalı nəzərdə tutur və bu, ölkənin bütün daxili tələbatını ödəyəcək. Təbii ki, bunun iqlim dəyişikliyi məsələlərinə də müsbət töhfəsi olacaq və eyni zamanda, daha böyük həcmdə təbii qaz ixracına imkan verəcəkdir. Növbəti böyük günəş və külək stansiyalarının gələn il istifadəyə verilməsi nəzərdə tutulur. Bunun potensialı həm əlavə iş yerlərinin yaradılmasına, yeni texnologiyaların Azərbaycana gətirilməsinə, həm də bölgələrin inkişafına böyük təsiri olacaq.
Ölkə başçısı öz müsahibəsində qeyd edib ki, Serbiya Azərbaycan qazını alan sayca səkkizinci ölkədir. Bu vaxta qədər Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya, Rumıniya, Macarıstan Azərbaycanın qaz sisteminə qoşulub, müxtəlif interkonnektorlar da yaradılıb və bütün bu interkonnektorların təkanverici qüvvəsi Cənub Qaz Dəhlizi olmuşdur. Bütün bu interkonnektorlar, o cümlədən Yunanıstan-Bolqarıstan və Bolqarıstan-Serbiya, Rumıniya və Macarıstan Cənub Qaz Dəhlizinin bir budağıdır. Hazırda səkkiz ölkə Azərbaycan qazını alır, onlardan altısı Avropa ölkəsidir. Gələcəkdə bu ölkələrin sayı artacağı nəzərdə tutulub.
Tələbat var və artacaqdır. Bununla bağlı ölkəmizin kifayət qədər resursu vardır. Bu gün “Şahdəniz” qaz yatağı dünyanın ən böyük qaz-kondensat yatağıdır. Bu il artıq 1,5 milyard kubmetr qaz “Abşeron” qaz yatağından çıxarılacaq. Bu ölkəmizin əlavə resurslarıdır. Bu ilin sonuna - dekabr ayına qədər “Azəri-Çıraq-Günəşli” yatağında çox böyük potensialı olan “Dərin qaz” adlandırılan layihə çərçivəsində də ilk qaz əldə olunacaq.
“Abşeron” qaz yatağının ikinci fazası ölkəmizin digər layihələrinə aiddir. “Abşeron”da illik hasilatın həcmi 5 milyard kubmetr təşkil edəcəkdir. əlavə olaraq “Şəfəq”, “Asiman”, “Ümid”, “Babək”, “Naxçıvan”, “Qarabağ” yataqlarinda bu gün hazırlığa doğru işlər gedir və onların da resurs bazası kifayət qədər böyükdür. Bu gün Cənub Qaz Dəhlizi indi tam gücü ilə işləyir və əgər bu dəhlizlə əlavə qaz həcmi göndərilsə bu zaman onun genişləndirilməsi lazım olacaqdır. Bu nasos stansiyaları vasitəsilə genişləndirilə bilər və tələbat da var.
Yaşıl enerjiyə gəldikdə isə, yenə də burada Azərbaycan öz rolunu oynayacaq. Çünki yaşıl enerji dəhlizi, o cümlədən Qara dənizin altı ilə çəkiləcək kabel də Azərbaycan resurslarına hesablanıb. Yəni, qazla, neftlə bağlı bütün məsələlər həll olunub. Yaşıl enerjini ixrac etməklə bizim önəmimiz daha da artacaq.
Metin Hüseynov - politoloq