Qoşulmama Hərəkatına sədrlik ölkəmizə əvəzolunmaz təcrübə verib

11-01-2024, 18:36           
Qoşulmama Hərəkatına sədrlik ölkəmizə əvəzolunmaz təcrübə verib
Dövlət başçısı İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bir sıra mühüm əhəmiyyət daşıyan məqamlara, o cümlədən ölkəmizin beynəlxalq təşkilatlardakı fəaliyyətinə toxundu, Ermənistan və onun havadarlarına mesajlar ünvanladı. Azərbaycan 30 illik işğal dövründə dünyanın ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemləri yaşayıb. Buna baxmayaraq Azərbaycan bütün sahələrdə daha da gücləndi, qüdrətləndi, tarixi həqiqətlərə, real faktlara əsaslanan təbliğatı əsasında ölkəmizin ətrafında yaradılan informasiya blokadasını yardı. Ermənilərin yalan üzərində qurulan təbliğatının həqiqət üzərində qalib olması qeyri-mümkün idi. Azərbaycanın ədalətə, beynəlxalq hüquqa əsaslan siyasəti 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdə öz sözünü deyib.
Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində ölkəmizin beynəlxaq təşkilatlardakı fəaliyyətinə xüsusi olaraq toxunub. O,qeyd edib ki, “Qoşulmama Hərəkatına sədrlik bizə BMT-dən sonra ən iri təşkilata rəhbərlik etmək kimi əvəzolunmaz təcrübə verib və doğru yolda olduğumuza dair daha böyük özünəinam yaradıb”. “Hərəkatın yaranmasının təməl prinsiplərini – daha dəqiq desək, dövlətlərin suverenliyini, ərazi bütövlüyünü, müstəqilliyini həmişə tam dəstəkləmişik və dəstəkləyirik, həmçinin Hərəkatın təsisçilərinin 60 ildən də çox müddət əvvəl rəhbər tutduqları ideyaları bölüşürük - məhz böyük geosiyasi mərkəzlərdən uzaq durmaq və heç kimin dediyi ilə oturub-durmamaq”, - deyə dövlətimizin başçısı bildirib.
Hazırda beynəlxalq analitiklər Azərbaycanı daha yaxşı tanıyırlar və ölkəmizin rəhbər tutduğu prinsiplərə bələddirlər. Ölkəmiz təşkilatlardakı fəaliyyətində könüllü inteqrasiya planını dəstəkləyir. Bu, məntiqli olmalı, ölkələrin maraqlarına cavab verməlidir. Ona görə də Qoşulmama Hərəkatı məhz qərarların qəbul edilməsində müstəqil olan alternativ struktur kimi yaradılıb, belə ki, həmin ölkələrin əksəriyyəti də müstəmləkəçiliyin nə demək olduğunu bilirlər.
Azərbaycanın yekdilliklə Qoşulmama Hərəkatına rəhbər seçilməsi və yekdil qərarla sədrlik müddətinin uzadılması bu siyasəti inamla aparmağa imkan verdi. 120 ölkədən 119-nun mandatına malik olan Azərbaycan bu təşkilatda əsas diqqəti ərazi bütövlüyü və suverenlik məsələsinə yönəltdi. Bütün milli nümayəndə heyətləri ilə aparılan mütəmadi iş nəticəsində yeni platforma yaradılmasına nail olundu.
Ökəmiz Hərəkatın sədri seçildikdən sonra bir neçə təşəbbüs irəli sürdü və onlar dəstəkləndi. Bu səbəbdən Parlament, gənclər, qadın platformaları yarandı. Bütün bunlar Hərəkata yeni nəfəs verdi və biz bir neçə sammit və nazirlər səviyyəsində tədbirlər keçirildi. Xüsusən COVID-lə üst-üstə düşdüyü zaman ölkəmizin vaksin milliyyətçiliyi ilə mübarizə sahəsində aktiv fəaliyyəti Hərəkata yeni impuls verdi. Ümumdünya Səhiyyə Təşkilatı vaksinasiya aparılması üçün Hərəkatın məlumat bazasından istifadə edirdi.
COVID-lə mübarizə vaxtlarında bəzi dövlətlərin ikiüzlü siyasəti ifşa edildi. Bir sıra kasıb ölkələr imkansızlıq ucbatından özünün minlərlə, on minlərlə vətəndaşını itirirdi. Əvəzində isə Kanada kimi ölkə öz ehtiyaclarından beş dəfə artıq vaksin aldı. Sonra onların istifadə müddəti qurtardığından hamısını tulladılar. Həmin vaxt isə onlarla ölkə, milyonlarla insan bu vaksinləri gözləyirdi.
Azərbaycan Çin rəhbərliyinin köməyi ilə bu ölkədən aldığı vaksinlər hesabına bir çox ölkələrdən əvvəl, yanvarın 20-dən vaksinasiyaya başladı. Vaksinlərin əsas istehsalçıları olan Qərb ölkələri isə ancaq özlərini düşünürdülər. Bütün bunlar bizi və digər ölkələri demokratiyaya, bərabərliyə, ədalətə, insan haqlarına öyrətməyə çalışanların əsl simasını bir daha aşkara çıxardı. Cənab Prezidentin qeyd etdiyi kimi bu yalançılıq, ikiüzlülük və riyakarlıq kimi xarakterizə edilməlidir.
Azərbaycan həmin günlərdə Ümumdünya Səhiyyə Təşkilatına maliyyə yardımı göstərdi və sonra aldığı vaksinlərin bir hissəsini ehtiyacı olan 80-dən çox dövlətə verdi. Bununla da ölkəmizin dünya miqyasındakı nüfuzu daha da artdı.
Dövlət başçısı İlham Əliyev müsahibəsində qeyd etdi ki, “Bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır. Bu gün ölkə qarşısında duran yeni vəzifələrin yeni dövrün vəzifələri olduğunu diqqətə çatdıran dövlətimizin başçısı qeyd edib: “Biz əsas vəzifəni bir neçə ay bundan əvvəl həll etmişik, ölkəmizin suverenliyini tam bərpa etmişik və sentyabr hadisələri, əlbəttə ki, ümumi kontekstdən çıxarıla bilməz”.

Kübra Cabbarova - əməkdar həkim














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.