İqtisadi sahədə aparılan islahatlar Azərbaycanda tamamilə yeni bir investisiya iqlimi yaradıb

15-02-2024, 16:11           
İqtisadi sahədə aparılan islahatlar Azərbaycanda tamamilə yeni bir investisiya iqlimi yaradıb
Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib. Andiçmə mərasimində birinci xanım Mehriban Əliyeva, dövlət rəsmiləri, hökumətin üzvləri, Milli Məclisin deputatları iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev andiçmə mərasimində çıxış edərək xalqı bir daha əmin edib ki, bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı, ərazi bütövlüyümüzün qorunması üçün əlindən gələni əsirgəməyəcək. Dövlətimizin başçısı prezident seçkilərində ona yenidən böyük etimad və dəstək göstərən Azərbaycan xalqına dərin təşəkkürünü ifadə edib. Cənab İlham Əliyev bildirib ki, “2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq. Müharibədən keçən dövr ərzində biz öz prinsipial mövqeyimizi bütün məsələlərdə göstərmişdik. Bildirilmişdi ki, Ermənistanın üzərinə götürdükləri bütün öhdəliklər yerinə yetirilməlidir. Ancaq vaxt keçdikcə yenidən bizə qarşı ərazi iddialarının irəli sürüldüyünü, onların yenidən çirkin əməllərindən əl çəkmək istəmədiklərini görürük.
İndi yeni dövrün başladığını deyən dövlətimizin başçısı bildirib ki, biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq. İndiyədək qarşıya qoyulan bütün vəzifələr icra edilib. Azərbaycan cəmiyyətində hökm sürən çox müsbət ab-hava bizi daha da gücləndirir. Güclü Azərbaycan bizim həmişə hədəfimiz olub.
Prezident seçkilər zamanı səsvermə hüququndan işğaldan azad edilmiş Xankəndidə istifadə etməsinin səbəblərini də açıqlayıb. Bildirib ki, Xankəndidə verdiyim səs, o qutuya atdığım bülleten sadəcə olaraq bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi.
İlham Əliyev ordu quruculuğu prosesinin davam etdiriləcəyindən də danışıb. Dövlət büdcəmizdə ən böyük xərclərin hərbi xərclər, eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı xərclərin olduğunu xatırladan Prezident ölkəmizin çox güclü hərbi sənaye kompleksi yaratdığını, artıq bunun birinci mərhələsinin başa çatdığını, ikinci mərhələnin isə daha genişmiqyaslı olacağını diqqətə çatdırıb. “Bizim Ordumuz təlimlərdə yox, paradlarda yox, döyüş meydanında öz gücünü göstərmişdir. Ermənistan və ona hərbi cəhətdən dəstək verənlər bilməlidirlər ki, bizi heç nə dayandıra bilməz”, deyə dövlətimizin başçısı qeyd edib.
İlham Əliyev Ermənistanla bağlanacaq sülh müqaviləsinə də aydınlıq gətirərək vurğulayıb ki, əgər bizə qarşı ərazi iddialarına son qoyulmazsa, əgər Ermənistan öz qanunvericiliyini normal qaydaya salmazsa, təbii ki, sülh müqaviləsi olmayacaq. Bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib. Bizi birləşdirən ümummilli məsələnin Qarabağın azad edilməsi olduğunu xatırladan dövlətimizin başçısı qeyd edib: “Bu məsələ artıq öz həllini tapdı və bu birlik daimi olmalıdır. Milli birlik daimi olmalıdır, çünki Azərbaycanın önəmi artır, dünyada oynadığı rolu artır”.
Bu gün iqtisadi sahədə aparılan islahatlar artıq Azərbaycanda tamamilə yeni bir investisiya iqlimi yaratmışdır. Bu sözləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində söyləyib. Dövlətimizin başçısı qeyd edib ki, əgər əvvəlki illərdə investisiyalar daha çox neft-qaz sahəsinə qoyulurdusa, bu gün qeyri-neft sektoruna qoyulan sərmayə milyardlarla dollar səviyyəsindədir. Əldə edilmiş razılaşmalar, imzalanmış kontraktlar yaxın bir neçə ildə özünü elə göstərəcək, sıçrayış elə böyük olacaq ki, bunu hər kəs görəcək. Qarabağ və Şərqi Zəngəzur bizim iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaq. O bölgələrdə həm kənd təsərrüfatı, həm bərpaolunan enerji ilə bağlı layihələr, turizm layihələri qeyri-neft sektoruna böyük dəstək verəcək. Sosial sahədə vacib məsələlərdən biri şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsidir. Bu kateqoriyadan olan insanlara dövlət tərəfindən 14 min 800 fərdi ev və ya mənzil verilmişdir. “Bu kateqoriyadan olan insanların 100 faiz evlərlə təmin edilməsi prosesi sürətlə gedir, o cümlədən bu il və gələn il bu işlər görüləcək”, - deyə dövlətimizin başçısı əlavə edib.
Bu gün istər sənaye inkişafı sahəsində, istər hərbi sənaye kompleksi sahəsində və ümumiyyətlə, hərbi sahədə texnoloji inkişaf və üstünlük böyük əhəmiyyət daşıyır. İkinci Qarabağ müharibəsi, antiterror əməliyyatı zamanı bunu hər kəsin gördüyünü deyən dövlətimizin başçısı qeyd edib: “Təbii ki, Qələbəmizin əsas amili Azərbaycan döyüşçüsüdür. Düşməni məhv edən və Bayrağı azad edilmiş torpaqlara sancan insandır, əsgərdir, zabitdir. Ancaq texniki vasitələr az rol oynamır. Biz texniki vasitələr hesabına İkinci Qarabağ müharibəsindən minimum itkilərlə çıxmışıq”.
Ənənəvi yanacaq növləri - neft-qaz sahəsində işlər davam etdiriləcək. Neft hasilatının sabitləşməsi istiqamətində işlər gedir, hesab edirəm ki, yaxın gələcəkdə nəticələr olacaq. “Bizə sabit neft hasilatı lazımdır və biz investorlar qarşısında bu vəzifəni qoymuşuq”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, müəyyən narahatedici məqamlar olub və işgüzar qaydada təmaslar əsnasında bu məsələlərin həlli gözlənilir.

Tufan Məmmədov – iqtisadçı ekspert












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.