Xocalı faciəsi - insanlığa qarşı terror və vəhşilik - İsrafil Kərimovun yazısı
21-02-2024, 10:38
Ötən əsrdə xalqımıza qarşı Erməni şovinistlərinin törətdiyi ən qanlı və
faciəvi soyqırım hadisəsi olan Xocalı soyqırımından 32 il keçir. 1992-ci il
ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri
keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə
beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq Xocalı
şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan
tutdu.
Bu soyqırım nəticəsində 106 qadın, 63 uşaq və 70 yaşlı insan
olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin
taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Həmin
faciəvi gecə zamanı 76 nəfəri uşaq olmaqla 487 nəfər Xocalı sakini ciddi
şəkildə şikəst edildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini
və 130 uşaq isə bir valideynini itirdi.
Ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində
Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14
məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq
muzeyi və digər tarixi və mədəni abidələr dağıdılıb. Qeyd edək ki, hazırda
Xocalıdan olan məcburi köçkünlər ölkənin 50 şəhər və rayonunda
müvəqqəti məskunlaşıblar.
Xocalıda qətlə yetirilənlərin əziz xatirəsi Azərbaycan xalqının
yaddaşında yaşayır. Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli
sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi
ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikası
ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq
sükut dəqiqəsi elan edilmişdir. Hər il Xocalı soyqırımının ildönümü ilə
əlaqədar minlərlə insanın iştirakı ilə “Ana harayı” abidəsi önündə anım
mərasimi keçirilir.
Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində
aparılan sistemli işin nəticəsidir ki, Xocalı soyqırımı bir çox ölkələrdə qəbul
olunan parlament aktlarında tanınmış və xatırlanmışdır. Bu vaxtadək,
Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras,
İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala,
Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici
orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilib. ABŞ-ın
30-dan çox ştatının parlamentləri və qubernator proklamasiyaları
səviyyəsində tanınıb.
Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması prosesində
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə
2008-ci ildə start verilən “Xocalıya Ədalət” kampaniyası əvəzolunmaz
əhəmiyyətə malikdir. “Xocalıya ədalət” kampaniyası bütün dünyada
insanları müharibəyə, ədalətsizliyə qarşı çıxmağa səsləyir. Kampaniya bir
çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və 100 minlərlə şəxs və
115-dən çox təşkilat onun fəaliyyətini dəstəkləyir.
2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında
qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “Dəmir yumruq” qalib
gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman
ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xocalı
faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı.
Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Vətən yenidən bütövləşdi.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: “Xocalı
şəhidlərinin qanı yerdə qalmadı”. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-
də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror
tədbirləri nəticəsində separatçılardan təmizləndi. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı
şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.
Hazırda azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri
aparılır. Bütün işlər başa çatandan sonra məcburi köçkünlərin, o
cümlədən Xocalıların öz doğma torpaqlarına, evlərinə qayıdışı təmin
ediləcəkdir.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü