Xocalı soyqırımı Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrdən biridir

21-02-2024, 12:18           
Xocalı soyqırımı Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrdən biridir
XX əsr dünya tarixinin ən qəddar soyqırımı aktı olan Xocalı faciəsi haqqına tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində bünövrəsini Ümummilli Lider Heydər Əliyevin qoyduğu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri, Rusiyanın Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə, Xocalı şəhərini işğal edərkən, azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğındır. Belə bir vəziyyətdə erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur oldu. Xocalı soyqırımı zamanı şəhərin 5379 nəfər əhalisi deportasiya olundu,1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalmışdır. 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 8 ailə tam məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərdən hər ikisini itirib, 613 nəfər, o cümlədən 63 uşaq və 106 qadın işgəncə verilməklə vəhşicəsinə öldürülüb.
Doğma yurdlarından didərgin düşmüş və Azərbaycanın 48 rayonuna səpələnmiş Xocalı sakinləri “Qarabağ” münaqişəsinin ədalətli həllini səbirsizliklə gözləyirdilər. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun Zəfər yürüşü Azərbaycanın tarixi qələbəsini təmin etdi. 2020-ci ilin noyabrında 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Qələbə, 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı da daxil olmaqla Qarabağdakı digər şəhər və yaşayış məntəqələrinin işğaldan azad edildi, Şuşada, Xankəndidə, Xocalıda Azərbaycan bayrağının dalğalandırıldı. Xalqımız 30 ilə yaxındır ki, işğal altında olan torpaqlarımızın azad olunmasını təmin etdi, tarixi ədalətini və ölkəmizin ərazi bütövlüyünü tam bərpa etdi.
Hər il bu faciənin ildönümü respublikamızda və dünyanın müxtəlif ölkələrində ürəkağrısı ilə qeyd olunur. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva böyük xidmətlər göstərib. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində də hər il silsilə tədbirlər reallaşdırılır. Həyata keçirilən ardıcıl və kompleks tədbirlərin məntiqi nəticəsi olaraq yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü ifşa olunur. Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapır.
Həmçinin, tariximizin faciəli səhifələrindən biri kimi Xocalı soyqırımı xalqımızın tarixinə qan yaddaşı kimi həkk olundu. 1992-ci il fevralın 26-da xalqımız öz taleyinin ən ağır və acılı anlarından birini yaşadı. Həmin gün qədim Azərbaycan şəhəri Xocalı erməni hərbi birləşmələri tərəfindən yer üzündən silindi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yaddaşlardan silinməyə tarixi sözləri “...Xocalı faciəsi təsadüfi hadisə deyildi. Bu, iki yüz ildən artıq müddətdə davakar erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırımı və etnik təmizləmə siyasətinin tərkib hissəsi idi”.
44 günlük Vətən müharibəsində və 2023-cü ildəki antiterror tədbirləri nəticəsində Azərbaycanın qəhrəman oğulları Xocalı canilərini məhv etməklə qətliam qurbanlarının qisasını aldılar.

Türkan Cümşüdova – YAP üzvü












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.