Azərbaycan yaşıl enerjiyə keçid prosesində iştirak edir - İsrafil Kərimovun yazısı

2-03-2024, 15:44           
Azərbaycan yaşıl enerjiyə keçid prosesində iştirak edir -
Martın 1-də ölkəmiz növbəti mötəbər toplantıya ev sahibliyi edib. Bakıdakı “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edərək çıxış edib.
İlk növbədə qeyd edilməlidir ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər toplantısı 2015-ci ilin fevral ayından etibarən keçirilir və bu il tədbirin 10 ili tamam olur. Bu il Bakıda keçirilən toplantıda Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat, 44 şirkət təmsil olunub. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksək səviyyəli nümayəndələr iştirak ediblər.
Xatırlatmaq lazımdır ki, Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simson və Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov hazırda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının həmsədrləridir. Onlar Avropa İttifaqının bütün planlarımızın reallaşdırılmasında yer alması üçün məhsuldar fəaliyyət göstərirlər.
Toplantıdakı çıxışında ölkə başçısı bir sıra mühüm məqamlara toxunub. Qeyd edilib ki, Cənub Qaz Dəhlizi tamamilə yeni bir marşrutdur. Bu gün ona artıq bir çox marşrutlar – interkonnektorlar əlavə edilib. Azərbaycana gəldikdə isə Azərbaycan qazı yeni mənbədir. Bu gün Avrasiyadakı geosiyasi vəziyyət məhz bizim gördüyümüz işlərin nə dərəcədə düzgün olduğunu sübut edir.
Xəzər dənizinin Azərbaycana məxsus sektorunda, “Abşeron” qaz-kondensat yatağında təbii qazın kommersiya hasilatı keçən il baş verən vacib hadisələrdən biri olub. Bu “Şahdəniz”dən sonra ikinci nəhəng qaz ehtiyatlarının kəşfi deməkdir. “Abşeron” qaz-kondensat yatağı ölkəmizin gələcək şaxələndirmə layihələrimizin resurs bazasını təşkil edəcəkdir.
“Abşeron” layihəsinin həyta keçirilməsinin ilk fazasında burada illik hasilatın 1,5 milyard kubmetr həcmində olması gözlənilir. İkinci faza ilə bağlı razılıq əldə edildikdən sonra daha 4-5 milyard kubmetr həcm əlavə ediləcəkdir ki, onun böyük əksəriyyəti beynəlxalq bazarlara nəql olunacaq.
Əldə edilən növbəri nailiyyət Azərbaycanın daha iki ölkə - Macarıstana və Serbiyaya qaz nəql etməsidir. Bununla da ölkəmizin Avropaya qaz təchizatı coğrafiyası genişlənərək 8-ə çatmışdır ki, onlardan da altısı Avropa ölkəsidir. Ölkəmizin keçən il Avropada istifadəyə verilmiş interkonnektor layihələrinin təməlində Cənub Qaz Dəhlizi layihəsi dayanır ki, onlar ölkəmizə Avropada mümkün qədər çox məntəqələri əhatə etməyə imkan verəcəkdir.
Ötən ildən Birləşmiş Ərəb Əmirliklərini təmsil edən ADNOC şirkəti Abşeron layihəsinin səhmdarı oldu. Bu, da öz növbəsində əlavə maliyyələşmə, təcrübə olmaqla beynəlxalq əməkdaşlığı daha da genişləndirəcəkdir.
Tədbirəki çıxışında Prezident İlham Əliyev bildirib: “Hesab edirəm ki, Azərbaycan etibarlı tərəfdaş olduğunu artıq sübut edib. Bizim sözümüz imzamız qədər dəyərlidir. Əminəm ki, qarşımıza qoyduğumuz bütün planlar həyata keçiriləcəkdir, çünki təkcə keçən ilin göstəriciləri bunun sübutudur”.
Gələcək planların müzakirəsi zamanı qeyd edildi ki, ilin ilk rübündən etibarən çox böyük ehtiyata malik, olduqca ümidverici struktur olan “Azəri-Çıraq-Günəşli” dərin qaz layihəsi çərçivəsində təbii qazın hasilatını gözlənilir. Uzun illərdir ki, “Azəri-Çıraq-Günəşli” Azərbaycanın neft ixracının əsas mənbəyidir. İlkin mərhələdə burada hasilat təqribən yarım milyard kubmetr olacaq, ancaq bir neçə il ərzində bu rəqəm 3-4 dörd dəfə artacaqdır. Bununla yanaşı, “Ümid” qaz-kondensat yatağının ikinci fazasının işlənilməsi mövcuddur ki, potensial olaraq oradan da 3-4 il ərzində 2-3 milyard kubmetr qaz əldə etmək olacaqdır. Beləliklə, bütün bu planlar tamamilə realdır, onlar müfəssəl təhlilə, məlumata, informasiyaya və ölkəmizin maliyyə resurslarına, habelə investorlarla razılaşmalara əsaslanır. Bu gün Avropada Azərbaycan qazına böyük tələbat vardır. Öz növbəsində ölkəmizin də resursları və lazımi infrastrukturu vardır.
Qeyd edildiyi kimi, Azərbaycan, həmçinin yaşıl enerjiyə keçid prosesində iştirak edir. Bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Ölkənin bərpaolunan enerji layihələri yüksək göstəricilər nümayiş etdirir. Keçən ilin oktyabr ayında Azərbaycanda gücü 230 meqavat olan ilk böyük Günəş Elektrik Stansiyasının açılışı keçirilib. İmzalanmış müqavilələrə və anlaşma memorandumlarına əsasən 2030-cu ilədək ölkəmizdə 5 min meqavata qədər, yəni 5 qiqavat günəş və külək enerjisi istehsal etməyi planlaşdırılır.
Qeyd edilib ki, Cənub Qaz Dəhlizi artıq 3 ildir ki, fəaliyyətədir. Bu, Avrasiyada ən böyük infrastruktur layihələrindən biridir. Uzunluğu 3500 kilometr olan inteqrasiya edilmiş boru kəməri sistemi olan bu layihə enerji təhlükəsizliyi və əməkdaşlıq layihəsidir.


İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.