Vətən və tarixin qorunduğu gün - İsrafil Kərimovun yazısı

18-06-2024, 16:28           
 Vətən və tarixin qorunduğu gün - İsrafil Kərimovun yazısı
Düz 31 il əvvəl - 1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş
müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yaranmışdı. Anarxiya və
hakimiyyətsizlik hökm sürürdü. Dağınıq silahlı birləşmələrdən ibarət "ordu",
həmin dəstələrin komandirlərinin rəqabəti, intizamsızlığı və yalnız öz
maraqlarını güdməsi nətiəsində cəbhədə düşmənin istilasına rəvac verilən
dövr yaşanırdı. Ölkə məhv olmaq təhlükəsi ilə üzləşmişdi. Şimalda və
cənubda separatçılar müxtəlif planlar qurmuşdular. Cəbhədə isə düşmən
fəallaşmışdı. O, Bakıdakı hakimiyyətin bivecliyini, zəifliyini, passivliyini
görmüşdü. Belə bir şəraitdə Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə
gətirilməsi tələbini irəli sürdü və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya
dəvət etməyə məcbur oldular. 1993-cü ilin 15 iyun tarixində Heydər
Əliyev xalqın təkidli tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri
seçildi.
Ulu Öndər Heydər Əliyev Ali Sovetin sədri kimi ilk gündən
parlamentarizm ənənələrinə sadiq qalaraq aşkarlıq prinsipinə üstünlük
verdi. Xalqa ölkədə yaranan vəziyyətlə bağlı düzgün və ətraflı məlumat
verilməyə başlandı. Milli Məclisin iclasları, mətbuat konfransları, respublika
əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına verildi.
İctimai-siyasi həyatdakı gərginliyin aradan qaldırılması üçün lazımı tədbirlər
görülməyə başlandı.
Heydər Əliyev 1993-cü ilin 15 iyununda xalqın xilaskarı kimi Bakıya
gələrək Ali Sovetin sədri seçilmişdi. Lakin ölkədə bütün güc strukturları
parlamentin sədrinə yox, formal olaraq, legitim prezidentə, faktiki olaraq
baş nazirə tabe idi. Parlamentin sədri kimi Heydər Əliyevə tabe olan nə
ordu, nə də heç bir güc strukturu yox idi. Paytaxtı tərk etmiş legitim
prezidentin tərəfdarı olan deputatlar və ona sadiq məmur korpusu
tərəfindən Heydər Əliyevin hətta parlamentin sədri kimi səlahiyyətlərinin
icrasına da hüquqi və qeyri-hüquqi maneələr yaradırdılar.
Nəhayət ki, Azərbaycan xalqının arzu və istəyi reallaşdı, ədalətin və
milli iradənin təntənəsi baş verdi. İyunun 24-də keçirilən və Azərbaycan
Televiziyası ilə canlı yayımlanan Parlamentin iclasında Milli Məclis
Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əlirza oğlu
Əliyevə verilməsi barədə qərar qəbul etdi. Bu, artıq bütün hadisələrin
dövlətin nəzarəti altına götürülməsi, xalqın iradəsinə tabe edilməsi demək
idi.
Heydər Əliyev Ali Sovetin sədri vəzifəsində cəmi 4 ay çalışdı və bu
qısa müddətdə parlamentin ruhunu kökündən dəyişdi, Milli Məclisə siyasi
mədəniyyət gətirdi. Onun iclası aparmaq tərzi, fikirlərini dəqiq
əsaslandırması, çıxışların məğzini tutmaq bacarığı, qiymətli fikirləri
ümumiləşdirmək qabiliyyəti özlüyündə parlamentin üzvləri üçün yeni bir
örnək, əsl parlamentarizm məktəbi idi.
1993-cü ilin avqustun 29-da öz postundan könüllü imtina edərək
Kələki kəndinə qaçan prezident Əbülfəz Elçibəyə etmad məsələsi ilə bağlı
referendum keçirildi. Referendum respublikanın bütün bölgələrində tam
demokratik şəkildə, vətəndaşların xüsusi fəallığı, vətəndaşlıq şüurunun
nümayiş etdirilməsi şəraitində, olduqca yüksək səviyyədə keçdi. Bununla
da referendum Azərbaycan Respublikasında yaşayan bütün vətəndaşların
yekdilliyini, demokratiyaya sadiq olduqlarını bir daha təsdiq edərək Heydər
Əliyevə olan inamı bir daha nümayiş etdirdi.
Xalqımız müstəqilliyin ilk illərində qarşıya çıxan çətin problemlərin
həllini, xilaskarlıq missiyasını yalnız və yalnız Heydər Əliyevdə görürdü.
Ümumxalq məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev
Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi
əbədi olaraq yaşayacaqdır.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.