Azərbaycan Mərkəzi Asiya ölkələri ilə bərpaolunan enerji sahəsində əməkdaşlığın təşəbbüskarıdır

10-08-2024, 09:47           
Azərbaycan Mərkəzi Asiya ölkələri ilə bərpaolunan enerji sahəsində əməkdaşlığın təşəbbüskarıdır
Avqustun 9-da Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının dövlət başçılarının görüşündə iştirak edib. Çıxışı zamanı Prezident İlham Əliyev deyib ki, Azərbaycan bərpaolunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır. Bu ilin may ayında imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu”na diqqəti çəkərək ölkə başçısı yaşıl enerji sahəsində əməkdaşlıqda bunun ilk addım olduğunu vurğulayıb.
Bildirilib ki, Azərbaycan bərpaolunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır. 2024-cü ilin may ayında imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” yaşıl enerji sahəsində əməkdaşlığımızda ilk addımdır.
Azərbaycan Mərkəzi Asiya ölkələri ilə bərpaolunan enerji sahəsində əməkdaşlığın təşəbbüskarıdır. 2023-cü il noyabrın 14-də Azərbaycan bununla bağlı ilk dəfə təşəbbüslə çıxış etdi. Həmin vaxt Özbəkistan və Qazaxıstan hökumətlərinin nümayəndələrinə öz ölkələrində gələcəkdə hasil ediləcək “yaşıl enerji”nin Azərbaycana ötürülməsi məsələsinə baxmaq təklif edildi. 2024-cü ilin mayında bu məsələ yenidən gündəmə gəldi. Daşkənddə Azərbaycan, Özbəkistan və Qazaxıstan iqtisadiyyat və energetika nazirləri arasında bununla bağlı ilk memorandum imzalandı. Bu sənəd onu göstərdi ki, tərəflər bu məsələdə maraqlıdır və bundan sonrakı mərhələdə danışıqlar daha da inkişaf etdiriləcək. Hazırkı mərhələdə də bu proses gedir Azərbaycan Prezidentinin də vurğuladığı kimi. 2022-ci ildə Azərbaycan Gürcüstan və Avropan Birliyinə daxil olan Rumınıya və Macarıstan Qara dənizin dibi ilə Avropaya Azərbaycanda istehsal olunan yaşıl enerjinin çatdırılması ilə bağlı bir layihəyə imza atıldı. COP29 ərəfəsində bu layihənin tezniki göstəriciləri açıqlanmalıdır. Layihə hazır olmalıdır ki,2025-ci ildə əldə olunan məlumat əsasında layihənin maliyyə tərəfi maraqlı tərəflərlə müzakirə edilsin. Xəzərin o tayından bu tayına yaşıl enerjinin nəqli Azərbaycanı tranzit ölkəyə çevirəcək. Digər tərəfdən Avropanın enerji təhlükəsizliyində oynayacağı rol daha da arta bilər. Neft və neft məhsulları, mavi yanacaq, ardıyca bərpaolunan enerji ilə Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verir və daha çox maraqlı tərəfləri cəlb etməyə davam edir.
Görüşdəki çıxışında ölkə başçısı qarşılıqlı fəaliyyətimizin mühüm istiqamətlərindən birinin nəqliyyat-tranzit sahəsində əməkdaşlıq olduğunu qeyd edib. Dövlətimizin başçısı bildirib ki, “Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində görülmüş işlər, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta Dəhlizin praktiki cəhətdən önəmini daha da artırır”.
“Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə fəal şəkildə investisiya layihələri həyata keçirilir. Artıq Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan birgə investisiya fondları yaradılıb. Həyata keçirilən “Rəqəmsal İpək Yolu” layihəsi rəqəmsal infrastrukturun inkişafına və rəqəmsal təhlükəsizliyə töhfə verəcəkdir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.