Xalqımız qələbəmizlə fəxr edir

Bu gün, 18:18           
Xalqımız qələbəmizlə fəxr edir
2023-cü il oktyabrın 15-də xalqımız növbəti sevincli və fəxredici gününü yaşadı. Həmin gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi, Ağdərə, Xocalı, Xocəvənd şəhərlərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində, Sərsəng su anbarının ərazisində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldı. Həmçinin ölkə başçısı Şuşa rayonunun Malıbəyli kəndində, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində, Əsgəran qalasında oldu, Tərtər rayonunun Suqovuşan qəsəbəsində İstirahət parkının aşılışında iştirak etdi və Ağdam-Füzuli avtomobil yolunun tikintisi ilə tanış oldu.
Hələ 2022-ci ilin avqustunda keçirilən “Qisas” əks-əməliyyatı nəticəsində yüzlərlə erməni hərbçinin Qarabağ bölgəsindən çıxarılmasından sonra dövlətimizin başçısı demişdi: “Bu, təəssüf ki, belə əməliyyatların effektiv olduğunu deməyə əsas verir. “Təəssüf ki” deyirəm, çünki bu, bu yerə gəlməməli idi. Sadəcə olaraq, Ermənistan bizim xəbərdarlıqlarımızı düzgün təhlil edib, düzgün nəticə çıxarsaydı, buna ehtiyac qalmazdı”. 2023-cü il sentyabrın 19-20-də antiterror tədbirlərindən sonra da Prezident İlham Əliyev xalqa müraciəti zaman artıq qanunsuz erməni silahlı birləşmələrinin mövqelərdən çıxarılma prosesi başladığını və təslim olacaqlarını bildirdi. Məsələnin bu yerə gəlib çatması təbii ki, qarşı tərəfin günahıdır.
Əfsuslar olsun ki, Azərbaycan Prezidentinin münaqişəni sülh yolu ilə, diplomatik yolla həll etmək niyyətini Ermənistan rəhbərliyi və onların xaricdəki havadarları qəbul edə bilmirdi, bununla da güc tətbiqini qaçılmaz edirdi. Prezident İlham Əliyevin mühüm məsələləri söz ilə həll etmək bacarığını Vətən müharibəsi dövründə müxtəlif kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrdə gördük. Ümumiyyətlə, Prezidentimizin bütün müsahibələri bizə çoxlu təvazökarlıq, soyuqqanlılıq və müdriklik nümunələri təqdim edir.
“Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibəsində dediyi “Mənim əsas vəzifəm Azərbaycan xalqının etimadını doğrultmaq, bu illər ərzində verdiyim vədlərə əməl etməkdir” sözləri xalqın ürəyindən xəbər verirdi. Azərbaycan Prezidentinin “Fox News”, “BBC News” və ARD-yə müsahibələri müasir və gələcək siyasi və ictimai xadimlər üçün xüsusi bir nümunədir. Beləliklə, dövlətimizin başçısının informasiya sahəsində də qələbəsi Zəfərimizi şərtləndirən amillərdən biri oldu.
Hərbi komponenti iqtisadi komponentdən ayrı salmaq olmaz. Belə ki, Prezident İlham Əliyev müsahibələrinin birində qeyd etmişdi: “Biz uzun müddətdir ki, potensialımızı gücləndirmək, ilk növbədə, iqtisadi müstəqilliyi təmin etmək üçün çalışırdıq. 2010-cu ildə Azərbaycan artıq tam müstəqil iqtisadi siyasət yürütməyə, islahatlar həyata keçirməyə və infrastruktura böyük investisiyalar yatırmağa qabil idi”.
Son Antiterror tədbirlərindən sonra həmin ərazilərdə Azərbaycan Respublikasının Konstitusiya quruluşu tam bərpa edildi, burada yaşayan erməni millətindən olan insanların reinteqrasiyası prossesinə başlanıldı. Eyni zamanda artıq 4 ildir ki, Vətən müharibəsində işğaldan azad edilən şəhər və qəsəbələrdə bərpa-qiruculuq işləri böyük sürətlə həyata keçirilir, keçmiş məcburu köçkünlərin doğma yurdlarına qayıdışı prossesi davam edir. Bu da hər bir Azərbaycanlının böyük sevincinə səbəb olur.
21 il əvvəl Azərbaycan xalqı cənab İlham Əliyevə böyük etimad göstərdi və artıq 21 ildir ki, Azərbaycanın Prezidenti olan İlham Əliyev ona olan inam və etimadı tam şəkildə döğrultdu, verdiyi söz əməl etdi. Vətən müharibəsindəki Qələbədən 4 il sonra ölkəmizin ərazi bütövlüyü təmin edilib, torpaqlarımız işğaldan azad edilib. bu gün artıq Xankəndinin mərkəzində Azərbaycan Bayrağı dalğalanır, Azərbaycanın gerbi burada öz yerini tutub. Bu çox böyük xoşbəxtlikdir və tarixi hadisədir. Prezident İlham Əliyevin dediyi kimi “Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər”.

İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.