Azərbaycan və Somali münasibətləri növbəti mərhələyə qədəm qoyur

Bu gün, 16:56           
Azərbaycan və Somali münasibətləri növbəti mərhələyə qədəm qoyur
Azərbaycan Respublikası ilə əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olan ölkələrdən biri də Somali Respublikasıdır. Azərbaycan Respublikası və Somali Respublikasıarasında dostluq münasibətlərinə, etibarlı və hərtərəfli əməkdaşlığa yeni təkan verən 12 fevral 2025-ci il tarixində Prezident İlham Əliyevin Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudilə keçirilən görüşü olmuşdur.
Görüş zamanı ikitərəfli əlaqələrin genişləndirilməsi, ölkələr arasında əməkdaşlığın daha da dərinləşməsi, müxtəlif sahələrdə münasibətlərin inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılmışdır.
Prezident İlham Əliyev bu əlaqələrin inkişafında baş verən müsbət qendensiyanı mətbuata verdiyi Bəyanatda qeyd edərək bildirmişdir ki, “Bu, tarixi səfərdir və ölkələrimiz arasında ikitərəfli münasibətlərin tarixində ilkdir. Əminəm ki, səfər ölkələrimiz arasında sıx dostluq münasibətlərində yeni səhifə açacaq. Bu gün Prezidentlə görüşümüz zamanı biz qarşılıqlı maraq doğuran kifayət qədər böyük sayda məsələləri artıq müzakirə etdik. Bu gün müzakirələrimizi nümayəndə heyəti üzvlərinin iştirakı ilə davam etdirəcəyik.
Bu gün imzalanmış sənədlər ikitərəfli əlaqələrimizi çox sahələrdə inkişaf etdirməkdə qarşılıqlı iradəmizi aydın şəkildə nümayiş etdirir. Əminəm ki, hazırda Bakıda imzalanmış bütün razılaşmalar həyata keçiriləcək və münasibətlərimizi daha yüksək səviyyəyə qaldıracaq.
Biz regionlarımızda geosiyasi vəziyyəti, ölkələrimizin üzləşdiyi çağırışları geniş şəkildə müzakirə etdik, ölkələrimizin ərazi bütövlüyünə və suverenliyinə qarşılıqlı dəstəyimizi, eləcə də terrorçuluğa və ekstremizmə qarşı mübarizədə ortaq mövqeyimizi bir daha vurğuladıq. Əlbəttə, hər bir ölkə üçün siyasi sabitlik inkişafı təmin edən ilkin şərtdir. Mən 1990-cı illərdən və bu əsrin əvvəlindən tutmuş beynəlxalq səviyyədə tanınmış ərazilərimizin erməni işğalından azad edilməsinə qədər Azərbaycanın üzləşdiyi ağır dövr barədə cənab Prezidentə məlumat verdim”.
Dövlət başçımız eyni zamanda bildirmişdir ki, “Müzakirə etdiyimiz və edəcəyimiz sahələr sırasında, düşünürəm ki, ən vaciblərindən biri təhsil sahəsidir. Bu gün həmin sahədə artıq ilkin nailiyyətlərimiz var. Somalidən bir sıra tələbə Azərbaycanda Heydər Əliyev adına təqaüd əsasında təhsil alır. Bu gün imzalanmış sənəd onların sayını artırmaq imkanını yaradacaq. İlkin mərhələdə on tələbə, sonra isə onların sayı daha çox ola bilər. Bir sözlə, onların universitetlərimizdə müasir təhsil proqramlarına çıxış əldə etmək imkanı olacaq və belə fürsət Somalinin iqtisadi inkişafına fayda verəcək.
Biz, həmçinin Somalidə sərmayə imkanlarını müzakirə etdik. Bildiyiniz kimi, cənab Prezidentin səfərindən əvvəl Azərbaycanın böyük nümayəndə heyəti bir həftə öncə Somaliyə səfər etmiş, əsasən, səfərin hazırlanması və eyni zamanda, gələcəkdə güclü iqtisadi, siyasi və mədəni əlaqələrin qurulması üzərində çalışmışdır. Düşünürəm ki, həmin proses davam etməlidir. Düşünürəm ki, Prezidentin rəsmi səfəri nəticəsində biz digər heyəti konkret hədəf və məqsədlərlə sərmayə sahələrini müəyyən etmək, eləcə də Azərbaycanın sərmayələri qəbul oluna biləcək və faydalı olacaq konkret layihələri qeyd etmək üçün Somaliyə ezam etməliyik. Məsələn, bu sahələr infrastruktur, liman qurğuları və kənd təsərrüfatı ola bilər. Cənab Prezident kənd təsərrüfatında böyük potensialın olduğu barədə mənə məlumat verdi. Mən, həmçinin Azərbaycanda özünü təmin edən kənd təsərrüfatının yaradılması ilə əlaqədar hədəflərimiz barədə məlumat verdim. Bir sözlə, hesab edirəm ki, biz bu sahədə kifayət qədər nəzərəçarpan əməkdaşlıq qura bilərik.

Aynur Xəlilova - politoloq















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.