Azərbaycan və Çin arasında iqtisadi əlaqələrin böyük inkişaf perspektivləri vardır
Bu gün, 11:41

Aprelin 21-də Azərbaycan Prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə məxsusi müsahibə verib. İki dost dövlət arasında münasibətlərin bir çox sahələrinə toxunulan bu müsahibədə iqtisadi əlaqələrin inkişafı xüsusi yer alıb.
Qeyd edilib ki, 2024-cü ildə Azərbaycanın xarici ticarətinin ümumi həcminin 7,9 faizi Çinin payına düşüb, həmçinin idxal üzrə də bu göstərici 17,69 faizə çatıb. Çin Azərbaycanın dördüncü böyük ticarət tərəfdaşıdır. Ötən il noyabrın 24-də Azərbaycanın ixrac malları daşıyan ilk dəmir yolu qatarı Bakıdan Çinə yola salınıb. Çinin şəhərlərində Azərbaycan ticarət evləri yaradılır, Azərbaycan xalçaları, nar şirələri və başqa yüksəkkeyfiyyətli məhsullar Çində öz alıcılarını tapıb.
Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib.
Hazırda Azərbaycan ticarət və şərab evləri artıq ÇXR-in Pekin, Şanxay, Urumçi, Tsindao, Çendu, Nankin və Çjantszyatsze şəhərlərində fəaliyyət göstərir. Onlar ikitərəfli ticari münasibətlərimizin inkişafına sanballı töhfə verir. Azərbaycan Ticarət Evi, həmçinin Çində tanınmış beynəlxalq “JD” onlayn ticarət platformasında yaradılıb.
Bu gün Azərbaycanda Çin kapitalı ilə 375 şirkət qeydə alınıb, onlardan 298-i aktiv fəaliyyət göstərir. Hazırda Azərbaycanla Çin arasında qeyri-neft sektorunda, xüsusən yüksək texnologiyalara və innovasiyalara, alternativ və bərpaolunan energetikaya yönəlmiş birbaşa investisiyaların cəlb olunması sahəsində birgə əməkdaşlığın perspektivlərinə dair danışıqlar aparılır.
Azərbaycan ÇXR-in Sədri Si Cinpin tərəfindən irəli sürülmüş “Kəmər və yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biridir. Ölkəmiz bu istiqamətdə ciddi praktik layihələr həyata keçirir. Əminliklə demək olar ki, Azərbaycan bu layihənin reallaşmasına istər öz ərazisində, istərsə də onun hüdudlarından kənarda Çindən sonra daha çox investisiyalar qoyan ikinci ölkədir. Bu layihə təkcə nəqliyyat əlaqəsini təmin etmir, həmçinin müxtəlif ölkələr arasında əlaqələri gücləndirir, dialoq və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir və beynəlxalq ticarət üçün yeni imkanlar yaradır.
Qeyd edilib ki, ölkəmiz “Kəmər və yol” təşəbbüsü çərçivəsində Çinlə əməkdaşlığı genişləndirir. Bu istiqamətdə artıq mühüm uğurlar qazanılıb. “Özünün əlverişli coğrafi mövqeyindən istifadə edən Azərbaycan ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirməyə, müasir infrastruktur yaratmağa və onların ötürücülük qabiliyyətinin artırılmasına əlavə investisiya qoymağa davam edir”, - deyə Azərbaycan Prezidenti bildirib.
Son 20 ildə Azərbaycanda 21 min kilometr avtomobil yolları salınıb və təmir edilib, 335 körpü və yolayrıcı, 45 tunel, 163 yerüstü və yeraltı keçid tikilib. Dəmir yolu infrastrukturunun yaxşılaşdırılması üzrə böyük işlər görülüb, 1500 kilometrdən artıq dəmir yolu tikilib və 1800 kilometrlik sahə təmir edilib.
Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz), həmçinin Xəzərdə ən iri limanlardan biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı “Kəmər və yol” təşəbbüsü çərçivəsində iqtisadi və nəqliyyat imkanlarının reallaşdırılması üçün yeni perspektivlər açır.
Cənab prezident müsahibəsində bildirib ki, hazırda Orta Dəhliz Avropa və Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Çinlə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur, həmçinin yüklərin Çindən Avropaya və əks istiqamətdə çatdırılmasının ən optimal yoludur. Onun əhəmiyyəti sürətlə artır.
Azərbaycan ilə Çin arasında tranzit daşımaların həcmi 2024-cü ildə 378 min ton olub ki, bu da 2023-cü illə müqayisədə 86 faiz çoxdur. 2024-cü il ərzində Çindən Azərbaycana ixrac və tranzit rejimində Orta Dəhlizlə 287 marşrut qatarı yola salınıb.
Bütün bu qeyd edilənlər əminlik yaradır ki, Azərbaycan və Çin arasında bütün sahələrdə olduğu kimi iqtisadi sahədə də əlaqələrin böyük inkişaf perspektivləri vardır.
Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru