Böyük perspektivləri olan əlaqələr

Bu gün, 15:42           
Böyük perspektivləri olan əlaqələr
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinin Sinxua agentliyinə məxsusi müsahibəsində ölkəmizdə gedən bir çox prosseslərə, xarici və daxili siyasət, iqtisadi əlaqələr, nəqliyyat, Azərbaycan və Çin arasında dosluq və əməkdaşlıq əlaqələrinin inkişafı və s. məsələlərə toxunuldu. Çinli jurnalistin suallarını ətraflı cavablandıran dövlətimizin başçısı iki ölkə arasında gələcək əməkdaşlıq əlaqələrindən də danışdı.
İki dost dövlət arasında münasibətlərin bir çox istiqamətlərinə toxunan dövlət başçısı qeyd edib ki, Çin dünyanın ən çox dinamik inkişaf edən ölkələrindən biridir. ÇXR-in Sədri Si Cinpinin qətiyyətli və müdrik rəhbərliyi altında Çinin bütün sahələrdə qazandığı nailiyyətlər və uğurlar onu dünyanın ən güclü və qabaqcıl ölkələri sırasına çıxardı, ölkənin beynəlxalq arenada mövqelərini daha da möhkəmləndirdi. Si Cinpinin başçılığı ilə Çin böyük uğurlar qazanıb. Çinin inkişafı təkcə Çin xalqının deyil, həm də dünyanın maraqlarına cavab verir.
ÇXR-in Sədri Si Cinpinin dəvəti ilə Prezident İlham Əliyev 2014 və 2015-ci illərdə Çinə işgüzar səfərdə olub, 2019-cu ildə isə Pekində keçirilən İkinci “Kəmər və yol” beynəlxalq əməkdaşlıq forumunda iştirak edib. Sədr Si Cinpin ilə görüşləri və səmərəli müzakirələri böyük məmnuniyyətlə xatırlayan ölkə başçısı bildirib ki, qədim tarixə və xeyirxah ənənələrə əsaslanan Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir, iki ölkə arasındakı strateji tərəfdaşlıq yeni müsbət məzmunla zənginləşir.
Ölkə başçıları arasındakı fəal dialoq, şəxsi görüşlər, telefon danışıqları, məktubların mübadiləsi əsasında yaranan qarşılıqlı hörmət və etimad ikitərəfli münasibətlərin dərinləşməsində misilsiz rol oynayır.
Azərbaycan Prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə məxsusi müsahibəsində bildirib ki, iki ölkə başçısı arasında Astanada keçirilən görüş və onun yekunlarına dair qəbul edilən Birgə Bəyannamə tarixi hadisədir və Azərbaycan-Çin münasibətlərində yeni səhifə açır.
Dövlətimizin başçısı, həmçinin bildirib: “ÇXR-in Sədri Si Cinpin ilə ikitərəfli görüş əsnasında çıxışımda qeyd etdim ki, qəbul olunan Bəyannamə ÇXR və Azərbaycanı rəsmi strateji tərəfdaşlara çevirir və bu, böyük nailiyyət, böyük məsuliyyətdir”. Prezident İlham Əliyev yüksəksəviyyəli səfərlər mübadiləsinin dövlətlərarası münasibətlərimizin dərinləşməsi prosesinə əlavə impuls verəcəyinə inandığını vurğulayıb.
İki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsindən danışan Prezident İlham Əliyev qeyd edin ki, Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib, onun xarici ticarət dövriyyəmizdə payı 7,9 faiz olub, həmçinin idxal üzrə də lider mövqeyinə çıxıb və bu göstərici 17,69 faizə çatıb.
Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib.
Hazırda Azərbaycan ticarət və şərab evləri artıq ÇXR-in Pekin, Şanxay, Urumçi, Tsindao, Çendu, Nankin və Çjantszyatsze şəhərlərində fəaliyyət göstərir. Onlar ikitərəfli ticari münasibətlərimizin inkişafına sanballı töhfə verir. Azərbaycan Ticarət Evi, həmçinin Çində tanınmış beynəlxalq “JD” onlayn ticarət platformasında yaradılıb.
Bu gün Azərbaycanda Çin kapitalı ilə 375 şirkət qeydə alınıb, onlardan 298-i aktiv fəaliyyət göstərir. Hazırda Azərbaycanla Çin arasında qeyri-neft sektorunda, xüsusən yüksək texnologiyalara və innovasiyalara, alternativ və bərpaolunan energetikaya yönəlmiş birbaşa investisiyaların cəlb olunması sahəsində birgə əməkdaşlığın perspektivlərinə dair danışıqlar aparılır.
İki ölkə arasında hələ də reallaşdırılmayan böyük potensialın mövcud olduğunu vurğulayan dövlətimizin başçısı vurğulayıb: “Hesab edirəm ki, iki ölkə arasında iqtisadi-ticari əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya ikitərəfli iqtisadi əlaqələri genişləndirmək, əməkdaşlığın perspektivli istiqamətlərini aşkara çıxarmaq və onları hüquqi müstəvidə bundan sonra möhkəmləndirmək üçün mühüm mexanizmdir. Komissiyanın qərarlarının vaxtında yerinə yetirilməsi səylərimizin uğur qazanmasının rəhni olacaq”.
Bildirilib ki, son 20 ildə Azərbaycanda 21 min kilometr avtomobil yolları salınıb və təmir edilib, 335 körpü və yolayrıcı, 45 tunel, 163 yerüstü və yeraltı keçid tikilib. Dəmir yolu infrastrukturunun yaxşılaşdırılması üzrə böyük işlər görülüb, 1500 kilometrdən artıq dəmir yolu tikilib və 1800 kilometrlik sahə təmir edilib.
Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz), həmçinin Xəzərdə ən iri limanlardan biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı “Kəmər və yol” təşəbbüsü çərçivəsində iqtisadi və nəqliyyat imkanlarının reallaşdırılması üçün yeni perspektivlər açır.
Hazırda Orta Dəhliz Avropa və Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Çinlə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur, həmçinin yüklərin Çindən Avropaya və əks istiqamətdə çatdırılmasının ən optimal yoludur. Onun əhəmiyyəti sürətlə artır.
Bunlar da gələcəkdə iqtisadi əlaqələrin genişlənməsinə zəmin yaradır.

Tufan Məmmədov – iqtisadçı ekspert














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.