Ölkəmizin xarici siyasətinin Asiyada uğuru

Bu gün, 12:58           
Ölkəmizin xarici siyasətinin Asiyada uğuru
XXI əsrin geosiyasi reallıqları, xüsusən də Qərbin siyasi oyunları, enerji təhlükəsizliyi və beynəlxalq hüququn pozulması kimi amillər bir çox ölkələri öz xarici siyasət konsepsiyalarını yenidən nəzərdən keçirməyə vadar edir. Azərbaycan da bu qlobal kontekstdə öz maraqlarını qorumaq və daha etibarlı tərəfdaşlıq modelləri qurmaq üçün xarici siyasətinin coğrafi istiqamətlərini şaxələndirir. Son illərdə isə bu istiqamətlər arasında Şərq və Asiya ön plana çıxmaqdadır.
Azərbaycanın xarici siyasət doktrinası uzun illərdir ki, balanslaşdırılmış və çoxtərəfli əməkdaşlığa əsaslanan bir model üzərində qurulub. Bu yanaşma Azərbaycanın həm Qərb, həm də Şərq ölkələri ilə münasibətlərini paralel şəkildə inkişaf etdirməsinə şərait yaradıb. Lakin postpandemiya dövründə və xüsusilə 2020-ci ildən sonra regionda və dünyada baş verən proseslər, Qərbin riyakar münasibəti, Rusiya-Ukrayna müharibəsi, enerji bazarındakı dəyişikliklər Azərbaycanın xarici siyasətində yeni tərəfdaşlıqlar qurması üçün əsaslı zəmin formalaşdırıb.
Bu gün Asiya təkcə coğrafi baxımdan deyil, həm də geoiqtisadi və geosiyasi baxımdan dünyanın strateji mərkəzinə çevrilməkdədir. Çin, Pakistan, Hindistan, Cənubi Koreya, İndoneziya, Malayziya, Sinqapur kimi ölkələrin sürətli iqtisadi artımı, texnologiya və sənayedə innovativ yanaşmaları Asiya qitəsini qlobal güc mərkəzi statusuna yüksəldib.
Çin Xalq Respublikası 2023-cü ildə təxminən 18 trilyon ABŞ dolları həcmində ümumi daxili məhsul (ÜDM) ilə dünyada ikinci ən böyük iqtisadiyyata sahib olub. Bununla yanaşı, Çin “Kəmər və yol” təşəbbüsü ilə Asiyanı, Avropanı və Afrikanı birləşdirən nəhəng ticarət və infrastruktur şəbəkəsi formalaşdırır. Bu təşəbbüs çərçivəsində Azərbaycan kimi strateji keçid ölkələri xüsusi əhəmiyyət qazanır. Ölkəmizin nəqliyyat və logistika imkanları, - xüsusilə Zəngəzur dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz), - Asiyanın məhsul və resurslarının Avropa bazarına çıxışı üçün əvəzolunmaz körpü rolunu oynayır. Bu baxımdan, Azərbaycan artıq təkcə regionda enerji ixracatçısı yox, həm də qitələrarası nəqliyyat qovşağı kimi tanınır.
Çin və Azərbaycan arasında əlaqələr son illərdə yalnız ticarət sahəsində deyil, eyni zamanda, təhsil, texnologiya və infrastruktur sahələrində də dərinləşməkdədir. Ötən il iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbul olunması iki ölkənin enerji, yaşıl texnologiyalar və nəqliyyat sahələrində əməkdaşlığını daha da genişləndirib. Çin “Kəmər və yol” təşəbbüsündə ölkəmizin rolunu yüksək qiymətləndirir və Azərbaycan vasitəsilə Avropaya çıxışı təmin etmək niyyətindədir. Çin texnologiya, süni intellekt və rəqəmsal transformasiya sahələrində dünya lideridir. Bu sahələrdə əməkdaşlıq Azərbaycanın rəqəmsal iqtisadiyyat strategiyası ilə də üst-üstə düşür.
Asiya ölkələri ilə əməkdaşlıq yalnız ticarət və nəqliyyatla məhdudlaşmır. Rəqəmsal transformasiya, yaşıl enerji, smart kənd təsərrüfatı və texnoloji startaplar sahəsində Asiya dövlətlərinin təcrübəsi, Sinqapurun ağıllı şəhər idarəçiliyi, Cənubi Koreyanın rəqəmsal hökumət modeli və Çinin alternativ enerji texnologiyaları Azərbaycanın milli inkişaf strategiyası ilə üst-üstə düşür. Bu sahələrdə təcrübə mübadiləsi və birgə layihələrin reallaşdırılması ölkəmizin iqtisadiyyatının şaxələndirilməsinə xidmət edir.
Azərbaycanın Şərq və Asiya ilə münasibətlərində nəzərəçarpacaq dərəcədə artan diplomatik fəallıq son illərin xarici siyasət xəttinin bariz göstəricisidir. Bu fəallıq həm ikitərəfli, həm də çoxtərəfli formatda özünü göstərir. Prezident İlham Əliyevin aprelin 22-də Çinə dövlət səfəri bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Çin Azərbaycanın Orta Dəhliz layihəsindəki rolunu yüksək qiymətləndirir və regionda bu əməkdaşlıq yeni enerji və ticarət marşrutlarının formalaşmasına zəmin yaradır.
Aprelin 23-də Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü olub. Gürüşdə ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən BMT, Şanxay Əməkdaşlıq Təşkilatı və digər təsisatlar çərçivəsində əməkdaşlıq məsələlərinə və qarşılıqlı dəstəklərinə toxunuldu. Görüşdə Azərbaycanın və Çinin daim bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədikləri məmnunluqla vurğulandı. Dövlətimizin başçısı “Vahid Çin” siyasətini həmişə dəstəklədiyini və Tayvanda keçirilmiş seçkiləri birmənalı şəkildə pislədiyini qeyd etdi. Azərbaycan və Çinin terrorizm, ekstremizm və separatizmə qarşı birgə səylərlə mübarizəsi qeyd olundu.
Cənab Si Cinpin COP29-un Azərbaycanda uğurla keçirilməsi və Qlobal Cənubun maraqlarının təmsil olunması baxımından Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirdi.
Görüşdə Hökumətlərarası Komissiyanın sonuncu iclasına toxunuldu, humanitar və mədəni sahələrdə əməkdaşlıq məsələləri qeyd olundu. Ticarət dövriyyəmizin son dövrlərdə 20 faizdən çox artması müsbət qiymətləndirildi. Strateji tərəfdaşlığa dair Birgə Bəyanatda qeyd edildiyi kimi, Azərbaycanın Qlobal Təhlükəsizlik, Qlobal İnkişaf və Qlobal Sivilizasiyalar, həmçinin bəşəriyyətin vahid taleyi kimi Çinin təşəbbüslərini dəstəklədiyi bildirildi, bununla bağlı əməkdaşlıq məsələlərinə toxunulub.
Pekində keçirilən görüşdə “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” imzalanıb. Bəyannamənin imzalanması tarixi hadisədir və Azərbaycan-Çin münasibətlərində yeni səhifə açır. Azərbaycan Prezidenti ÇXR-in Sədri Si Cinpin ilə ikitərəfli görüş əsnasında çıxışında qeyd edib ki, qəbul olunan Bəyannamə ÇXR və Azərbaycanı rəsmi strateji tərəfdaşlara çevirir və bu, böyük nailiyyət, böyük məsuliyyətdir. İkitərəfli münasibətlərin dərinləşməsini Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir. Bu gün əminliklə demək olar ki, münasibətlərimiz çox müsbət dinamikaya malikdir.

Altay Əliyev – Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.