AMİ-nin Zaqatala filialında qanundankənar qəbul həyata keçirilir
23-07-2015, 23:19
Orucəli Rzayev dekanla söhbət zamanı nələrdən danışıb?
“O, Rusiya Federasiyasında olan tələbədən rüşvət alıb aylığa buraxaraq kursdan kursa keçirib”
Son zamanlar Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Zaqatala filialında bir sıra neqativ hallar, ciddi nöqsanlar yaşanmaqdadır. Bununla bağlı redaksiyamızı bilgiləndirən məlumatlı şəxsin sözlərinə görə, Orucəli Rzayev adıçəkilən filiala direktor vəzifəsinə təyin olunduğu gündən öncədən mövcud olan problemlərin sırasına yeniləri əlavə olunub.
Beləliklə, AMİ-nin Zaqatala filialının 2000-ci ildə Zaqatala Politexnik Texnikumunun bazasında yaradıldığını, hazırda sözügedən təhsil müəssisəsində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, tarix və coğrafiya müəllimliyi, riyaziyyat və informatika müəllimliyi, ibtidai sinif müəllimliyi, məktəbəqədər təlim və tərbiyə, təhsildə sosial-psixoloji xidmət ixtisasları üzrə kadrların hazırlandığını deyən mənbə iddia edir ki, Orucəli Rzayev işçi kimi qəbul etdiyi şəxsləri bir müddət sonra müxtəlif bəhanələrlə işdən kənarlaşdırır: “Bundan başqa, deyilənlərə görə, Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının direktoru əlinə düşən fürsətdən yararlanaraq institutun daxilində qanundankənar qəbul işlərinin həyata keçirilməsinə rəvac verir. Yəni təhsil almaq istəyən müraciətçilərlə “danışıqlar”dan sonra onlara ali təhsil ocağında tələbə olmaq şansı verilir. Odur ki, bu gün Zaqatala Müəllimlər İnstitutuna qəbul olmaq üçün savadın olub-olmaması o qədər də vacib deyil. Əsas tamam başqa məsələdir ki, Orucəli Rzayev özü bunu çox gözəl bilir. Elə buna görədir ki, test və ya digər qəbul qaydaları kənarda qalır, institutun rəhbərliyi öz qaydaları ilə hərəkət etməyə üstünlük verir”.
Əldə etdiyimiz bilgilərə görə, Orucəli Rzayev 2012-ci ildə AMİ-nin Mingəçevir filialının direktoru vəzifəsində çalışdığı zaman baza institutundan göndərilən yoxlama onun çoxsaylı nöqsanlarını üzə çıxarmışdı. Lakin həmin vaxt o, törətdiyi əməllərə görə cəzalandırılmaq əvəzinə institutun Zaqatala filialına təyinat alıb. Məlumatlı şəxsin bildirdiyinə görə, bu fakt onu deməyə əsas verir ki, Orucəli Rzayev hansısa nüfuzlu şəxsin himayəsindədir: “Əgər belə olmasaydı, o zaman o, institutun Mingəçevir filialında yol verdiyi ciddi nöqsanlara görə cəzalandırılardı. Bu arada, onu da qeyd edim ki, bir neçə gün öncə Müəllimlər İnstitutunun Zaqatala Filialının direktoru ilə dekanı arasındakı imtahan sessiyasında yaşanan biabırçılıqların audioyazısı sosial şəbəkələrdə və bəzi media qurumlarında yayılıb. Lakin nədənsə hələlik bununla bağlı nə Azərbaycan Müəllimlər İnstitutunun, nə də Təhsil Nazirliyinin rəhbərliyindən rəsmi münasibət bildirilib. Həmin audioyazı ilə tanış olduqda aydın olur ki, Orucəli Rzayev dekanla söhbət zamanı bankomat kartlarından, müəllimlərdən, eləcə də tələbələrdən pulların yığılmasından danışır. Maraqlı məqam ondadır ki, bu boyda həngamədən sonra da Orucəli Rzayevə irad tutan olmayıb”.
Bu arada, onu da nəzərinizə çatdıraq ki, Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialında kitabxanaçı işləyən Zoya Süleymanova bu günlərdə kütləvi informasiya vasitələrinə müraciət edərək Orucəli Rzayevin əməlləri ilə bağlı ətraflı məlumat verib. Belə ki, institutda baş verən özbaşınalıqlardan danışan Zoya Süleymanova bildirib ki, aylar öncə AMİ-nin Mingəçevir filialında ixtisar adı ilə işdən azad olma təhdidindən sonra ölkə başçısına video ilə müraciət edib: “Müraciətimdən sonra filialda ixtisar söhbəti dayandı. Lakin institutun Mingəçevir filialının sabiq, Zaqatala filialının indiki direktoru Orucəli Rzayev məni məhkəməyə verib, 500 min manat təzminat qoyub. Haqqını tələb etməyin bədəli 500 mindirmi? Məndən ixtisar adı ilə 4 min manat istəyib, mən isə borc-xərc edib 1000 manat vermişəm. Tək mən yox, filialın bütün əməkdaşları verib. Lakin heç kəs ixtisara düşməyib. İndi ayda 120 manat əməkhaqqı alan bu ayın əvvəlindən ayın sonuna zorla çatdıran adamdan haqsız ikən 500 min manat tələb edir. Şahidlərim məhkəməyə gələrək bildirdilər ki, ixtisara düşməmək üçün pul veriblər. Məhkəməyə daha çox adam gələrdi, lakin hamı işdən azad olmaqdan qorxur”. Zoya Süleymanovanın sözlərinə görə, məhkəmə zamanı onun şahidlərinə təzyiqlər olunub: “Şahidə proses zamanı bildiriş verdilər ki, “sizi də Orucəli müəllim məhkəməyə verib”. Mənim etirazımdan sonra şahid dinlənildi. Audit aktının əslinin gətirilməsi ilə bağlı vəsatət yazmışam. Məhkəmə prosesində katib mənə deyir ki, burda verə bilməzsiniz, vəsatət poçt ilə göndərilməlidir, indi isə gecikmisiniz. Bu hansı qanunvericiliyə sığır? Mən ali təhsilli işçisiyəm, 8 il dəftərxana müdiri işləmişəm. Ərizə yazıb iş materialları və protokollarla tanış olmaq istəyirəm, lakin icazə vermirlər. Qərar vermək üçün vaxt təyin etdilər. Gedəndə katib dedi ki, “qaralama yazmışam, vaxtım yoxdu köçürməyə”. Məhkəmə zalında filialın əməkdaşı, şahidim Sevinc Məmmədova ixtisarla bağlı pul verdiyini və mənim də borc axtardığımın şahidi olduğunu qeyd etdi. Bu halda hakim sual verdi: “Zoya xanım sizin yanınızda pul verib?” Sevinc xanım bildirdi ki, hamı təklikdə verib. Axı kim başqasının yanında rüşvət verər? Mən dəfələrlə tələb etdim ki, Orucəli Rzayevin özü məhkəməyə gəlsin, amma o gəlmədi. Hazırda filialın kitabxanasında işləyirəm. Onlarla ciddi maliyyə pozuntusundan qeyd edib deyirəm ki, Heydər Əliyev Fondu tərəfindən hədiyyə olunan kitabları mənimsəyib, vəsaiti ciblərinə qoyublar. Dəftərxanada aparılan yoxlama zamanı bilindi ki, köhnə möhürün vaxtında təzə, təzənin vaxtında köhnə möhürlü əmrlər var, əmr kitabları dəyişdirilib. Orucəli Rzayev baş mühasiblə əlbir olub işçilərin adına mal-material yazaraq yerinə imza edib, dövlətin pulunu oğurlayıb. Rusiya Federasiyasında olan tələbədən nəysə alıb aylığa buraxaraq kursdan kursa keçirib. Onun təhsilə olan ləkəli əməllərini bütün şəhər bilir”.
Gördüyünüz kimi, bütün bunlar olduqca ciddi ittihamlardır. Lakin nədənsə hələlik Azərbaycan Müəllimlər İnstitutu və Təhsil Nazirliyi sözügedən məsələ ilə bağlı müvafiq açıqlama verməyib. Maraqlıdır, görəsən niyə?..
Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
gundelik-baku.com