Rusiya zərgər dəqiqliyi ilə vurdu: Əsəd hücuma keçir

8-10-2015, 00:55           
Rusiyanın Suriyada başlatdığı əməliyyatlar Yaxın Şərqdə vəziyyəti xeyli dəyişib.

Axar.az xəbər verir ki, Moskva az müddət ərzində Suriyada üstünlüyü hökumət qüvvələrinin əlində cəmləşdirib, rejim qüvvələrinə toplanma imkanı yaradıb. İran, Livan Hizbullahı və müxtəlif ölkələrdən döyüşmək üçün gələn şiə qüvvələri də cəsarətlənib.
Rusiya zərgər dəqiqliyi ilə vurdu: Əsəd hücuma keçir
Türkiyənin “Sabah” qəzetinin məlumatına görə, Tehran Əsədə dəstək vermək üçün minlərlə döyüşçünü Suriyaya göndərib. Diplomatik qaynaqlar Rusiyanın zərgər dəqiqliyi ilə hesablanmış hava hücumları nəticəsində müxalifətin parçalandığını iddia edir.

Əsəd isə artıq quru əməliyyatına başlayıb. Bu çərçivədə Əsəd ağır bombardmandan sonra Həma çölündə yerləşən Əl Qab vadisinə və Xümsdə müxaliflərin nəzarətindəki Rastan və Telbisə mahalları ətrafına xeyli əsgər və tank yığıb.

Latakiya-Həma-İdlib arasında yerləşən Əl Qab vadisi rejimin qalası adlandırılan Aralıq dənizi sahilindəki Latakiyadan 45-50 kilometr məsafədə yerləşir. Əsəd qüvvələri bu vadini tamamilə ələ keçirərsə, Latakiya-Həma-Hələb xəttində kəsilməz əlaqə qurmuş olacaq. Dəməşq bu hücumla müxaliflərin son dərəcə strateji limanlarla əlaqəsini kəsməyə çalışır. Məlumata görə, Əl Qabdan sonra İdlib müxaliflərdən azad olunacaq.

Ankara Siyasət Mərkəzinin direktoru Həsən Qanpolad qlobal güclərin Suriyada toqquşduğu üçün yaxın zamanlarda müharibənin bitməyəcəyini, proseslərin isə Suriyanın parçalanmasına doğru getdiyini deyib:

“Əsəd Həma, Xüms, Latakiya, Hələb, İdlib, Kuneytra və Derave şəhərlərinin daxil olduğu bir dövlət yaratmaq istəyir. Bu yolla rejim Rusiya və İranın dəstəyi ilə son bir həmlə edib özünə ərazi qazanmağa çalışsa da, ölkənin parçalanması qaçılmazdır. Rusiya reaktivlərinin ilk əməliyyatda ABŞ-ın əlaqə və koordinasiya mərkəzini vurması Suriya üzərindəki qlobal toqquşmanın şiddətlənəcəyindən xəbər verir. Suriyada gözlənilən parçalanma Rusiya bombardmanları ilə başladı. Bu son döyüş Suriyadakı qrupların sərhədlərini təyin edəcək. Əsəd Rusiya və İranın dəstəyi ilə mərkəzi Latakiya olan Nusayri dövlətinin sərhədlərini çəkir”.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.