Ukraynalı pilot Nadia Savchenko-nun bacısı məhkəmədə ifadə vermək üçün sərhəddən buraxılmayıb.
Vira bu həftə məhkəmədən bacısının müdafiəsi üçün çıxış etməliydi. Nadia iki rusiyalı jurnalistin qətlilə əlaqədar ittiham olunur və ona 20 il həbs cəzası kəsilə bilər.
Vira Savchenko oktyabrın 13-də facebook-da yazıb ki, sərhəddə ona 2020-ci ilədək Rusiyaya daxil olmasına qadağa qoyulduğunu söyləyiblər.
Qadağanı Rusiyanın federal Təhlükəsizlik Xidməti qoyub. Ancaq qurumun sözçüsü açıqlama verməyib.
34 yaşlı pilot Ukraynanın şərqində iki jurnalistin qətlinə yardım etməsinə dair ittihamları qəbul eləmir. Beynəlxalq insan haqları qurumları da bu məhkəmə prosesini pisləyir.