Erməninin futbolçumuzu öldürməsi Rusiyanı qarışdırdı, qubernator müdaxilə etdi

22-04-2015, 21:36           
Erməninin futbolçumuzu öldürməsi Rusiyanı qarışdırdı, qubernator müdaxilə etdi
Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı futbolçu, “Neftçi”nin keçmiş yarımmüdafiəçisi Emil Hüseynovun erməni idmançı, əlbəyaxa döyüş üstası Tiqran Çiçəkyan tərəfindən qətlə yetirilməsi ətrafında gərginlik qalır.

Virtualaz.org saytı xəbər verir ki, Tiqran Çiçəkyanın barəsində artıq həbs-qətimkan tədbiri seçilib. O, istintaqa ifadəsində azərbaycanlı futbolçunu qətlə yetirdiyini tam etiraf edib və günahı üzərinə götürüb.

Yekaterinburq saytları yazır ki, bu şəhərdəki erməni diasporu Tiqrana güclü vəkillər tutmaq üçün pul toplayır. Habelə erməni diasporunun nümayəndələri Tiqranın davada yaralanan qardaşı üçün də pul yığırlar. Ermənilər iddia edir ki, o, davada ağır yaralanıb, alın sümüyü deşilib və təcili əməliyyat olunmalıdır.

Erməni diasporu davaya görə məsuliyyəti azərbaycanlıların üzərinə ata bilmək üçün bütün imkanlarını səfərbər edib. Onların arqumentinə görə, Tiqran özünü müdafiə edib və bu səbəbdən bıçağa əl atıb.

Lakin azərbaycanlıların kafedə dostlarından birinin ad gününü qeyd etdiyi gecə saatlarında Tiqranın daxil olduğu 5 nəfərlik qrupun kafeyə soxulub əylənənləri təhqir etdiyini şahidlərdən çoxu təsdiq edir.

Hələlik hüquq-mühafizə orqanları da qətlin milli zəmində baş verdiyini yaxına buraxmaq istəmirlər. Hakimiyyət orqanları bu qətlə görə Yekaterinburqdakı çoxsaylı azərbaycanlı diasporunun hiddətləndiyini və ermənilərdən qisas ala biləcəyini nəzərə alır.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Emil Hüseynovun qətlinə səbəb olan davada iştirak etmiş digər ermənilər azadlıqdadır, onlar saxlanılsa da tezliklə buraxılıblar. Hadisə ilə bağlı qaldırılmış cinayət işində təkcə Tiqran Çiçəkyanın adı keçir.

Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinski vesti.az-a bildirib ki, məsələyə Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev qarışıb və onun göstərişi ilə qubernatorun administrasiyasının rəhbəri Sergey Porostoranin erməni və Azərbaycan diasporunun nümayəndələrini qəbul edib. Görüşdə hüquq-mühafizə orqanlarının nümayəndələri də iştirak ediblər.

“Bizə bildirdilər ki, iş qubernatorun şəxsi nəzarətindədir. Bütün güc strukturlarına operativ qaydada bütün günahkarların tapılıb məsuliyyətə cəlb edilməsi göstərişi verilib. Əmin etilər ki, günahkarlara heç bir aman olmayacaq, onlar qanunun bütün ciddiyyəti ilə cavab verəcəklər”- deyə diaspor rəhbəri bildirib.

Şahin Şıxlinskinin sözlərinə görə, erməni diasporu da günahkarların tezliklə məsuliyyətə cəlb olunmasında maraqlıdır.

URA.RU portalı yazır ki, erməni diasporu aprelin 24-də Yekaterinburqda “soyqırımı” yürüşünü təxirə salıb. Yürüş erməni kilsəsindən start götürməli idi və meriya ilə razılaşdırılmışdı. Erməni diasporu yürüş zamanı azərbaycanlılarla qarşıdurma yarana biləcəyindən ehtiyat edərək aksiyanı təxirə salıblar.

Şahin Şıxlinski də ermənilərin “soyqırımı” yürüşünü təxirə saldığı haqda eşitdiyini deyib. O, azərbaycanlıları təxribatlara uymamağa çağırıb.

Ermənilər isə sosial şəbəkələr üzərindən birləşmək çağırışları edirlər.

“Ermənilər, birləşin! Azərbaycanlılar bizə böhtan atıblar. Tiqranı şəxsən tanıyıram. Münaqişə baş verib və Tiqran özünü müdafiə edib” - çağırışların birində belə deyilir.

Digər məlumata görə, Ermənistan vətəndaşı tərəfindən azərbaycanlının qətlə yetirməsindən sonra Yekaterinburqun dövlət orqanları və Azərbaycanın Yekaterinburqdakı Baş Konsulluğu diplomatik missiyanın təhlükəsizliyinin təmin olunması ilə bağlı tədbirlər həyata keçirir. Baş Konsulluq öz ərazisində polis mühafizəsinin gücləndirilməsini xahiş edib və binaya bitişik dayanacaqdan avtomobillərin götürülməsini tələb edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.